14 may 2020 10:41
1534

Dünya ölkələrinin maraqlı qadağa növləri

Planetimizin müxtəlif yerlərində mövcud olan bəzi qeyri-adi qadağalara nəzər salaq

Maya satışına qoyulan qadağa

Son məlumatlara görə, Papua Yeni Qvineyada bir polis rəisi alkoqolla bağlı cinayətlərin önlənməsi üçün maya satışının qadağanını tələb edib. Bu ölkədə maya həm də “cəngəllik şirəsi” kimi tanınan əldəqayırma spirtli içkinin hazırlanmasında əsas komponentlərdən biri sayılır. “Post Courier” internet saytı yazır ki, polis bu içki ilə cinayətkarlığın artması arasında əlaqə görür. Şimal Əyaləti polisinin başçısı Lincoln Gerari Ticarət Palatasına müraciət edərək mayanın supermarket və başqa mağazalarda satışının qadağan olunmasına çağırıb.

Narkotik maddələr qadağası

Çində mətbuata nəzarət edən qurum ötən il bəyan etmişdi ki, narkotiklərdən istifadə edən məşhurları dövlət telekanallarına və başqa mediaya buraxmayacaqlar. “China Daily” qəzeti yazır ki, qadağadan məqsəd medianın sağlamlığını qorumaqdır. Mətbuat, Nəşriyyat, Radio, Kino və Televiziya Dövlət Administrasiyası bildirib ki, “belə ulduzlar” ölkə gəncliyi üçün pis nümunədir. Məşhur Jackie Chanın oğlu da daxil, bir sıra məşhurlar ötən il narkotik maddə ittihamı ilə həbs edilmişdilər.

Dikdaban qadağası

2015-ci ildə Kann Kino Festivalı yastı dabanlı ayaqqabı geyinmiş qadınların Qırmızı xalça üzərindən keçməsinin qadağan olunmasına dair iddialara görə tənqid atəşinə tutulmuşdu. Bəziləri yaşlı və hətta xəstə olan qadınların, Cate Blanchetin “Carol” filminin dünya premyerasına buraxılmadıqları xəbər verilmişdi. “Screen Daily” qəzeti yazırdı ki, festival Qırmızı xalça üzərindən keçid çəkilişi zamanı qadınların dikdaban ayaqqabı geyinməsinin icbari olduğunu təsdiq edib. Lakin festivalın direktoru “şayiələrin” əsassız olduğunu bəyan etmişdi.

Poliester gecə geyimlərin qadağası

Ötən il Rusiya, Belarus və Qazaxıstanda qəbul olunmuş yeni ticarət qaydalarına görə, sintetik materialdan olan gecə geyimləri qadağan edilib. Qazaxıstanda bir qadın güpürlü alt paltarlarını geyinmək hüququnun pozulmasına etiraz aksiyası keçirərkən həbs edilmişdi. Sözügedən üç ölkədə qüvvədə olan bu qayda tərkibində 6 faizdən az pambıq lifi olan alt paltarlarının idxalına, istehsalına və satışına qadağa qoyur. Qadınlar əlbəttə, belə paltarları xarici səfərlərə gedərkən ala bilərlər.

Ağ Evdə foto çəkmək qadağası

Uzun illər boyu Ağ Evdə şəkil çəkdirmə qadağası tətbiq edilmişdi. Ağ Ev burada fotoşəkil çəkməyə qoyulmuş onillik qadağanı qaldırandan sonra, indi istəyənlər ABŞ prezidentinin evində selfie və ya foto çəkə bilərlər. Əslində bu qadağanın qaldırılması xəbəri də elə sosial media ilə bildirilib. İndi Vaşinqtonun bu görməli yerinə ekskursiya qrupu şəklində gələnlər şəkil çəkmək üçün smartfonlardan və kiçik fotoaparatlardan istifadə edə bilərlər.

Qara maşınların qadağası

Türkmənistanda qara avtomobillərin alınması qadağan edilib. Bəzi xəbərlərə görə, gömrük rəsmiləri bu ilin əvvəllərindən ölkəyə qara avtomobillərin idxalını qadağan ediblər. Rəsmilər səbəb göstərməsələr də adamlara ağ maşın almağı tövsiyə edirlər. Onlar deyirlər ki, ağ maşın adamı ağ günə çıxarar. Rusiyanın RİA Novosti xəbər agentliyi bildirir ki, prezident Qurbanqulu Berdıməhəmmədov ictimai və dövlət tədbirlərinə təzəlikcə özünün ağ maşın karvanı ilə gedir. Nazirlər, idarə başçıları və hətta media rəhbərləri də prezidentdən nümunə götürməyə başlayıblar.

Jarqon qadağası

Bir neçə il öncə Qana millət vəkilləri iclasın pozulmasına səbəb olmuş məşhur bir jarqon sözün parlamentdə işlədilməsini qadağan ediblər. Modern Gana internet portalının xəbərinə görə, Qanada danışılan Akan dilində narazılıq bildirən “tweaa” sözü parlament debatlarında o qədər tez-tez işlədilirdi ki, axırda spiker Edward Doe Adjaho bu sözdən iclaslarda istifadə olunmasını qadağan edib. Lakin bəzi insanlar deyirlər ki, bu qadağan prezident John Mahamanın parlamentdə çıxış edəcəyi günə təsadüf edib.

Mars şokoladının qadağası

2004-cü ilin yay aylarında qızartma kartof satan qəlyanaltı kafelərindən birinə qızardılmış Mars şokoladının bu kafedə icad edildiyini göstərən plakatı endirmək göstərişi verilib. Şotlandiyanın Stounhevn şəhərindəki “The Carron Fish Bar” kafesinə bu reseptlə hazırlanan qəlyanaltıdan dadmaq üçün dünyanın müxtəlif yerlərindən turistlər gəlir. Aberdinşir mahalındakı bu yeməkxana bu qəlyanaltı növünün öz işçiləri tərəfindən icad edildiyini iddia edən plakatı iftixarla qapısının üstündən asıb. Lakin Aberdinşir bələdiyyəsi bildirib ki, bu plakat oradan çıxarılmalıdır. Bələdiyyənin fikrincə, yaxşıca qızardılmış Mars şokoladı şotland mətbəxi üçün pis reklam olub. 2004-cü ilədək bu qəlyanaltının reputasiyası Atlantik okeanının o tayına çatmış və ABŞ-da məşhur Jay Leno Show televiziya proqramında yad edilmişdi.

Samirə Tağıyeva, “İki sahil”