10 dekabr 2019 20:12
1870

Dünya plastik qablardan imtina edir

İnternetdə plastik butulkaların insanlara və ümumilikdə ətraf aləmə “qorxunc” təsirləri barədə çox söz-söhbət dolaşır. Nəyi içməliyik, hansı qablaşdırmadan uzaq durmalıyıq? Aşağıdakı məqalədə butulkalardakı suların xüsusiyyətlərindən söz açacağıq.

Qida üçün ilk plastik qablar müharibədən sonra - 1947-ci ildə peyda oldu. Lakin o zaman baha başa gəlməsinə və aşağı keyfiyyətinə görə çox az istifadə olunurdu. Həmin vaxtlar şüşə qablardan istifadə üstünlük təşkil edirdi.

Əllinci illərdə yarım əsr ərzində tanınan və xüsusi sənayedə, məsələn, kabel izolyasiyası üçün istifadə olunan polietilen yeni istifadə sferası qazandı.

İlk dəfə plastik qabların populyarlaşmasına “Phillips Petroleum” şirkətinin kimyaçıları nail oldular. 1960-cı illərdə onların hazırladığı polietilen müxtəlif məhsulların qablaşdırılmasında geniş istifadə olunurdu.

Lakin 1973-cü ildə “DuPont” şirkətinin mühəndisi “Nataniel Uayet polietilenterefatalat (PET) maddəsindən plastic butulka istehsalına başlamaqla şüşə qabların bazarına birdəfəlik zərbəni vurmuş oldu. Çünki həmin maddə ucuz, yüngül və təkrar emal üçün münasib idi. Beləcə, plastik qablaşdırma bazarı ələ keçirdi. Hazırda gördüyünüz bütün plastik qablar həmin patentə aiddir.

Ümumilikdə dünyada ildə 300 milyondan artıq plastik qab hazırlanır və təbiəti qorumaqla əlaqəli bütün tədbirlərə baxmayaraq, bu rəqəm artmaqda davam edir. Orta hesabla plastik qabların 20-25 %-i təkrar istehsala göndərilir, qalanları isə atılır.

Plastik qablardan su içmək təhlükəlidirmi?

Planetimizdə nə qədər çox zibil olarsa, yaşadığımız mühitin, aldığımız havanın, içdiyimiz suyun zərəri bir o qədər artar. Bunu ümumi problem sayaq. İnsanları daha çox öz sağlamlıqları maraqlandırır, Sakit okeandakı ekoloji vəziyyət onları narahat etmir. İnsanları narahat edən suallar bunlardır: Plastik butulkada su alarkən orqanizmimizə hansı zərərli maddələr daxil olur? Onlar insanı zəhərləyirlərmi? Xərçəngə səbəb olurmu?

Əslində isə burada narahat olmalı heç nə yoxdur. Su ilə təmas zamanı plastikanın mayeyə kanserogen maddələr buraxması haqqında fərziyyələrin heç biri öz təsdiqini tapmayıb.

Lakin bu araşdırmaları aparan ABŞ-ın Qida və Dərman Administrasiyası 2010-cu ildə bu qabların tərkibindəki bisfenol A (C15H16O2) maddəsinin məhsula keçərək, orqanizmdə ciddi fəsadlara yol aça bildiyini, hormonal funksiyaya və vəzlərin fəaliyyətinə ciddi zərər vurduğunu açıqladı. Xüsusilə, uşaqların qidalandırılmasında plastik qablardan istifadə edilməməlidir. Bu açıqlamadan dərhal sonra Yaponiya, Kanada və bir sıra digər ölkələr bisfenol A maddəsindən imtina etdilər.

Plastmasdan olan, hətta qida ilə bir bağlılığı olmayan əşyaların üzərində “BPA Free” (BPA maddəsi yoxdur) yazısını görə bilərik.

Bu yöndə aparılan bütün tədqiqatların nəticəsi onu göstərir ki, suyu və qidanı plastik qabda saxlamaq olar, lakin hər bir plastmas qabın öz istifadə müddəti var və buna əməl olunmalıdır. Bundan əlavə, belə qablaşdırmada olan suyun və ərzaqın temperaturunun 60 dərəcəni ötməməsinə nəzarət edilməlidir.

Mübahisəli olsa da, hesab edək ki, plastik qablardan istifadənin orqanizmimizə birbaşa ziyanı yoxdur, ancaq unutmayaq ki, birdəfəlik stəkandan və ya butulkadan suyu içib atmaqla ətraf aləmə, heyvanlara və bitkilərə ziyan vururuq və nəticədə həmin heyvan və bitkilərlə qidalanaraq, bilavasitə özümüzü zəhərləmiş oluruq.

Bəs zavoda təkrar emal üçün aparılmayan plastmas zibillər hara gedir?

Uzun illər okeanlarda və atmosferdə aparılan tədqiqatlar nəticəsində bütün okean zibilinin bir axın şəklində toplaşdığı nöqtələr olduğu üzə çıxdı. 1980-ci illərin sonlarında Sakit okeanda belə “zibil ləkəsi” aşkar olundu. Şimali Atlantik zonada, Sarqas dənizində anoloji zona tapıldı. Suda xırdalanmış plastik hissələr açıq-aydın sezilirdi. 2010-cu ildə oxşar, lakin sahəsi daha böyük “zibil ləkəsi”nin Hind okeanında da olduğu üzə çıxdı. Qumla qarışmış plastik toz hazırda dünyanın demək olar ki, bütün çimərliklərində mövcuddur.

Okeanlardakı “zibil ləkələri” ona görə qorxuludur ki, orada su heyvanları praktiki olaraq, qidalana bilmirlər, suyun üzərində uçan quşlar balıq ovlaya bilmirlər. Ora “ölü” zona sayıla bilər.

Hazırda okeanların üzündə ümumilikdə 270 milyon ton plastik zibilin üzdüyü hesablanıb.

Hesablamalara görə, polietilenin torpaqda çürüyərək yox olması üçün 800 il, suda məhv olması üçün 400 il vaxt lazımdır.

Ətraf mühitin çirklənməsi ilə müxtəlif cür mübarizə aparılır. Ən təsiredici üsullardan biri də suyun qablaşdırılmasına qadağanın qoyulmasıdır. İlk belə qadağa 2009-cu ildə Avstraliyanın kiçik şəhərlərindən biri olan Bandenunda tətbiq edilib. Cəmi 2500 nəfər əhalisi və 6 mağazası olan həmin şəhərdə butulkada su satışının qadağan edilməsi heç bir problem yaratmamışdı.

Sonradan ABŞ-ın Massaçusets ştatının Korkord şəhərində belə qadağa tətbiq olundu. 2016-cı ildə isə dünya üzrə 82 məktəb və universitetin kampusunda butulkada su istifadəsi qadağan edildi.

Avropa və ABŞ-da insanların çoxu könüllü olaraq, butulkadan imtina edirlər, onlar özləri ilə çox istifadə oluna bilən butulka gətirərək filtr olunmuş su almağı üstün tuturlar.

İnsanların son illər bu kimi təqdirəlayiq hərəkətlərini bir sıra faktorlarla əlaqələndirmək olar. Birincisi, insanlar artıq öz sağlamlıqlarına daha çox önəm verməyə başlayıblar. İkincisi, televiziya ekranlarında ekoloji fəlakətlə bağlı tez-tez süjetlər göstərilir və üçüncüsü, filtr olunmuş suyu almaq və ya evinə filtr aparatı almaq iqtisadi cəhətdən qablaşdırılmış sulardan istifadə etməkdən daha sərfəlidir.

PET, polietilentereftalat. İçki butulkalarının hazırlanmasında istifadə edilən maddə. Təhlükəsizdir, toksiki deyil və təkrar emala yararlıdır.

HDPE, yüksək sıxlıqlı polietilen. Yeməli olmayan məhsulların- təmizlik vasitələrinin, motor yağlarının, zibil paketlərinin istifadəsində geniş istifadə edilir. Qida üçün istifadə olunmadığına görə, orqanizm üçün zərərli deyil. 70 dərəcəyədək istiliyə davamlıdır.

PVC, polivinilxlorid. Yeməli olmayan məhsulların qablaşdırılması üçün istifadə edilir, borular hazırlanır. Yanma və isinmə zamanı çox zəhərli olur.

LDPE, aşağı sıxlıqlı polietilen. Məhsullar üçün möhkəm konteynerlərin, çanta və paketlərin hazırlanmasında istifadə edilir. Qida məhsulları ilə reaksiyaya girən zərərli maddələrə malik deyil. Təkrar istehsala yararlıdır.

PP, polipropilen. Çox istifadə üçün nəzərdə tutulan plastik qabların hazırlanmasında istifadə olunan material. Tamamilə zərərsizdir, uşaq qidalarının saxlanılmasında istifadə edilə bilər. Temperatura davamlıdır.

PS, polistirol. Birdəfəlik istifadə üçün olan stəkan və qablar hazırlanır. Yüksək istilikdə toksik maddələr ayrılır ki, bu səbəbdən də dünyada qida sektorunda istifadəsinə tədricən qadağalar tətbiq edilir.

Bu qruplardan heç birinə aid olmayan digər plastmaslar. Bura qadjetlərin, smartfonların, televizorların bir sözlə möhkəm plastmasdan olan hər şeyin hazırlanması daxildir. Bəzən böyük, 19 litrlik su balonlarının qablaşdırılmasında da bu işarəyə rst gəlmək olar. Qabın dəqiqliklə hansı maddədən hazırlandığını, tərkibində bisfenol A olub-olmadığını bilmədiyiniz üçün uzaq durmalısınız.

Nubar Süleymanova, “İki sahil”