23 iyun 2020 15:28
263

Dünyada koronavirusdan ölənlərin sayı 475 minə yaxınlaşır

Son sutka ərzində dünyada koronavirus infeksiyasından ölənlərin sayı 3 min 880 nəfər artıb. Həm yoluxma, həm də ölüm hallarında bir gün əvvələ nisbətən artım qeydə alınıb. “İki sahil” pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, ötən gün COVID-19 xəstəliyinə 138 min 975 nəfər yoluxub. İyunun 21-də isə koronavirusa yoluxanların sayı 130 min 716 nəfər, ölənlərin sayı isə 3 min 338 nəfər olub. Saytın Bakı vaxtı ilə bu gün saat 12:00-a olan məlumatına əsasən, dünyada koronavirusa yoluxanların sayı 9 milyon 202 min 386 nəfərə, infeksiya səbəbindən ölənlərin sayı isə 474 min 662 nəfərə çatıb. Eyni zamanda, 4 milyon 953 min 780 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 3 milyon 773 min 944 xəstədən 57 min 913-nün vəziyyəti ağır qiymətləndirilir.

ABŞ-da koronavirusa yoluxanların sayı 2 milyon 388 min nəfəri keçib. Bu göstəriciyə görə sonrakı yerlərdə Braziliya (1 milyon 111 min 348), Rusiya (592 min 280), Hindistan (441 min 70), Böyük Britaniya (305 min 289) və İspaniya (293 min 584) gəlir. Birləşmiş Ştatlar COVID-19 xəstəliyindən ölənlərin sayına görə də liderdir – 122 min 611 nəfər. İlk beşliyə daxil olan Braziliyada 51 min 407, Birləşmiş Krallıqda 42 min 647, İtaliyada 34 min 657, Fransada isə 29 min 663 nəfər koronavirus səbəbindən həyatını itirib.