07 aprel 2020 17:03
3489

Dünyanın 7 Yeni Möcüzəsi - FOTO

Artemis məbədi, Misir piramidaları, Rodos abidəsi və digərləri illərdir dünyanın Yeddi Möcüzəsi kimi tanınır. Ancaq son illərdə internetdə səsvermə yolu ilə Dünyanın 7 Yeni Möcüzəsi müəyyən edilib. “İki sahil” Latın Amerikasından Asiyaya qədər uzanan coğrafiyada Dünyanın Yeni Yeddi Möcüzəsini təqdim edir:

Çiçen İtsa - Meksika

Aztec sivilizasiyasının ən möhtəşəm nümunələrini görə biləcəyiniz Meksika bu baxımdan böyük əhəmiyyətə malikdir. Burada yerləşən Çiçen İtsa piramidası UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilib. Eramızın VII əsrdə qurulan piramida dini ayinlərin də keçirildiyi bir yer idi.

Böyük Çin Səddi - Çin

Dünyanın kosmosdan görünə bilən yeganə quruluşu olaraq bilinən Böyük Çin Səddi çinlilərin Hun basqınlarına qarşı inşa etdiyi 21 min kilometr uzunluğunda divardır.

Kolizey - İtaliya

Qladiatorların vuruşduğu və minlərlə tamaşaçının mübarizəni coşğu ilə izlədiyi kolizey Roma tarixində əhəmiyyətli bir yerə sahibdir. Bu qədim bina UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilib.

İsa Məsih heykəli - Braziliya

Dünyaca məşhur Braziliya şəhəri olan Rio-de-Janeyroda yerləşən İsa Məsih heykəlinin hündürlüyü 28 metrdir. 5 ilə tikilən və 1931-ci ildə açılan heykəl şəhərin ən vacib simvoludur.

Maçu Pikçu - Peru

20-ci əsrin əvvəllərinə qədər mövcudluğu məlum olmayan Andların başındakı bu qədim şəhər İnk sivilizasiyasının ən vacib yaşayış məskənlərindən biridir. Bəzən "inklərin itirilmiş şəhəri" də adlandırılır. Qədim şəhərçik yer üzündən silinmiş qədim inklərin rəmzi hesab olunur. Dəniz səviyyəsindən 2,430 metr yüksəklikdə yerləşir. Şəhər mərkəzi And platosundan başlayaraq Amazon meşələrinin Urubamba çayına qədər uzanmaqdadır.

Petra - İordaniya

Orta Şərqin ən möhtəşəm qədim şəhərlərindən biri olan Petra İordaniyanın simvollarından biridir. Nəbatilər dövlətinin paytaxtı Petra olub. Yunan mənşəli olan bu sözün mənası "daş" deməkdir. Nəbatilər öz evlərini dağın qoynunu oyaraq düzəltdiklərinə görə ora belə adlandırılmışdır. Deyilənə görə ərəbcə o məhəllənin adı "hisni səl’", yəni "qaya divar" olub. Onların evlərinin qalıqları hələ də Musa vadisində Harun dağının yüksəkliklərində (İordaniya ərazisindədir) qalmaqdadır.

Tac Mahal - Hindistan

Hindistanın Agra şəhərində Cahan şah tərəfindən həyat yoldaşı Mümtaz Mahal üçün inşa edilən bu məqbərə bu gün sevgi rəmzi olaraq qəbul edilir. Tac Mahalın tikintisinə 1631-ci ildə başlanılıb və 1650-ci ildə başa çatdırılıb. Sənət əsəri kimi ayrıca bir xəzinə olan Tac Mahalın divarları həqiqi xəzinə daş-qaşlarıyla örtülüdür. Yüz minlərcə əqiq, sədəf, firuzə qoyulmuş divarlarında 42 zümrüd, 142 yaqut, 625 brilyant, 50 çox böyük inci vardır.