30 yanvar 2019 18:59
275

Dünyanın ən yaxşı 500 universiteti – “UNEC-100”

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ali təhsil müəssisələrinin beynəlxalq reytinq cədvəllərində öz mövqeyini yüksəltmək istiqamətində məqsədyönlü addımlar atır.

UNEC-dən bildirilib ki, “Webometrics” reytinqinin 2019-cu ilin yanvar ayında açıqlanan siyahısında ali məktəb “Akademik istinadlarına görə ən yaxşı universitetlər” (Transparent Ranking: Top Universities by Google Scholar Citations) meyarı üzrə ölkənin lider universiteti statusunu qazanıb.

Xatırladaq ki, universitet 2015-2016-cı illərdə dünyanın ali təhsil müəssisələrinin ən nüfuzlu reytinqlərindən olan “The Ranking Web” (“Webometrics”) siyahısına görə, Azərbaycan universitetləri arasında iki il ardıcıl olaraq liderliyini qoruyub. “Webometrics” göstəricilərinə əsasən, UNEC ən böyük çəki əmsalına malik təsir (Impact) və yüksək keyfiyyət (Excellence) meyarları üzrə Azərbaycan ali təhsil müəssisələri arasında yeganə universitet olub.

UNEC Böyük Britaniyanın QS agentliyinin inkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya regionu üzrə reytinq cədvəlində 2016-2017-ci illərdə regionun 4-cü ən yaxşı iqtisadyönümlü universiteti seçilib. 2017-2018-ci illərdə daha bir uğura imza atan UNEC dünya universitetlərinin veb-populyarlığını müəyyən edən “uniRank” reytinqində ölkə birincisi olub. Reytinq qiymətləndirməsinə əsasən, UNEC internet resursları üzrə ölkənin ən yaxşı və ən populyar ali məktəbi seçilib.

UNEC nüfuzlu elmi jurnallarda nəşrlərinin sayının ilbəil artmasına və dünya elm məkanına uğurla inteqrasiya etdiyinə görə “Clarivate Analytics” şirkəti tərəfindən “Web Science” üzrə ən mütərəqqi universitet seçilərək, “Web of Science Awards–2018” və “Most progressive universities in Web of Science for the last 3 years” mükafatlarını qazanıb.

Dayanıqlı inkişaf naminə ekoloji tarazlığın qorunması istiqamətində uğurla addımlayan UNEC dünyanın “Ekoloji cəhətdən ən təmiz” (UI Green Metric World University) universitetlərinin illik reytinq cədvəlində 2017 və 2018-ci illər üzrə ardıcıl olaraq “Yaşıl universitet” statusunu əldə edib.

QS agentliyinin inkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya regionu üzrə 2018-ci ilin iyun və 2019-cu ilin yanvar ayının reytinq sıralamasında UNEC “işəgötürənlərin reputasiyası” meyarına görə Azərbaycanın ən yaxşı universiteti olub.

UNEC-in yüksək beynəlxalq reytinqli universitetə çevrilmək istiqamətində strateji məqsəd, hədəf və fəaliyyətləri “UNEC-100” İnkişaf Strategiyasında da müəyyən olunub. UNEC nüfuzlu reytinq təşkilatları ilə əməkdaşlığı daha da artırmaqla və reytinq təşkilatlarının tələblərini universitet menecmentinin bütün pillələrində daim nəzərə almaqla 90 yaşında dünyanın ən yaxşı 1000, 100 yaşında isə ən yaxşı 500 universiteti olmağı hədəfləyib.