18 may 2020 10:43
821

Dünyanın qeyri-adi cavanlaşma üsulları

Yaşlanma orqanizmdə baş verən ən təbii prosesdir və o tamamilə qaçılmazdır. Əbədi cavanlığın sirri çoxdan dünyanın bütün ölkələrinin qadınlarını həyəcanlandırır. Qədim sivilizasiyaların vaxtlarından bəri   ən müdrük insanlar üzün dərisinin cavanlaşmasının təsirli üsullarını axtarırdılar və bu axtarışlar bizim zamanda da heç durmaq bilmir. Sadəcə, indi yaşadığımız dövrdə bir çox yeni texnologiyalar var və dərinin cavanlaşması üçün müxtəlif metodlar tətbiq olunur. İllər boyu tətbiq olunan ən qeyri-adi cavanlaşma metodlarını təqdim edirik.

Gotu kola - sehrli ot

Gotu kola otu qədim dövrlərdən bəri istifadə olunan cavanlaşma üsullarından biridir. Hindistanda yaşayan insanlar bu otun müalicəvi gücünə çox inanırdılar. Yerli həkimlərin  sözlərinə görə, bu sehrli ot  insanın ruhunu təmizləyərək ona daxili rahatlıq gətirir və həmçinin fikirlərini aydınlaşdıraraq, yaddaşına belə müsbət təsir edirdi. Məşhur Ayurverda təbabətində Gotu kola otu yaşlanma əleyhinə istifadə olunan güclü antioksidant vasitəsi kimi tanınır. Hindistanda bu bitki ilə tez-tez  fillər qidalanır və əksəriyyətimiz bu heyvanların çox yaşadığını bilirik. İnsanlar bunun  təsadüf olmadığını düşünürdülər. Hindistanda məşhur olan bir rəvayətə görə, yalnız bu otla qidalanan bir kişi 250 yaşına qədər sağlam yaşamışdı.

Uzun illər aparılan araşdırmalar göstərir ki, bu otun tərkibində sinir sisteminə müsbət təsir göstərən bir çox vitaminlər mövcuddur (magnezium, steroidlər, fosfor, efir yağları, bioflovoidlər). Sehrli bitki, həmçinin müxtəlif yaraların müalicəsində çox effektivdir. Beyin fəalliyyətini artıran bu müalicəvi ot, həmçinin immunostimulyasiya edən və antioksidant xüsusiyyətlərə malikdir.

Qızıldan qocalma əleyhinə maska

Qədim zamanlardan bəri insanlar qızılın möcüzəvi xüsusiyyətlərinə inanırdılar. Elmi araşdırmalar qızıl haqqında söylənilən bir çox faktları təsdiq edir. ABŞ-ın Florida ştatının Palm-Beachdə yerləşən “Mar-a-Lago” klinikası ziyarətçilərinə bədənlərini 24 karatlı qızılla örtməyi təklif edir. Gözəllik klinikasında işləyən mütəxəssislər iddia edirlər ki, qızıl dərinin qocalmasının qarşısını alaraq, bədəninizdə sellülitdən azad edir.

Bukkal-üz masajı (Buccal facial)

Bukkal ağızın içərisindən edilən intensiv bir üz masajı prosedurudur. Masaj ustası əlini pasiyentin ağzına salaraq, üz əzələlərini masaj edir. Deyilənlərə görə, bu prosedur qan dövranını yaxşılaşdırır və dəriyə oksigenin daxil olmasını gücləndirir. Kosmetoloqlar hesab edirlər ki, bu masaj növü insanın dərisini daha hamar və elastik edir. Bu masaj növü hal-hazırda Böyük Britaniyada çox məşhurdur. Lakin bütün dünyada populyarlıq qazanmamışdır. Deyilənlərə görə, məşhur aktrisalar  Ancelina Coli, Keyt Moss və Skarlet Cohanson bu prosedurdan tez-tez istifadə edirlər.

Vampir proseduru

Qorxu filmlərində vampirlər əbədi yaşamaq üçün insan qanı ilə qidalanırlar. Bəzi elm adamlarının araşdırmalarına görə, insan qanı  dərinin bərpaedici xüsusiyyətinə malikdir. Bu kosmetik prosedur ABŞ-da çox məşhurdur. Pasiyentlərdən götürülən qan bir neçə növ mikroelementlərlə qarışdırılaraq üzə tətbiq olunur. Kosmetoloqların sözlərinə görə, bu prosedur dərinin  hamar və parıltılı qalmasına kömək olur. Məşhur plastik cərrah doktor Sam Lamın sözlərinə görə, hal-hazırda bütün dünyada istifadə olunan ən zərərsiz və kimyəvi qatqısı olmayan təbii prosedurlardan biri məhz vampir prosedurudur. Bəzi insanlar hələ də bu proseduru sınamaqdan çəkinirlər.

Qədim şillələmə masajı

Tailanddan gəlmə bu təbii üsul bir prosedurdan sonra cavanlığı üzə qaytarır. Şillələmə masajının texnikası lazımlı sahələr üzrə şillənin və yüngül zərbələrin çəkilməsindən ibarətdir. Bu qədim ənənəvi üsul üzün dərisini cərrahi müdaxilə olmadan daha elastik edir və məsamələri dolduraraq  qırışları azaldır. San Fransisko (Amerika) şəhərində yerləşən gözəllik salonlarından birində belə bir prosedurun 15 dəqiqəsi 350 dollara başa gəlir.

Quş nəcisindən maska

Bu maskanın tərkibinin əsas hissəsi quş nəcisindən ibarətdir. Qeyri-adi maskanın kökləri Yaponiyadan gəlib. Yaponiyada maskanı hazırlamaq üçün xüsusi olaraq bülbül quşunun ekskrementlərindən istifadə olunur. Bülbülün nəcisi artıq Nyu-York şəhərində yerləşən gözəllik salonlarında da istifadə olunur. Bu unikal inqridiyent köhnə dərini yeniliyən bir vasitə kimi təsir göstərir və həmçinin üzün təbii parıltısını qaytarır. Ultrabənövşəyi işıq altında qurudulmuş nəcis su  və düyü kəpəkləri ilə qarışdırılır və sonra üzə vurulur. Bütün dünyada tanınan məşhur Bekham ailəsi bu maskadan tez-tez istifadə edirlər.

Alovlu eleksir maskası

Qədim zamanlardan bəri Çində məşhur olan üzün cavanlaşma proseduru Huo Lioa (alovlu eleksir) adlanır. Hal-hazırda bu maska bütün dünyada məşhurlaşıb. Bu maskanı edərkən ayaqlara, qollara və üzə alkoqolla xüsusi hazırlanmış “eleksirlə” hopdurulmuş dəsmalı qoyurlar, sonra bir neçə saniyəlik yandırırlar. Çinli mütəxəssislər iddia edirlər ki, bu prosedur dəri örtüklərini stimullaşdıraraq, üzün rəngini yaxşılaşdırır və illər ərzində itirilmiş həmin parıltını geri qaytarır. Həmçinin dərinin sallanan yerlərini və üzdə olan qırışların əksəriyyətini yox edir.

Arıların zəhərindən düzəldilən krem

Bu təbii qırış əleyhinə olan məhsul kosmetologiya dünyasında bir həyəcan təbili çalmış oldu. “Rodial” kosmetikasının istehsalçıları tərəfindən buraxılan bu krem “Arı zəhəri” adlandırıldı. İstehsalçılar iddia edirlər ki, bu krem üz dərisinin qocalma prosesini dayandırır. Mütəxəssislərin sözlərinə görə, arıların zəhərindən düzəldilən məhsullar qan dövranını yaxşılaşdırır, üzün təbii parıltısını bərpa edir.

Samirə Tağıyeva, “İki sahil”