KÖŞƏ

Sevinc Azadi

Dünyanın yeni pandemiya bəlası

16 mart 2020 13:45
6502

Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) artıq bir neçə aydır ki, dünyanı təşvişə salan yeni koronavirusu (COVID-19) pandemiya elan etdi. Bununla bağlı ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesusu açıqlamasında bildirib ki, qarşıdakı günlər və həftələrdə koronavirusa yoluxma halları, ölümlər və virusun yayılacağı ölkələrin sayının artacağı gözlənilir. Bu səbəbdən COVID-19-un pandemiya kimi xarakterizə oluna biləcəyi qənaətinə gəlinib. Belə olan halda insanların bir çoxunu “Pandemiya nədir” sualı düşündürür. Ümumi tərifə əsasən, pandemiya, insandan-insana asanlıqla ötürülən yeni bir yoluxucu xəstəliyin qlobal miqyasda kütləvi yayılmasıdır. Bu tərif, H1N1 (“Donuz qripi”) qrip pandemiyası ilə əlaqədar 2010-cu ildə ÜST tərəfindən verilib.

Hərfi olaraq pandemiya yunanca “bütün xalq” mənasını verir. Pandemiya yoluxucu xəstəliyin (məsələn, vəba, taun, qrip) bütün bir ölkəni, eyni zamanda onunla həmsərhəd ölkələri, bəzən çoxlu sayda ölkəni, qitələri bürüməsi mənasını verir.  Hazırda pandemiya meyarlarının tam siyahısı bəlli olmasa da, bildirilir ki, koronavirusla bağlı martın 9-dan sonra qeydə alınan rəqəmlər bu meyarlara cavab verib və ÜST bu səbəbdən pandemiya elan edib. Adətən, pandemiya geniş yayılmış, bütün dünyanı, əhalinin xeyli hissəsini əhatə etdiyi hallarda elan olunur. ÜST-ün Baş Direktoru Beynəlxalq Tibbi-Sanitariya Qaydalarına əsaslanaraq (Beynəlxalq Tibbi-Sanitariya Qaydaları 2005-ci ildə dünyanın 194 ölkəsi, o cümlədən Azərbaycan tərəfindən imzalanmış və 2007-ci ildə qüvvəyə minmiş beynəlxalq hüquqi sənəddir - red.) bu kimi hallarda ölkələrdən virusun, yoluxucu xəstəliyin yayılması ilə bağlı daxil olan məlumatları, ümumi vəziyyəti nəzərə alaraq, pandemiya elan edə bilər. Qaydalara görə, pandemik virusun insandan insana davamlı yoluxması ÜST-ün əhatə etdiyi iki müxtəlif regionda baş verirsə, bu, pandemiya kimi qiymətləndirilir. Bundan əlavə, pandemiya elan edilən xəstəliyə qarşı Yer kürəsi əhalisinin 90%-nin immuniteti olmur və insanlıq bu virusu ilk dəfə tanıyır. Eləcə də o xəstəlik pandemiya qrupuna aid olur ki, ona qarşı nə vaksin var, nə də konkret dərman.

Qeyd edək ki, pandemiya insanlıq tarixi üçün o qədər də qeyri-adi hal deyil. Ötən əsrdə üç qrip pandemiyası baş verib: 1918-ci il - İspan Qripi (O zaman 500 milyon nəfərə yaxın insan, yəni planet əhalisinin üçdə biri bu virusa yoluxmuşdu. “İspan qripindən” bütün dünyada 50 milyona yaxın insan tələf olmuşdu), 1957-ci il - Asiya Qripi (A H2N2 qrip virusu. Onu “quş qripi” də aldlandırmışdılar. Bu virus dünyada 1,1 milyon insanın həyatına son qoymuşdu) və 1968-ci il - Hon-Kong Qripi. (A H3N3. İlk dəfə Honq-Konqda yayılan bu qrip 1 milyon insanın ölümünə səbəb olub). 2009-cu ilin yazında yeni A H1N1 qrip virusu peyda oldu. Əvvəlcə virus Birləşmiş Ştatlarda aşkarlandı, daha sonra isə bütün dünyaya yayıldı. CDC-nin məlumatına əsasən, virus “əvvəllər heyvanlarda və ya insanlarda rast gəlinməyən qrip genlərinin unikal kombinasiyasından” ibarət idi. Virusun donuz mənşəli olduğu aşkarlanmışdı və pandemiya “donuz qripi” adını almışdı. Həmin pandemiya zamanı dünyada 152 min nəfərdən 576 min nəfərə qədər insan ölüb, onlardan 80 faizi 65 yaşından kiçik olub. Bu virus da dünyada dövr edir, amma artıq mövsüm qripi kimi.

Məlumatlara görə, COVID-19-un pandemiya elan edilməsi əslində insanlar üçün böyük məhdudiyyətlər yaratmaya bilər. Pandemiya halında, hər bir ölkə öz istəyi ilə hərəkət edir, ÜST isə yalnız tövsiyələr verə, əlavə tədbirlər həyata keçirməyə də bilər. ÜST-ün ümumi qaydalarına görə, pandemiyaya müvafiq olaraq, kəskin respirator infeksiyası olan insanlar evdə qalmalı, ailə üzvləri və kənar insanlarla təmasları minimuma endirməli və xəstəliyin hər hansı bir əlamətini hiss edən kimi özünü təcrid etməlidir.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının yeni koronavirusla bağlı bu günə olan statistikasına görə, hazırda 124 ölkədə ümumilikdə 126 380 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb. Onlardan 191-i yeni yoluxmadır. Koronavirusdan ölənlərin sayı 4634 nəfərə çatıb ki, onlardan da 18-i yeni ölüm halıdır. Koronavirusa yoluxanlardan 68 313 nəfəri müalicə nəticəsində sağalıb, onlardan 1300-ü yeni faktdır.

Mütəxəssislər vurğulayırlar ki, pandemiyanın rəsmən elan olunması qorxu yaratmamalı və ya tibbi maskalar toplamağa vadar etməməlidir. Bu o demək deyil ki, virus daha yoluxucu və ya daha ölümcül olub. İndiyə qədər verilən tövsiyələr olduğu kimi qalır, ilk növbədə: tez-tez və yaxşıca əlləri yumaq; insanların çox olduğu yerlərdən uzaq durmaq; mümkün yoluxma yerlərində olduğunuz zaman gözləri, burunu və ağızı qorumaq.