07 aprel 2020 10:45
1010

Düşünün, cəmi bir insanın laqeydliyi onlarla günahsız insanın ölümünə gətirib çıxara bilər

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xalqa növbəti müraciətində əksini tapan bu çağırış koronavirusa qarşı mübarizədə vətəndaş məsuliyyətinin önəmini bir daha açıqlayır

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xalqın maraqlarının müdafiəsinə yönəlmiş hərtərəfli fəaliyyəti qadınlarımızın cəmiyyətin həyatında rolunun təcəssümüdür. Mehriban xanım Əliyevanın simasında təkcə lider, ictimai xadim deyil, həm də köməyə ehtiyacı olanlara yardım əlini uzatmağa hazır olan etibarlı dayaq, qayğıkeş ana, humanizm cizgiləri də aydın sezilir.

Mehriban xanım milli-mənəvi dəyərlərin ali zirvəsi sayılan ailə ənənələrinə də böyük hörmətlə yanaşır. Hər bir azərbaycanlı övladına öz balası kimi diqqət və sevgi bəxş edir. Ana qayğısını, ana duasını Azərbaycan övladlarının üstündən əskik etmir. Azərbaycan xalqının hər bir nümayəndəsinə göstərdiyi doğmalığın nəticəsidir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva koronavirus (COVİD-19) infeksiyası ilə bağlı xalqa növbəti dəfə müraciət edib: “Mən sizə bir övlad, bir həyat yoldaşı, bir ana və nənə olaraq müraciət edirəm! Qəlbimin dərinliklərindən gələn və hər birinizə ünvanlanan bu sözlərimi eşidib məni anlayacağınıza ümid edirəm! Xahiş edirəm, bunu mütləq zərurət və vəzifəniz kimi qəbul edin - Növbəti 20 gün ərzində hamı evdə qalmalıdır. Ailələrinizlə birlikdə. Xahiş edirəm, vacib zərurət olmadan evlərinizi tərk etməyin...”

Birinci vitse-prezident müraciətində onu da qeyd edir ki, artıq bir neçə ölkənin faciəli təcrübəsi bəşəriyyətə koronavirus pandemiyası zamanı sağ qalmağın əsas prinsipini necə formalaşdırmaq lazım olduğunu göstərdi. Bu prinsip dramatik dərəcədə sadə və birmənalıdır: ya xalq karantin rejiminin qayda və göstərişlərinə hökmən əməl edir və birlikdə sağ qalır, ya da tövsiyələrə məhəl qoymur, çoxsaylı insan tələfatına səbəb olur: “Düşünün, cəmi bir insanın laqeydliyi onlarla günahsız insanın ölümünə gətirib çıxara bilər”.

Azərbaycan anası öz öyüdü ilə həmişə insanlara düzgün yol göstərib. Mehriban xanım Əliyevanın koronavirusla bağlı xalqa müraciətlərini oxuduqca, dinlədikcə, insanları bu bəladan qorunmağa çağırışlarına diqqət yetirdikcə yenidən müdrik Azərbaycan anasının narahatlığını görürük. Birinci vitse-prezident qeyd edir ki, karantin rejiminə riayət edə bilməyən vətəndaşlar var. Özünütəcridə əməl etmək xalqın sağlamlığı, rahatlığı naminə iş başında olanlara ən gözəl minnətdarlıqdır: “Minlərlə soydaşımız iş başındadır və əllərindən gələni edirlər ki, vətəndaşlarımızın əksəriyyəti özlərini qoruya bilsin, evdə qalsın və karantin rejiminə əməl etsin. Bu gün koronavirus epidemiyası ilə mübarizədə ön cəbhədə olanlara ən gözəl minnətdarlıq - özünütəcrid rejiminə riayət etməkdir. Biz bu qaydalara nə qədər ciddi və səmərəli riayət etsək, epidemiya ilə mübarizə aparan qardaş və bacılarımız adi həyat tərzinə və öz ailələrinin yanına bir o qədər tez qayıda bilər”.

Bu, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın koronavirusla bağlı xalqa ilk müraciəti deyil. Hər müraciətində dünyanın qlobal çətinliklə qarşı-qarşıya qalması fikrini diqqətə çatdıran Mehriban xanım bildirir ki, dünya belə riskə hazır deyildi. Hətta səhiyyə sahəsində büdcələri milyardlarla ölçülən, nəhəng elmi-intellektual potensiala, qabaqcıl texnologiyalara malik ən inkişaf etmiş ölkələr belə epidemiyanın yayılmasının qarşısını ala bilmədilər. Misilsiz tədbirlər görülür, sərhədlər bağlanır, dövlətlər təcrid olunur. Bu əminlik, inam ifadə edilir ki, ümumi səylərimiz mütləq nəticə verəcək. Bəşəriyyət bu çağırışın öhdəsindən gələcək və daha da güclənəcək: “Biz biri-birimizdən fərqliyik, amma evimiz birdir. Özgə dərd olmur. Ağrı və iztirablar sərhəd tanımır. Virusa qarşı immunitet vaksin tapıldıqdan sonra yaranacaq. Biganəliyə qarşı immuniteti isə hər kəs özündə formalaşdırmalıdır.”

Ötən aydan koronavirusa və yaratdığı fəsadlara qarşı həyata keçirilən mübarizə tədbirləri gücləndirilir. Ölkəmizdə bütün qüvvələr hadisələrin mənfi yöndə inkişafının qarşısının alınmasına səfərbər olunub. Bütün dövlət strukturları mobilizasiya olunub, birgə fəaliyyət göstərir. Azərbaycan ilk gündən Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edərək onun tövsiyələrinə çox ciddi yanaşır. Epidemiyanın sürətlə yayılması, onun pandemiyaya çevrilməsi bu xəstəliklə mübarizədə vahid strategiya və taktikanın hazırlanmasını çətinləşdirir. Virusun və xəstəliyin tədqiqatı onlara qarşı mübarizə ilə eyni vaxtda aparılır. Əsas tələb budur ki, təhlükəsizlik tədbirlərinə ciddi riayət edilsin, şəxsi məsuliyyət və intizamlılıq əsasında özümüzü və ətrafımızdakı insanları qoruyaq.

Vətəndaşları məsuliyyətli olmağa, Operativ Qərargahın tövsiyə və tələblərinə riayət etməyə, böyüklərimizi bu bəladan qorumağa, onların sağlamlığının qayğısına qalmağa çağıran Azərbaycanın Birinci vitse-prezidenti xalqımızın həmrəyliyinə, birliyinə inamının göstəricisi olaraq bildirir ki, ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik.

Mehriban xanım Əliyevanın bir övlad, bir həyat yoldaşı, bir ana və nənə olaraq müraciətində əksini tapan hər bir fikir bu günümüzün çağırışı olmaqla yanaşı, məsuliyyətimizi dərk etmək üçün həyəcan siqnalı oldu: “Mən yoluxmaram, mənə heç nə olmaz”,- deyə düşünməyin... Ancaq bu, reallıqdır və dəhşətli faciədir... Gəlin həmrəy olaq, bir-birimizə belə günlərdə dəstək olaq. Evdən çıxmayaq, evdə qalaq, özümüzü, ailəmizi bu bəladan hifz edək. Biz bir olsaq, həmrəy olsaq əlbəttə ki, bu problemdən ən minimum itki ilə xilas olacağıq.”

Yaqut Ağaşahqızı, “İki sahil”