19 iyul 2019 14:37
1838

Ecazkar səsin möcüzəsi

Səsin də güllər kimi təravəti, rayihəsi, rəng çalarları var. Həm də insanın ruhuna sirayət edəcək təsir gücündə. Səs var göy çaları ruhunu alıb asimanın zənginliyinə aparır, yaşıl çiçəyi bar tutan ümidlər kimi könüldə arzu gerçəkliyi yaradır. Ağ rəngli paklıq simvolu, vüsal sevinci, qarası hicran sorağı, bir də ecazkar səs həyat ərməğanı olmur. Könüllər ovsunlayan, ürəkləri oxşayan, qəlbləri riqqətə gətirən səs... Avaz Tanrı bəxşidi, İlah qismətidir.

Fərqli ifa tərzi ilə muğam sənətinə yeni səs, yeni nəfəs gətirən, onu zənginləşdirən, musiqi mədəniyyəti tariximizdə özünəməxsus xidmətləri olan sənətkarlarımızdan biri idi, Hüsnü Qubadov. O, Tanrının xalqımıza bəxş etdiyi seçilmişlərdən idi.

Hüsnü Qubadov 1922-ci ildə Ordubadın Disər - indiki Başkənd kəndində dünyaya göz açıb. Böyüyüb boya-başa çatdığı mühit onda musiqiyə həvəs yaradıb. Məhz ona görə də ifaçılığa çox erkən çağlardan maraq göstərib. Ancaq müəyyən səbəblər üzündən musiqi təhsili ala bilmir. Buna baxmayaraq el şənliklərində yaxından iştirak edir, xalq arasında dərin hörmət qazanır və çox tez tanınır. Sonradan xalq artisti İbrahim Həmzəyevin yaratdığı dram dərnəyinə üzv olur. Xalq şairi S. Vurğunun “Vaqif” dramının tamaşasında xanəndə rolunda çıxış edir.

1958-ci ildə keçirilən respublika müsabiqəsində uğur qazanır. Kor Ərəbin mahnısını ifa edir və birinci yerə layiq görülür. Həmin uğurlu çıxışdan sonra münsiflər heyətinin sədri, ölməz sənətkarımız “Niyazi” sənin yerin opera teatrıdır-deyir.

1960-cı ildə Ordubad rayonundan deputatlığı irəli sürülən bəstəkar Səid Rüstəmovun seçicilər ilə görüşü olur. Görüşdən sonra keçirilən konsertdə Hüsnü Qubadov da oxuyur. Səid Rüstəmov məlahətli səs sahibinin  ifasına heyran qalır və onu özü ilə Bakıya gətirir. Elə həmin il xanəndə Azərbaycan Dövlət Opera və Balet Teatrında işə düzəlir.

Kənan Rzayev - sənət dostu:

Onda olan səs bütün dinləyiciləri valeh edirdi. Bəstəkar Səid Rüstəmovla dünya şöhrətli müğənni Bülbül  Naxçıvana gəlmişdi. Hüsnü Qubadovla mən birlikdə bir neçə mahnı ifa etdik. Hüsnü tədbirdə Hüseyn Cavidin “Şeyx Sənan” pyesindən “Kor ərəb”in mahnısını ifa etdi. Onun ifası böyük alqışlara səbəb oldu. Böyük sənətkarlar onu Bakıya işə dəvət etdilər. Hüsnü Qubadov Opera və Balet Teatrında işə başladı.

Belə deyə bilər ki, gözəl səs və musiqi mələklərin dilidir. Hüsnüdə belə bir səs var idi. Onun ifa etdiyi mahnılar, yaratdığı obrazlar camaat tərəfindən yaxşı qarşılanırdı. Musiqi təhsili olmasa da ifa etdiyi xalq mahnılarını və muğamları mikrafonsuz oxumağı bacarırdı. Bu doğrudan da Hüsnüyə gözəllik gətirirdi. Övladları Xanlar, Bəylər atalarının yolunu davam etdirirlər. Düzdür, Hüsnünün səsi qədər səsləri olmasa da, amma sənəti sevirlər. Ona tanrı bəxşişi, İlahi vergisi səsi Ulu Tanrı vermişdi.     

Səhnədə ilk rolu rejissor Soltan Dadaşovun ona etibar etdiyi “Leyli və Məcnun” da İbn Səlam olur. Ondan sonra opera tamaşalarında bir-birindən maraqlı və yaddaqalan obrazlar yaradır. “Aşıq Qərib”də Aşıq Qərib, “Şah İsmayıl”da  Çapqınçı kimi rolların öhdəsindən məharətlə gəlir. O, Azərbaycan Dövlət Opera və Balet Teatrında çalışdığı 30 ildə görkəmli sənətkarlardan Bəhruz Kərimov, Rübabə Muradova, Mais Salmanov, Rəsmiyyə Sadiqova, Arif Babayev kimi sənətkarlarla eyni səhnəni paylaşır. Dost və yoldaşların arasında səmimiyyəti, xoş rəftarı, xeyirxahlığı ilə seçilir. Haqqında söz düşəndə sənət dostları bu gün elə onu xoş xatirələrlə yada salırlar.

Xalq artisti Arif Babayev Hüsnü Qubadov haqqında deyib:

- Ecazkar ifa tərzi, güclü səsi olar. Hüsnü Qubadovun opera səhnəsinin tarixində təkrar olunmayan rolları qaldı. O, həm də səmimi, gözəl ata idi.

Xalq artisti Canəli Əkbərov 30 il bir səhnədə çalışdığı sənətkarla bağlı fikirlərini belə ifadə edib:

- Hüsnünün səsində dolğunluq, bitkinlik, tamlıq var idi. Gözəl ifasında çalarlar, notlar zənginliyi ilə seçilirdi. Onunla birgə Azərbaycanı qarış-qarış gəzmişdik. Doğulduğu bölgəyə xas şirinlik səsindəki məlahəti daha da artırır, xüsusən rəng verərdi. Hüsnü Qubadovun öhdəsindən məharətlə gəlibdi.

Onun müğənni kimi səsi hamımızın xoşuna gəlirdi. Məlahətli, gözəl səsi ilə uğur qazanmışdı. Bu gün də nəinki mən, hətta bütün Ordubad əhli Hüsnünün gözəl ifalarını dinləyir.

H. Qubadovun ata-babası da musiqiçi olub. İfaçılıq istedadı bu məsələdə irsən yaşayır. Musiqi sərgisi ondan da övladlarına keçir. O, 1949-cu ildə ailə qurur. 2 qız, 3 oğul atası idi. 1960-cı illərdə o, övladlarını da özü ilə el şənliklərinə aparırdı. Məlahətli səsi ilə insanın hiss və duyğularına güclü təsir edən H. Qubadov ömrünün 32 ilini sənətə, opera və balet teatrına həsr edir. Onun ifasında “Şuşa yaylağı”, “Üçtelli durna”, “Naxçıvan”, “Ceyran” və sair  mahnıları hər zaman geniş tamaşaçı kütləsi tərəfindən alqışlarla qarşılanıb. Maraqlı ifa tərzi ilə tamaşaçı və dinləyici qəlbinə hökm kəsilməyi bacarıb.

Bəylər Qubadov-oğlu:

-Atamla bərabər tez-tez teatr tamaşalarına gedir, onun maraqlı ifalarından zövq alırdım. Atam məni el şənliklərinə, toylara da aparırdı. Atamın təmiz səsi var idi. O səs hələ də qulaqlarımda səslənir.

Onun özünəməxsus ifa tərzi, səsinin bənzərsiz ahəngi, həzin kövrək zəngulələri insan ruhunu titrədir, sehrinə, ovsununa salır. O səsin cazibəsindən çıxa bilmirsən, elə hey dinləmək, dinləmək istəyirsən.

Anar Qubadov-nəvə:

-O, böyük sənətkar idi. Əvvəlcə kənddə çobanlıqla məşğul olub. Onun səsində olan məlahət təbiətin al-əlvan rənglərindən götürülüb. Babam dağda tütək səsi ilə qoyun-quzu otara-otara mahnılar oxuyub. İstədiyi məqama yüksəlib. Nənəm Ordubaddan Bakıya gələndə babam onu özü ilə tamaşaya aparır. İstəyir ki, nənəm onun oynadığı tamaşaya baxsın. Babam İbni Salamın Leyliyə olan məhəbbətini tamaşada göstərəndə nənəm dərindən sarsıntı keçirir və bir daha özünə gələ bilmir. O hadisə babamın həyatında çox çətinliklər yaradır. Babam nənəm ilə uşaqlarına baxmalı olur.

H.Qubadovun bir qədər gur, həzin səsi kəndin dağlarını tapıb sanki. O dağlarda onun səsi sanki bu gün də əks-səda verir. O səmimi qəlbə malik aktyor, müğənni idi. O, Naxçıvan MR Əməkdar artisti fəxri adına layiq görüldü. Qəlbi nəğmələrlə çağlayıb coşmuş, səsində bir elm, bir elatın gözəlliklərini yaratmış Hüsnü Qubadov bu gün də xatirələrdə yaşayır.

Adilə Səfərova,

Əməkdar mədəniyyət işçisi,  Jurnalist