30 iyul 2020 12:57
336

Ədavət zəminində baş verən bütün cinayətlər qətiyyətlə pislənilməlidir

Amerikanın “Jewish Journal” nəşrində Xocalı qətliamının möcüzəvi şəkildə sağ qalan şahidi Dürdanə Ağayevanın məqaləsi dərc edilib. AZƏRTAC xəbər verir ki, materialda erməni millətçilərinin azərbaycanlı nümayişçilərə qarşı hücumunun baş verdiyi Los-Anceles insidentindən bəhs olunur.

Müəllif iyulun 21-də Los-Ancelesdə Amerikanın erməni milli komitəsi və Ermənistan gəncləri federasiyasının Azərbaycanın bu şəhərdə yerləşən baş konsulluğu qarşısında təşkil etdiyi nümayişin erməni millətçilərinin Azərbaycanın Tovuz rayonunda törədilən erməni təcavüzünə qarşı aksiya keçirən Azərbaycan icmasının nümayəndələrinə hücumu ilə başa çatmasından yazır. Aksiyadan sonra dağılışan azərbaycanlıları izləyən azğınlaşmış erməni kütləsi onlara hücum çəkib, nəticədə 9 nəfər, o cümlədən gənc qadın yaralanıb.

“Bu insidentin yerli kütləvi informasiya vasitələrində lazımınca işıqlandırılmamasına baxmayaraq, Azərbaycandan olan dostlarımız bizi dəstəklədilər”, - deyə müəllif vurğulayır. D.Ağayeva yazır ki, Simon Vizental Mərkəzi, Amerika Yəhudi Komitəsi, İsrail-Amerika Şurası, həmçinin bir sıra nüfuzlu ravvinlər tərəfindən bu zorakılığın açıq şəkildə pislənilməsini bilmək ona çox xoş idi.

Müəllif, həmçinin ermənilər tərəfindən törədilən bu zorakılıq aktını pislədiyinə görə Kaliforniyanın vitse-qubernatoru Eleni Kunalakisə də minnətdarlığını bildirib. Məqalənin sonunda D.Ağayeva Los-Ancelesin vəzifəli şəxslərini ədavət zəminində baş verən bu cinayətkarlığı qətiyyətlə pisləməyə çağırıb.