29 aprel 2019 11:11
1473

Ədəbi dilin inkişafı olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyil

Yazıya ulu öndər Heydər Əliyevin bu çağırışı ilə başlamaq istərdim: “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir.”

Dövlətimizin başçısı İlham Əliyevin 1 noyabr 2018-ci il tarixli  “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında”  Fərmanında da Azərbaycanın dövlət müstəqilliyini yenidən bərpa etdikdən, daha dəqiq desək, ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra  dilimizin  qorunması istiqamətində atdığı addımlar, imzalanan Fərman və sərəncamlar sistemli şəkildə öz əksini tapıb. “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında”  fərmanları, “Azərbaycan Respublikasının dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın qəbulu və s. kimi sənədlər  ulu öndər Heydər Əliyevin bu istiqamətdə atdığı addımların davamlılığından xəbər verir. 

Son 15 ildən artıq dövrdə  Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin “Ana dilimiz öz imkanlarının zənginliyi, səs quruluşunun səlisliyi və qrammatik quruluşunun sabitliyi ilə səciyyələnir. Müasir Azərbaycan ədəbi dili siyasi-ictimai, elmi-mədəni sahələrdə geniş işlənmə dairəsinə malik yüksək yazı mədəniyyəti olan və daim söz ehtiyatını zənginləşdirən bir dildir” fikirlərini önə çəkərək, imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında”  Fərmanında təəssüf doğuran  bu məqam da  öz əksini tapıb  ki, televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi az qala adi hala çevrilib.

Yazılı və elektron KİV-lərin ictimai fikrə təsir imkanlarının böyüklüyünü nəzərə alsaq, bu kimi halların mövcudluğunun dilimizə hansı xələli gətirdiyini geniş  təhlil etməyə ehtiyac yoxdur. Məlumdur ki, ulu öndər Heydər Əliyevin çıxışlarında bu çağırış xüsusi yer tuturdu ki, digər dilləri də  öyrənmək lazımdır, amma əvvəl  öz ana dilimizi öyrənək, onu  qoruyaq, yad təsirlərə salmayaq. Azərbaycan dilini xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli,  müstəqilliyimizin başlıca rəmzləri ilə eyni səviyyədə qiymətləndirən, “Azərbaycan xalqının dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir” söyləyən Ümummilli Lider onu da  bildirirdi ki, öz ana dilini bilməyən adamlar şikəst adamlardır: “Ana dilini bilməmək, ana dilini qiymətləndirməmək şübhəsiz ki,  xalq qarşısında  böyük qəbahətdir.”

Baxmayaraq ki, “Azərbaycan dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanın imzalanmasından  17 ildən artıq vaxt keçir, hələ də xarici dildə “təqdimatlar”  varlıqlarını  qorumaqdadır. Amma unutmayaq ki, başqa dilə hörmət öz dilimizə hörmətdən başlayır. Televiziya kanallarında, internet resurslarında, yazılı mətbu orqanlarda ədəbi dilin normalarının kobud şəkildə pozulması hallarının mövcudluğu  özlüyündə jurnalist peşəkarlığı, məsuliyyəti kimi məsələlərin də aktuallığına işıq salır. Məişət danışığının yol açdığı yazılı və elektron KİV-lər heç zaman ictimai fikri düzgün formalaşdırmaq imkanına malik ola bilməz. 

Məlum olduğu kimi,  Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” məqaləsində də Azərbaycan oxucusunun, tamaşaçısının  yazılı və elektron KİV-lərdən gözlədikləri öz əksini tapmışdır. Məqalədə bildirilirdi ki, kütləvi informasiya vəsaitləri  baş verən hadisə və proseslər haqqında obyektiv, hərtərəfli informasiya çatdırmalı, onları yüksək peşəkarlıqla şərh etməli, maarifləndirici yazılara, verilişlərə geniş yer verməlidir.  Milli mənəvi dəyərlərimizin qorunmasında, azərbaycançılıq ideyasının təbliğində,  dilimiz, mədəniyyətimiz, tariximizlə bağlı  həqiqətlərin ölkə və beynəlxalq ictimaiyyətə çatdırılmasında yazılı və elektron KİV-lərin üzərinə böyük məsuliyyət düşür. Təbliğat xarakterli, vətənpərvərlik ruhunda yazılar dövrün tələbidir.   

Əbəs yerə deyilmir ki, bir xalqı məhv etmək istəyirsənsə, onun dilini və ziyalısını əlindən al. Dil bir xalqın varlığı, onun təqdimatıdır. Azərbaycan xalqının tarixin  sınaqlarına sinə gərərək yaşamasında, zəngin tarixinin formalaşmasında önəmli rolu və xidmətləri olmuş böyük şəxsiyyətlərimiz ana dilimizi mənəvi Vətən kimi dəyərləndirmişlər. Dil, xalq və dövlət anlayışları  bəşər tarixində önəmli yer tutduğu  kimi, qloballaşma dövründə də həmin dəyərini  qoruyub saxlamaqdadır.   Reallıq budur ki,  dil olmasa xalq, xalq olmasa dövlətlər bir-birindən fərqlənməzlər. Bir sözlə,  xalqı onun dili, dövləti isə onun xalqı yaşadır.  Məhz bu kontekstdən yanaşdıqda  hər bir dövlətin təhlükəsizliyi ilə bağlı amillər sırasında  dilinin qorunması və zənginləşdirilməsi  əsas yer tutur.

“Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”  sözləri ilə Vətən, xalq sevgisini ortaya qoyan Ulu Öndərin  hakimiyyətinin hər iki dövrünə diqqət yetirsək, Azərbaycan dilinə diqqət və qayğının öndə dayandığını görərik. Onun imzaladığı Fərman və sərəncamlar, rəhbərliyi əsasında  işlənib hazırlanan və qəbul edilən qanunlar ədəbi dilimizin fəaliyyət imkanlarını daha da  genişləndirmiş, dil mədəniyyətimizin qarşısında  yeni üfüqlər açmışdır. “Xalqları dil qədər, milli mənəvi ənənələr, dəyərlər qədər birləşdirən  başqa vasitə yoxdur” söyləyən Ümummilli Lider  bildirirdi ki,  milli mənəvi dəyərlərimizin qorunması, zənginləşdirilməsi, inkişaf etdirilməsi, cəmiyyətdə tutduğu mövqeyindən, peşəsindən, ixtisasından, vəzifəsindən  asılı olmayaraq  hər kəsin vətəndaşlıq borcudur. Son 15 ildə eyni çağırışlar  dövlətimizin başçısı İlham Əliyev tərəfindən səsləndirilir. O da məlumdur ki,  Prezident İlham Əliyevin  “Azərbaycan dilində latın qrafikası ilə  kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrinin təbliğini genişləndirmək və gələcək nəsillərə çatdırmaq məqsədilə Azərbaycan dilində əvvəllər kiril qrafikasında  çap olunmuş əsərlərin latın qrafikası ilə yenidən nəşri kütləvi şəkildə həyata keçirildi və davamlı addımların nəticəsi olaraq  “Elektron dərslik”, “Elektron kitabxana” kimi  terminlərin yaranmasına yol açıldı.

Əvvəldə də qeyd etdiyimiz kimi, bu sahədə uğurlarla yanaşı, nöqsanlar da var. Problem inkişafa yol açan faktordur. Dövlətimizin başçısı İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanında  mövcud nöqsanların aradan  qaldırılması  məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi öz əksini tapıb.   Respublikada dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən  Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxsin yaradılması, Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planının” hazırlanması kimi məsələlər, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq üçün qanunvericilik aktlarında dəyişikliklərin edilməsi barədə təkliflərin  hazırlanması ilə bağlı irəli sürülən   tövsiyələr  qarşıya qoyulan məqsədə yüksək səviyyədə nail olmağa əsas verir.

Əsas olan budur ki, milli varlığımız kimi dəyərləndirdiyimiz    dilimizə hörmətlə yanaşaq, onun tətbiqi ilə bağlı həyata keçirilən təkmilləşmə, yeniləşmə proseslərinə  töhfəmizi verək, günbəgün genişlənən əməkdaşlıq əlaqələrinin inkişafında dilimizə, tariximizə, milli mənəvi dəyərlərimizə bağlılığımızın nə kimi rol oynadığını  düzgün təbliğ edək. Azərbaycanın bu gün iqtisadi, siyasi, humanitar mərkəzə çevrilməsində  bu mühüm məqamların yeri və rolu inkaredilməzdir.

Yeganə Əliyeva, “İki sahil”