KÖŞƏ

Sevinc Azadi

Effektivlik və etimad nümunəsi

06 may 2020 10:24
2816

Yeni növ koronavirus (COVID-19) pandemiyasının ilk günlərindən etibarən Azərbaycan infeksiyanın yayılmasının qarşısının alınması üçün çevik və qabaqlayıcı tədbirlərə start verdi. Prezident İlham Əliyevin Sərəncamı ilə cari ilin əvvəlində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı, infeksiyanın yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı təsdiq edildi. Bakıda 575 çarpayılıq “Yeni klinika” və ölkəmizin 3 şəhərində ümumi çarpayı sayı 500-dən çox olan 3 yeni xəstəxana istifadəyə verildi. Prezident İlham Əliyevin göstərişi əsasında hər birində 200 çarpayı yeri olmaqla müasir modul tipli 10 xəstəxananın inşasına başlanılıb və onların yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulur. Daxili tələbatı ödəmək üçün aprel ayının əvvəlindən tibbi maska istehsalı müəssisəsi fəaliyyətə başladı. Eyni zamanda, koronavirusa yoluxanlara xidmət göstərən həkimlərin və aidiyyəti üzrə pandemiya ilə mübarizə sahəsində çalışan işçilərin əmək haqqının əhəmiyyətli dərəcədə artırılması, bu çətin günlərdə aztəminatlı insanlara və sosial cəhətdən həssas qrupa aid edilən ailələrə dövlət qayğısının göstərilməsi, xalq-iqtidar birliyinin növbəti təzahürünə çevrildi.

Koronavirus nəticəsində mənfi təsirə məruz qalmış özəl sektorun müvafiq sahələrinə dövlət dəstəyi paketi çərçivəsində xidmət və digər sahələrdə çalışan 600 min vətəndaşın və mikrosahibkarlıq subyektlərinin əməkhaqlarının böyük hissəsi dövlət tərəfindən ödənildi. 600 min aztəminatlı, işsiz və qeyri-rəsmi çalışan vətəndaşa da minimal meyara uyğun olaraq ödənişlər edildi.

Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fondu təsis edildi, ilkin olaraq fonda dövlət tərəfindən 20 milyon manat vəsait köçürüldü. Ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən bir illik əmək haqqının fonda ianə edilməsi cəmiyyətdə həmrəylik üçün stimul rolunu oynadı. Ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən fonda könüllü ianələr edildi. Hazırda fonda köçürülmüş ianələrin həcmi 113 milyon manatdan çoxdur və bu vəsaitin aidiyyəti üzrə sərf edilməsinə ictimai nəzarətin təşkil edilməsi məqsədilə xüsusi komissiya yaradılıb.

Ölkə daxilində həyata keçirilən tədbirlərlə yanaşı, beynəlxalq aləmdə fəallığını davam etdirən Azərbaycan pandemiyaya qarşı mübarizədə elə ilk günlərdən Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlıq edir. Ölkəmiz qlobal həmrəylik nümayiş etdirərək Ümumdünya Səhiyyə Təşkilatının strateji hazırlıq və cavab planı çərçivəsində COVID-19 müraciəti Fonduna könüllü maliyyə yardımı ayırmışdır. Hələ mart ayının əvvəllərində bu təşkilatın aparıcı mütəxəssislərindən ibarət nümayəndə heyəti ölkəmizdə səfərdə olmuş, vəziyyətlə tanış olaraq görülmüş işlərə müsbət qiymət vermişlər. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirmişdir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu koronavirus infeksiyası ilə mübarizə sahəsində dövlət tərəfindən görülən işlərə dəstək vermişdir. Fond hər zaman olduğu kimi, illər boyu qazandığı təcrübə ilə bu gün də koronavirusla mübarizədə səhiyyə müəssisələrinə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Səhiyyə Nazirliyinə lazımi dəstəyi göstərir. Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü, Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Səhiyyə Nazirliyinin dəstəyi ilə Azərbaycanın regionlardakı xəstəxanalarında COVID-19-a qarşı mübarizə tədbirləri ilə əlaqədar əsas bacarıqları gücləndirmək üçün REACT-C19 layihəsinə start verilib. Türkiyə xəstəxanalarında çalışan 19 azərbaycanlı həkim layihəyə cəlb edilib. Layihənin məqsədi koronavirusa yoluxmuş xəstələrin müalicəsi üçün bölgələrdəki seçilmiş xəstəxanalarda COVID-19-la bağlı əsas bacarıqları sürətlə inkişaf etdirməkdir.

Hazırda ölkədə pandemiyaya qarşı vəziyyət stabildir. Ölkə başçısının rəhbərliyi altında infeksiya ilə mübarizədə genişmiqyaslı tədbirlər davam etdirilir. Uğurlu səhiyyə siyasəti ilə bərabər, fəal şəkildə sosial dəstək və sosial cəhətdən həssas əhali qrupunun, o cümlədən pandemiyadan zərər çəkmiş sahələrdə işləyən sakinlərin məşğulluğunun təmin olunması siyasəti həyata keçirilir. Xalqımızın bu çətin sınaqdan şərəflə çıxması üçün ən vacib addımlar atılır. Ölkə başçısının infeksiya ilə mübarizədə “Biz birlikdə güclüyük!” çağırışına hər kəs qoşulur. Pandemiyaya qarşı mübarizədə Azərbaycanın əldə etdiyi uğurun başlıca səbəbi də məhz bu milli birlik, xalqımızın öz Prezidentinə sarsılmaz inamıdır.