06 sentyabr 2019 13:43
104

Əfqanıstan prezidenti Trampla görüşəcək

Əfqanıstan Prezidenti Əşrəf Qani sentyabrın 7-də Vaşinqtonda ABŞ lideri Donald Trampla danışıqlar aparacaq.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, Əfqanıstan liderinin administrasiyasından verilən məlumata görə, Əşrəf Qani Vaşinqtona 13 nəfərdən ibarət nümayəndə heyəti ilə gedib.

Bir qədər əvvəl yayılan məlumata əsasən, “Taliban” və ABŞ nümayəndələri 11 müddəadan ibarət saziş layihəsini razılaşdırıb. Bundan sonra onu ABŞ-ın dövlət katibi Mayk Pompeo və “Taliban” hərəkatının Dohadakı siyasi ofisinin rəhbəri Molla Barədar imzalamalıdır.

Xatırladaq ki, ABŞ və “Taliban” hərəkatı arasında danışıqların doqquz raundu keçirilib. Tərəflər ABŞ və NATO qoşunlarının Əfqanıstandan tam çıxarılması və ölkə ərazisinin ABŞ və digər ölkələrə hücum üçün istifadə olunmayacağı barədə zəmanəti, həmçinin ümumi atəşkəsi və Əfqanıstandakı qüvvələr arasında dialoqun keçirilməsi məsələləri barədə razılığa gəlməyə ümid bəsləyirlər. Əfqanıstan hökuməti danışıqlarda iştirak etmir.