26 yanvar 2019 18:00
297

Əfqanıstanda törədilmiş partlayış nəticəsində beş nəfər ölüb

Yanvarın 26-da Əfqanıstanın Bağlan əyalətində voleybol meydançasında quraşdırılmış partlayıcı qurğunun işə salınması nəticəsində beş nəfər həlak olub.

"İki sahil" AZƏRTAC-a  istinadla xəbər verir ki, əyalətin Tala Va Barfak rayonunun başçısı Əbdül Əhəd Əhmədi bildirib ki, partlayış nəticəsində yaralanan 20 nəfər xəstəxanaya çatdırılıb. Onlardın bir neçəsinin vəziyyəti ağırdır.

Əbdül Əhəd Əhmədi bu terror aktında “Taliban” yaraqlılarını günahlandırıb və qeyd edib ki, həlak olanlar voleybol matçı keçirmək üçün meydançaya toplaşan gənc oğlanlardır. “Taliban” hərəkatından isə onun ittihamları ilə bağlı heç bir şərh verməyiblər.

Əfqanıstan ordusunun bəyanatında isə insidentin məhz “Taliban”ın nəzarəti altında olan ərazidə baş verdiyi qeyd olunub. Əlavə olunub ki, terrorçu təşkilatın Molla Eynuddin adlı yerli komandiri də həlak olanların arasında olub. Digər beş nəfər “Taliban” üzvü isə yaralanıb.