19 noyabr 2019 20:11
1087

Əfsanəvi Çepel Maşınqayırma Zavodu iflas həddinə çatıb

Bu günlərdə birinci instansiya məhkəmə kollegiyası “Çepel Maşınqayırma Zavodu” şirkətinin ləğv olunması barədə qərar qəbul edib. Bu müəssisənin külli miqdarda vergi borcu yaranıb. Lakin zavodun rəhbərliyi ümid edir ki, bu ilin sonunadək iri məbləğdə kontraktların imzalanacağı təqdirdə vəziyyəti xilas etmək mümkündür.

AZƏRTAC xəbər verir ki, maşınqayırma zavodu şirkətinin ləğvi haqqında qərar Macarıstan Vergi Xidmətinin bu müəssisənin vergi ödəmək iqtidarında olmaması ilə bağlı iddiası əsasında qəbul edilib. Belə ki, cari ilin əvvəlində zavod çox böyük çətinliklərlə üzləşib: Rusiyanın iri konsernləri Rusiya Dəmir Yolları və Paylanmış Generasiyalı Şirkət ilə sazişlərin şərtlərinə əməl edilməyib. Bunun səbəbi isə sifarişçilərin onların həyata keçirilməsindən imtina etməsi olub.

Qeyd olunub ki, zavod texniki hazırlığa, təlimə və hüquqi ekspertizada iştiraka sərf olunan 2 milyon dollarlıq vəsaiti itirib. Kontraktın pozulması nəticəsində vergi orqanları qarşısında borclar əmələ gəlib. İndi müəssisənin rəhbərliyi onun ləğvinin qarşısını almaq üçün əlindən gələni edir, digər iri layihələr üzərində iş aparılır və bunun sayəsində yaranmış borcun ödəniləcəyinə ümid edir. Holdinqin səhmdarları isə şirkəti nizamnamə kapitalının artırılması yolu ilə xilas etmək istəyirlər. Belə ki, məhkəmə qərarının qüvvəyə minməsinə hələ vaxt var.

Bütün hallarda Çepel Maşınqayırma Zavodu Macarıstanın qocaman müəssisələrindən biri və maşınqayırma sənayesinin qürur mənbəyidir. Onun bağlanması yaxşı heç nə vəd etmir.