06 mart 2020 20:19
3067

Əgər işlər düzgün qurularsa, rayonların potensialı kifayət qədər böyük ola bilər

Dövlətimizin başçısı İlham Əliyev Goranboy, Şəmkir, Tovuz, Qazax, Ağstafa rayonlarına səfərləri çərçivəsində ictimaiyyət nümayəndələri ilə görüşlərində bir daha bildirmişdir ki, iqtisadiyyatımız özəl sektor hesabına inkişaf etməlidir

2013-2020-ci illər üçün nəzərdə tutulan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əksini tapan əsas hədəflərdən biri Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görməkdir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, inkişaf etmiş ölkələr sırasında addımlamaq istəyiriksə, təbii ki,  kiçik və orta sahibkarlığın inkişafına,  yeni təcrübələrin tətbiqinə xüsusi diqqət yetirməliyik. Azərbaycan iqtisadiyyatının gələcəyi sahibkarlığın inkişafından asılıdır.

Sahibkarlığın inkişafını şərtləndirən əsas amillərdən biri  infrastruktur layihələrinin uğurlu icrasıdır. Ölkə Prezidentinin vurğuladığı kimi,   əgər rayonlarda işıq,  yol olmasaydı, hansı sahibkar orada iş görə bilərdi. Qaz olmasaydı, hansı istixananı işlədə bilərdi. İnfrastrukturun yaradılması ilə yanaşı, sahibkarlara  güzəştli kreditlər verilir. Fermerlər torpaq vergisi istisna olmaqla vergilərdən azaddırlar. Bu diqqət və qayğının qarşılığında sahibkarların qarşısına tələblər qoyulub: Dürüst olsunlar, təmiz işləsinlər, əyri yola getməsinlər, vergiləri gizlətməsinlər.

Qeyd etdiyimiz kimi, ölkənin hərtərəfli və dayanıqlı inkişafında qəbul edilən regionların sosial-iqtisadi Dövlət proqramları mühüm rol oynayır. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2004-cü ildə ilk Dövlət Proqramı qəbul edildi. 2020-ci ildə  IV Dövlət Proqramının icrasının bir ili tamam oldu.  Ötən dövr ərzində bölgələrdə həyata keçirilən işlərə nəzər saldıqda görürük ki, regionların sosial-iqtisadi inkişafı üzrə qəbul edilən Dövlət proqramlarının icrası sayəsində mühüm addımlar atılıb. Həmin proqramların icrası nəticəsində  2004-cü ildən bu günə qədər  2,3 milyondan artıq yeni iş yeri yaradılıb. Təkcə sonuncu IV Dövlət Proqramının icrası sayəsində, yəni ötən bir ildə  98 min  yeni iş yeri açılıb. Yeni iş yerlərinin bir hissəsi regionlarda açılan çoxsaylı istehsal, emal, sənaye, xidmət və sosial obyektlərin payına düşür. Bu günlərdə dövlətimizin başçısı İlham Əliyevin Goranboy,  Şəmkir, Qazax, Tovuz, Ağstafa rayonlarına səfərləri çərçivəsində də bir  bir sıra sosial obyektlərin açılışı və təməlqoyma mərasimləri keçirilmişdir. Hər bir  obyektin açılışı yüzlərlə insanın işlə təminatı, bu isə öz növbəsində onların sosial müdafiəsinin gücləndirilməsi deməkdir. Dövlətimizin başçısı İlham Əliyev  Nahid Bağırovu İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Mirhəsən Seyidovu Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar  qəbul edərkən də bu məqamları xüsusi qeyd etmişdir ki, əsas vəzifəmiz  bütün işləri düzgün qurmaq və xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaqdır. Eyni zamanda, ilk növbədə  rayonlarda vəziyyət təhlil edilməlidir. İnsanları narahat edən məsələlər ciddi araşdırılmalıdır və onların həlli  yolları ilə bağlı təkliflər hazırlanmalıdır, yaxud da ki,  bu məsələlər  yerində öz həllini tapmalıdır.  Əgər işlər düzgün qurularsa, rayonların potensialı kifayət qədər böyük  ola bilər.

Son illərdə  regionlarda yeni istehsal, emal və xidmət müəssisələrinin açılması əhalinin paytaxta axınının qarşısını  alıb. Eyni zamanda,  paytaxtdan bölgələrə qayıtma halları da üstünlük təşkil edir.  2019-cu ildə dördüncü  Dövlət Proqramının icrasına uyğun olaraq bölgələrdə sahibkarlığı inkişaf etdirmək məqsədilə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin mikro, kiçik və orta sahibkarlıq subyektlərinə önəmli dəstək verməsi sayəsində Qəbələdə, Abşeronda, Füzulidə, Sumqayıtda, Şəkidə, Şamaxıda Kiçik və Orta Biznes  mərkəzləri fəaliyyətə başlayıb. 2019-cu ildə  1573 sahibkarlıq subyektinə 175 milyon manat məbləğində güzəştli kredit verilib.

Ölkədə həyata keçirilən iqtisadi siyasətin bir istiqaməti də sənayeləşmədir. Hədəf həmin siyasətə uyğun olaraq, ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye müəssisələrinin təşkili və istehsal sahəsində əhalinin məşğulluğunun artırılmasıdır. Dövlətimizin başçısı İlham Əliyevin 2018-ci ildə imzaladığı  “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın təsdiq edilməsi haqqında, həmçinin bu günlərdə   “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncam da bu məqsədə xidmət edir. Ölkədə əmək ehtiyatlarından səmərəli istifadə, əhalinin məşğulluq və sahibkarlıq imkanlarının genişləndirilməsi, layiqli əməyin dəstəklənməsi, işçi qüvvəsinin rəqabətqabiliyyətliliyinin artırılması və əmək məhsuldarlığının yüksəldilməsi hesabına iqtisadi inkişafın təmin edilməsi Strateji yol xəritələrində başlıca məqsədlər olaraq müəyyən edilib. Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün cari ildə də  sənaye parkları və məhəllələrinin tikintisi, onların fəaliyyətə başlaması istiqamətində işlər davam etdiriləcək. Ötən il  Pirallahı Sənaye Parkında illik istehsal gücü 150 milyon birdəfəlik şpris olan “Diamed Co” zavodu istismara verildi.  Sumqayıt Kimya Sənaye Parkında tikilən SOCAR-ın Karbamid zavodu fəaliyyətə başladı.  Müəssisə ildə 650-660 min ton karbamid məhsulu istehsal etməyə qadirdir. Bununla yanaşı, “SOCAR Polymer” MMC-nin yüksək sıxlıqlı polietilen istehsalı zavodu da istifadəyə verilmişdir.  Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən müəssisələrin sayı 13-ə çatmışdır.

Qeyri-neft sektorunun əsas istiqamətlərindən olan  aqrar sahənin inkişafı öz prioritetliyini qorumuş və cari ildə də bu işlərin davam etdiriləcəyi vurğulanır. Dövlət kiçik və orta fermer təsərrüfatlarını dəstəkləməklə yanaşı, iri fermer təsərrüfatlarının və aqroparkların yaradılmasını da stimullaşdırır. Aqrar sektorun inkişafında, regionlarda iqtisadi potensialın artırılmasında və ərzaq təhlükəsizliyinin təmin edilməsində qabaqcıl texnologiyalardan istifadə edən aqrar müəssisələrin yaradılmasına ehtiyac var. Ötən il  ölkə üzrə 33 rayonu əhatə edən  51 aqropark və iri fermer təsərrüfatının yaradılması istiqamətində işlər görülmüşdür.  Bu layihələrin icrası sayəsində bölgələrdə minlərlə  yeni iş yeri yaradılacaq.

Göründüyü kimi, ölkəmizdə  aparılan islahatların, görülən işlərin  miqyası  geniş və şaxəlidir. Bu islahatlar, həyata keçirilən tədbirlər ümumilikdə  ölkənin inkişafını yeni səviyyəyə qaldırmaq, cəmiyyətin inkişafına mane olan, hər bir vətəndaşı narahat edən və ölkənin imicinə xələl gətirən neqativ halları tam aradan qaldırmaq məqsədi daşıyır.  Ölkənin hərtərəfli inkişafında əsas amillərdən olan şəffaflığın  təminatında əhəmiyyətli rol oynayan  “ASAN xidmət”, ABAD, DOST kimi layihələr  ölkəmizin yenilikçi olmasını təsdiqləməklə yanaşı, vətəndaş məmnunluğunun artırılmasında nə qədər maraqlı olduğunu nümayiş etdirir. Dövlətimizin başçısı İlham Əliyev  Tovuz rayonuna səfəri çərçivəsində  “ASAN Həyat” kompleksinin istifadəyə verilməsi mərasimində bildirmişdir ki,  qısa müddətdə ictimai xidmətlər sahəsində inqilab edə bildik:  “ASAN xidmət”in fəaliyyətə başlaması həm böyük ümidlər yaratdı, həm də müəyyən dərəcədə təəccüb doğurdu. Çünki bu, doğrudan da yenilik idi. Amma bu gün artıq 18-ci mərkəz işə düşəndə hesab edirəm, hər kəs görür ki, bu, hansısa bir fərdi layihə deyil. Bu, yanaşma tərzidir, bu, düşüncə tərzidir, bu, bizim siyasətimizdir. “ASAN”da olan şəffaflıq, mədəniyyət hər yerdə tətbiq edilməlidir. Yəni, “ASAN xidmət” bir çox sahələr üçün nümunə olub. Təsadüfi deyil ki, indi sosial təminat sahəsində də buna oxşar layihə həyata keçirilir - DOST mərkəzləri fəaliyyətə başlayır və “ASAN xidmət” kimi, DOST mərkəzləri də bütün ölkəmizi əhatə edəcək.” Yaxın gələcəkdə  bu mərkəzlərin sayının  27-yə çatacağı bildirilir. “Bizim təcrübəmiz digər ölkələrdə öyrənilir” söyləyən cənab İlham Əliyev qeyd etmişdir ki,  artıq “ASAN xidmət” “ASAN” adı altında başqa ölkələrdə də fəaliyyət göstərməyə başlayıb. Öz təcrübəmizi istənilən ölkə ilə bölüşməyə hazırıq.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan, 100-dən çox xidməti özündə  birləşdirən DOST mərkəzlərinin fəaliyyətini dövlətimizin başçısı İlham Əliyev belə dəyərləndirir ki,  siyasətimiz DOST mərkəzlərində öz əksini tapır - islahat, innovasiya, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə, yeni texnologiyalar, gənclərin bu işlərə cəlb olunması, könüllülərin fəaliyyəti.  Müasirlik, yenilik, islahatlar, gənclərin bu işlərə böyük dərəcədə qoşulması ölkəmizin inkişafına xidmət göstərəcək.  DOST mərkəzlərinin ümumi sayı 30-dan çox olacaq.

Ölkə Prezidentinin açılışında iştirak etdiyi müəssisələrdən biri  tibb müəssisələridir. İnsan amilinə  verilən dəyər atılan hər addımda özünü qabarıq şəkildə büruzə verir. Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılış mərasimində bir daha dövlətimizin səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğı, əldə olunan uğurlu nəticələr önə çəkilərək bu statistika açıqlanmışdır ki,  son 16 ildə  Azərbaycanın ancaq bölgələrində  22 yeni xəstəxana, 15 diaqnostika müalicə mərkəzi inşa edilib. 28 mərkəzi rayon  xəstəxanası əsaslı təmir olunub.  Beləliklə, yalnız bölgələrdə  70 müasir tibb ocağı istifadəyə verilib. Ümumilikdə son 16 ildə  ölkəmizdə  700-dən çox tibb müəssisəsi tikilib və əsaslı təmir olunub.

Diqqət çəkən əsas məqamlardan biri ölkə Prezidentinin bölgələrə səfərindən sonra həmin rayonların sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün Tədbirlər Planını təsdiqləməsi, Prezidentin Ehtiyat Fondunun vəsaitlərin ayrılması, həmçinin  infrastrukturun yenilənməsi üçün   sərəncamların imzalanmasıdır. Bir sözlə,  dövlətimizin başçısı İlham Əliyevin  regionlara hər bir səfəri onların inkişafında yeni mərhələnin əsası kimi dəyərləndirilir. Cənab İlham Əliyev  qeyd etdiyimiz rayonlarda  müəssisələrin açılışı və təməlqoyma mərasimlərində  bir daha sahibkarlığın inkişafının prioritetliyini önə çəkərək bildirmişdir ki,  sahibkarlıqla bağlı  həyata keçirilən tədbirlərin real  nəticəsini görürük. Çünki bizim iqtisadiyyatımız özəl sektor hesabına inkişaf etməlidir. Dövlət sadəcə şərait yaratmalı, infrastruktur layihələri həyata keçirilməlidir ki, sahibkarlar da bu işlə həvəslə məşğul olsunlar.

Yeganə Əliyeva, “İki sahil”