01 fevral 2019 14:21
119

Əhalinin rifahının yaxşılaşdırılması dövlət siyasətinin mərkəzində dayanır

«Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşının firavan yaşam tərzi dayanır. Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən dövr ərzində əhalinin sosial rifahının yüksəldilməsi və sosial infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması istiqamətində məqsədyönlü siyasət həyata keçirilmiş və böyük uğurlar əldə olunmuşdur. Xüsusən sosial məsələlərin həlli ilə bağlı ölkədə çoxsaylı Dövlət proqramları, böyük layihələr həyata keçirilmişdir. Ölkə başçısının rəhbərliyi ilə uğurlu sosial siyasətin həyata keçirilməsi ilk növbədə belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır ki, bu siyasətin əsas məqsədi Azərbaycanda sosialyönümlü dövlət quruculuğunu təmin etməkdir. Cənab Prezident hər zaman öz çıxışlarında sosial siyasəti dövlət siyasətinin ən zəruri sahələrindən biri kimi dəyərləndirərək vurğulayıb ki, layiqli sosial siyasət qarşıdakı illərdə də Azərbaycan hökumətinin fəaliyyətinin prioriteti olaraq qalacaq. Dövlətin sosial siyasətində şəhid ailələrinin, müharibə əlilləri və veteranlarının həyat şəraitinin yaxşılaşdırılması isə prioritet məsələdir.» Bu sözləri «İki sahil» qəzetinə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov deyib.

H.Şikarov vurğulayıb ki, cənab İlham Əliyevin şəhid ailəsi üçün Azərbaycan Prezidentinin təqaüdünün artırılması haqqında Fərmanı bu kateqoriyadan olan insanlara göstərdiyi diqqət və qayğısının növbəti parlaq nümunəsidir: «Şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına dövlət qayğısının əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyev də müharibə əlillərinin, şəhid ailələrinin problemlərinə həssaslıqla yanaşıb. Cənab İlham Əliyevin Prezident seçildikdən sonra imzaladığı ilk sərəncamlarından biri 2004-cü ildə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramı olub. Dövlət Proqramına uyğun olaraq, qaçqın və məcburi köçkün soydaşlarımızın sosial, təhsil, məşğulluq, yaşayış və tibbi təminatına uyğun olan bütün lazımi tədbirlər mərhələlərlə həyata keçirilib və keçirilməkdədir. Ölkə başçısının tapşırığı ilə bu kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görülür. Təsadüfi deyil ki, indiyədək bu kateqoriyadan olan vətəndaşlara 6654 mənzil, 6144 avtomobil, o cümlədən ötən il isə 626 mənzil verilib. Şəhid ailələrinə və müharibə əlillərinə, eləcə də Milli Qəhrəmanlara verilən Prezident təqaüdlərinin də məbləği ötən dövrdə mütəmadi olaraq artırılıb. Bununla da  şəhid ailələrinin sosial müdafiəsi ildən-ilə yaxşılaşıb. Dövlətimizin başçısının bu sahədə həyata keçirdiyi tədbirlər ictimaiyyət tərəfindən hər zaman böyük rəğbət və məmnunluqla qarşılanıb.»

YAP Pirallahı rayon təşkilatının sədri qeyd edib ki, Prezident İlham Əliyevin şəhid ailəsi üçün Azərbaycan Prezidentinin təqaüdünün artırılması haqqında Fərmanı, həmçinin indiyə qədər bu istiqamətdə həyata keçirilən tədbirlər Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin, qaçqın və məcburi köçkünlərin mənzillə təminatında mühüm irəliləyişə şərait yaratmaqla, ümumən ölkəmizdə vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasının, insan amilinin dövlət başçısının uğurlu siyasətinin mərkəzində dayandığını bir daha təsdiq edir.

Orxan Vahidoğlu, «İki sahil»