28 yanvar 2020 11:37
863

Əhalinin sosial müdafiəsinin gücləndirilməsində yeni mərhələ

Ötən il 10 min 354 vətəndaşımız bu proqrama cəlb edilib

Prezident İlham Əliyevin  “Ölkəmizdə bir nəfər də olsun yoxsul qalmamalıdır” tezisi əsasında  həyata keçirilən sosial layihələr artıq müsbət nəticəsini verir. Dövlətin sosial siyasətinin əsas istiqamətlərindən olan əhalinin məşğulluq səviyyəsinin artırılması, vətəndaşların yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində  davam etdirilən proseslər aztəminatlı ailələrin həyat səviyyəsini yaxşılaşdırır.  Son zamanlar ölkəmizdə kiçik və orta biznesin inkişafı  naminə  həyata keçirilən layihələr, dövlətimiz tərəfindən aztəminatlı ailələrin fərdi təsərrüfatlara malik olmaları və gəlirlərini artırmaq imkanlarına yiyələnmələri  sahibkarlığa meyilləri də gücləndirir. Dövlətimizin hüquqi  dəstəyi, maddi-mənəvi yardımı ilə  mühüm layihələr həyata keçirilir.  Prezident İlham Əliyevin tövsiyələrinə əsasən daha çox diqqət yetirilən  vətəndaşların özünüməşğulluq proqramına cəlbi  həyata keçirilən  sosial layihələr arasında   daha çox maraq doğurur, uğurla davam etdirilməklə  daha çox sahəni əhatə edir.

Dövlət həmişə çətin vəziyyətdə yaşayan vətəndaşlara xüsusi diqqət və qayğı göstərir. Ünvanlı sosial yardım proqramlarının icra edilməsi buna əyani misaldır. Lakin dövlət həm də ehtiyaclarını ödəmək üçün hər bir ailənin özünün imkanlarının yaranmasına şərait yaradır. Özünüməşğulluq proqramı məhz maddi çətinliyi olan, büdcəsi ehtiyac meyarına uyğun gəlməyən ailələrin həyat səviyyəsinin yaxşılışdırılmasına imkan yaradır. Dövlət  strukturları, yerli icra orqanları və özəl qurumların bu istiqamətdə layihələr həyata keçirmələri qarşıya məqsəd kimi qoyulub. Özünüməşğulluq vətəndaşlar üçün əlverişli qazanc formasıdır. Belə ki, hər ailənin öz büdcəsi olur, bunun sayəsində də insanlar müəyyən iş qura bilirlər. Əlbəttə, dövlətin köməyi ilə.

Bu proqram xüsusən kənd yerlərində yaşayan əhalinin hansısa bir fəaliyyət növü ilə məşğul olmasına, onların özünüməşğulluq hesabına ailə büdcəsini təmin etməsinə də şərait yaradır. Proqrama qoşulanlar hansısa bir biznes növünü inkişaf etdirməklə öz yaşayışlarını təmin edirlər. Kənd yerlərində insanlar ailələri ilə birlikdə heyvandarlıqla, quşçuluqla, arıçılıqla, bağçılıqla, tərəvəzçiliklə məşğul olurlar. Dövlət büdcəsindən də bu sahəyə maliyyə ayrılır. Təbii ki, özünüməşğulluq proqramının tətbiqi, bütövlükdə, ölkədə əhalinin sosial müdafiəsinin, xüsusilə də ölkənin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan çox müsbət, gərəkli və təqdirəlayiq  addımlardır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev 2019-cu ilin yekunlarına həsr edilən müşavirədə çıxışı zamanı bildirdi ki, 2019-cu ildə 10 min 354 vətəndaşımız bu proqrama cəlb edildi: “Onlar müvafiq təlimləri başa vurdular, öz biznes planlarını uğurla müdafiə etdilər və artıq 8 min 500 nəfəri öz aktivlərini alıb. Aktivlərin paylanma prosesi davam edir və ayın sonuna qədər qalanları da aktivlərlə tam şəkildə təmin olunacaqdır. BMT İnkişaf Proqramının, eyni zamanda, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin bu proqrama qoşulması, əlavə 500 nəfərin aktivlərlə təmin olunması proseduru məhz bu iki layihə çərçivəsində icra olunur”.

Onu da qeyd etmək lazımdır ki, özünüməşğulluq proqramının yerlərdə icrasına da xüsusi diqqət yetirilir. Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin bu məqsədlə bir sıra rayonlarda olması, proqram çərçivəsində yaradılmış ayrı-ayrı ailə təsərrüfatlarına baxış keçirməsi də sözügedən sahəyə ayrılan diqqətdən irəli gəlir. Proqram iştirakçıları ilə görüşən Sahil Babayev Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramının ildən-ilə genişləndirildiyini bildirərək qeyd etdi ki,  proqramın aztəminatlı ailələrin kiçik ailə biznesinə çıxışına, sahibkarlıq vərdişlərinə yiyələnmələrinə imkan yaradır.

Göründüyü kimi,  dünya praktikasında geniş tətbiq olunan  özünüməşğulluq proqramının Azərbaycanda  inkişaf etdirilməsi üçün potensial,  əmək resursları, təbii sərvətlər, ən başlıcasi isə milli sənətkarlıq nümunələrinin yaşadılmasına maraq və həvəs sonsuzdur.

Lakin bu sahədə təcrübə az olduğundan dövlət həm də aparıcı beynəlxalq maliyyə qurumları, məsələn, Dünya Bankı və digər banklarla əməkdaşlığı genişləndirməyi nəzərdə tutur. Prezident İlham Əliyev həmin qurumların rəhbərləri ilə görüşlər zamanı bu məsələnin də qaldırıldığını və maraqların qarşılıqlı olduğunu bildirmişdir: “Biz onları cəlb etməliyik. Bizim indi maliyyə imkanlarımız var. Çünki biz bu işə təzə başlamışıq, onlar isə dünyanın müxtəlif yerlərində bu proqramı təşviq edirlər. Ona görə özünüməşğulluq proqramına daim diqqət göstərilməlidir. Mən bu mövzu ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişəm. Məhz ona görə ki, bu, vacib məsələdir”.

Mənsumə Babayeva, “İki sahil”