20 noyabr 2019 15:31
824

Ekklstoun Hemiltona "Mercedes"i "Ferrari"yə dəyişməməyi tövsiyə edib

“Formula 1”in sabiq rəhbəri Berni Ekklstoun “Mercedes” komandasının pilotu Lüis Hemiltona “Ferrari”yə keçməməyi tövsiyə edib.

“Report” xəbər verir ki, 89 yaşlı ingiltərəli sahibkar “Planet F1”ə müsahibəsində “Mercedes”in 2020-ci il mövsümündən sonra “Formula 1”i tərk etmə ehtimalını nəzərə alaraq, həmyerlisinə məsləhət verib. Onun fikrincə, Hemilton “Ferrari”də komanda yoldaşı olacağı halda, monakolu Şarl Leklerə uduzacaq: “Lüisin yerində olsaydım, daha bir titul qazanaraq karyeramı başa vurardım. Lekler “Ferrari”də qalsa, onun komanda yoldaşı olacağı Hemiltona qalib gələcəyinə pul qoyuluşu edərdim. Şarl hazırda ən yaxşı olmasa da, artıq komandaya uyğunlaşıb. “Ferrari” işləmək üçün qəribə yerdir. Lüis italiyan dilini bilmir. Ona düşmənçilik də edə bilərlər, sevə də. Orada “Mercedes”dəki kimi gözəl çıxış edəcəyini düşünmürəm”.

Qeyd edək ki, Lüis Hemilton yekunlaşmaqda olan cari mövsümdə altıqat dünya çempionu adını qazanıb.