07 noyabr 2019 11:37
83

Ekoloji milli brendlərinin yaradılması istiqamətində layihələr həyata keçiriləcək

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu ilə “Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyi” arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev bildirib ki, tərəflər ərzaq məhsullarının keyfiyyət və təhlükəsizlik standartlarına cavab verməsinə şarait yaratmaq məqsədilə beynalxalq standartlar üzrə bilik mübadiləsinin aparılması, beynəlxalq tələlərə cavab verən ekoloji təmiz məhsul yetişdirlməsi üçün tədbirlər planı hazırlanması, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətliliyinin artırılması, ixrac potensialı, eləcə də coğrafiyasının genişləndirilməsi istiqamətində birgə işlər görəcək.  

“Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyi”nin sədr müavini Elçin Əkbərov deyib ki, elmi təminatın qurulması ilə yanaşı, birgə əməkdaşlıq sayəsində ekoloji təmiz məhsulların milli brendlərinin yaradılması, fermerlərdə innovativ qabiliyyətlərin, bilik və bacarıqlarının artırılması istiqamətində layihələr həyata keçiriləcək.

Ekoloji kənd təsərrüfatı sahəsində fermerlər arasında maarifləndirmə işlərinin aparılmasına ciddi ehtiyac olduğunu deyən Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli elmi-tədqiqat institutu ilə ictimai birlik arasında kadr hazırlığı sahəsində sıx əməkdaşlığın qurulması, xüsusilə gənc kadrların aqrobiznes sahələrində faaliyyət proseslərinə cəlb olunmasının vacib olduğunu vurğulayıb.

Qeyd olunub ki, ölkənin ixrac potensialının gücləndirilməsi məqsədilə dünya bazarının tələblərinə uyğun ekoloji təmiz toxum yetişdirmək istiqamətində əməkdaşlıq strategiyası, birlikdə xüsusi təlimlərin təşkili, elmi kadrların ixtisasının  artırılması  üçün  birgə proqramların təşkili həyata  keçiriləcək. Eyni zamanda, xaricdə və ölkə daxilində ekoloji təmiz kənd təsərrüfatı və aqrobiznesə dair təlim, seminarlarda  iştirak etmək məqsədilə qarşılıqlı məlumatlandırma işinin təmin edilməsinə dəstək veriləcək.

Qarşılıqlı müzakirədə birgə əməkdaşlıqla bağlı təkliflər dinlənilib, kənd təsərrüfatının müxtəlif sahələri üzrə simpozium, seminar, konfrans, sərgilər haqqında məlumat mübadiləsi və bu tədbirlərdə mütəxəssislərin iştirakının təmin olunması qərara alınıb.