15 yanvar 2020 20:20
742

Ekspert: Aqrar sahə keyfiyyətcə yeni mərhələyə daxil olub

Azərbaycan inkişafının yeni mərhələsini yaşayır. Şübhəsiz, ölkə iqtisadiyyatının bütün sahələrində, o cümlədən kənd təsərrüfatında müşahidə olunan inkişafın əsasında Prezident İlham Əliyev tərəfindən həyata keçirilən davamlı siyasi kurs dayanır. Məhz bu kurs çərçivəsində həyata keçirilən genişmiqyaslı aqrar islahatlar nəticəsində kənd təsərrüfatında artım tempi dayanıqlı xarakter alıb. Belə ki, 2019-cu ildə kənd təsərrüfatında 7 faiz artım olub.

Ötən il daha çox bitkiçilik məhsulları (10 faizdən çox) istehsal olunub ki, bu da olduqca müsbət haldır. Yeri gəlmişkən, qeyd edək ki, keçən il üzüm istehsalı 25 faiz artıb və 190 min tondan çox məhsul yığılıb. Bu sözləri baramaçılığa da şamil etmək olar. Belə ki, 2015-ci ildə cəmi 200 kiloqram barama yığıldığı halda  keçən il bu göstərici 630 ton olub. Pambıq istehsalı da keçən il rekord həddə çatıb - 294 min ton.  3 milyon 538 min ton taxıl istehsal olunub ki, bu da əvvəlki ilə nisbətən 6,9 faiz çoxdur. Bu artımlar həm də ölkəmizə valyutalar gətirir. Məsələn, 2019-cu ildə ölkəmizdə  89,7 min ton pambıq lifi və 12,8 min ton pambıq ipliyi ixrac edilib. İxrac edilən pambıq lifinin dəyəri 123,9 milyon, pambıq ipliyinin dəyəri isə 30,1 milyon ABŞ dolları olub. 2018-ci ildə isə ölkədən 80,4 milyon dollarlıq 54,3 min ton pambıq lifi, 23,6 milyon dollarlıq 9,5 min ton pambıq ipliyi ixrac edilmişdi.

Yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə dövlətimizin  başçısı bu kimi nailiyyətlərdən ətraflı söz açıb. Bildirib ki, bütün bunlar aqrar sahədə görülmüş işlərin məntiqi nəticəsidir: “Son illərdə özəl sektorun fəaliyyətinə göstərilən diqqət, güzəştli kreditlərin verilməsi, subsidiyalarla bağlı aparılan islahatlar və digər tədbirlər bu artımı şərtləndirdi”.

Əldə olunan nailiyyətlərin davam etdiriləcəyini vurğulayan Prezident İlham Əliyev növbəti dövrdə kənd təsərrüfatı məhsullarının emalına böyük diqqət göstərməyin vacibliyini söyləyib. Məlum olduğu kimi, bizim kifayət qədər emal müəssisələrimiz yoxdur. Mövcud emal müəssisələri də imkan vermir ki, öz meyvə-tərəvəzimizi daha da böyük həcmdə emal edək və hazır məhsul kimi ixrac edək: “Bu da paradoksdur. Biz tütün istehsal edən ölkəyik, ancaq siqareti idxal edirik, o ölkələrdən ki, orada tütün bitmir. Onlar tütünü bizdən alır, emal edir, siqaret buraxır, bizə satır. Ona görə buna son qoyulmalıdır. Bu məsələ də diqqət mərkəzindədir”. Prezident, həmçinin qeyd edib ki, artıq iplik fabriklərimiz var, ancaq iplik fabrikləri məhsulun cəmi 50 faizini emal edir: “Biz iplik fabriklərindən o tərəfə getmirik. Amma parça istehsal olunmalıdır - hazır məhsul”.

Yeri gəlmişkən, qeyd edək ki, son dövrlər aqrar sektorda yeni texnika və texnologiyaların tətbiqinə də böyük önəm verilir ki, bu da məhsuldarlığa öz müsbət təsirini göstərir.  Bunun nəticəsidir ki, 2019-cu ildə taxılçılıqda məhsuldarlıq 30 faizdən çox olub. Halbuki ötən illərdə həmin rəqəm 20 sentner civarında idi. Xüsusilə qeyd etmək lazımdır ki, müasir texnika və texnologiyalardan, o cümlədən suvarma sistemlərindən istifadə edən aqropark və iri fermer təsərrüfatlarında bu rəqəm 60 faizdən çoxdur. Əhalimizin sayı davamlı olaraq artaraq 10 milyon nəfəri keçsə də, onun ərzaq təminatında hər hansı bir problemin olmaması da elə bu kimi nailiyyətlərlə əlaqədardır.

Kənd təsərrüfatı sahəsi üzrə ekspert Nicat Nəsirli mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, aparılan məqsədyönlü islahatlar nəticəsində digər sahələr kimi, aqrar sahə də özünün dinamik inkişafı ilə mövcud çağırışlara cavab verərək keyfiyyətcə yeni mərhələyə daxil olub: “Halbuki müstəqilliyimizin ilk illərində torpaq payı alan kəndlinin ondan istifadə etmək üçün vəsaiti yox idi. Bu səbəbdən əkin sahələrinin çoxu istifadəsiz qalmışdı. Dövlət bu problemi aradan qaldırmaq üçün kəndliyə maddi dəstək göstərməyə başladı. Bunun bir forması da güzəştli şərtlərlə kreditin verilməsi oldu. Şübhəsiz, cari ildə də bu siyasət uğurla davam etdiriləcək”.

Ekspert  əlavə edib ki, ən vacib prioritet istiqamətlərdən biri də aqrar sahədə innovasiyaların daha geniş tətbiqinə nail olunmasıdır: “Şübhəsiz, bu il də aqrar sahəyə innovasiyaların tətbiqi, innovativ təşəbbüslərin dəstəklənməsi davam edəcək və ölkəmiz aqrar sahədə innovasiyaların daha çox tətbiq olunduğu ölkələrdən birinə çevriləcək. Digər tərəfdən,  aqrar sahədə yeni mexanizmlərin daha şəffaf və effektiv formada tətbiqi gözlənilir ki, bütün bunlar da belə deməyə əsas verir ki, bu il də kənd təsərrüfatı sahəsində uğurlu il olacaqdır. Yeri gəlmişkən, artıq yeni subsidiyalar alternativsiz olaraq elektron kənd təsərrüfatı sistemi üzərindən veriləcək. Şübhəsiz, bu il  fermerlərimizin toxum, gübrə və texnikaya əlçatanlığını daha da asanlaşdırmaqla, intensiv heyvandarlığın inkişafı, o cümlədən tütünçülüyün və pambıqçılığın məhsuldarlığını daha da artırmaqla, daha böyük nailiyyətlərə imza atılacaq. Digər tərəfdən, bu ildən kənd təsərrüfatı sahəsində aqrar sığortanın tətbiqinə də başlanacaq ki, bu da həmin sahə ilə məşğul olanların marağını daha da artıracaq. Cənab Prezidentin də qeyd etdiyi kimi, emal sənayesinin stimullaşdırılması məsələləri də gündəlikdədir. Bir sözlə, aqrar sahənin günün tələblərinə uyğunlaşdırılması davam etdiriləcək. Bu da ölkəmizdə istehlak bazarının sabitləşməsində, ixrac potensialının artmasında, idxaldan asılılığın azalmasında, eləcə də ərzaq təhlükəsizliyinin möhkəmlənməsində önəmli rol oynayacaq.

Qvami Məhəbbətoğlu, “İki sahil”