20 avqust 2019 22:22
758

Ekspert: Bu Fərman pensiyaçılara qayğının daha bir əyani göstəricisidir

Məlum olduğu kimi, Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycanda pensiya kapitalı ildə bir dəfə indeksləşdiriləcək.

Belə ki, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə Dövlət Statistika Komitəsi tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq cənab Prezidentin qərarına əsasən indeksləşdiriləcək.

İqtisadçı ekspert Vüqar Bayramov məsələ ilə bağlı qəzetimizə açıqlamasında söylədi ki, pensiyaçıların, təqaüdçülərin sosial durumlarının, həyat şəraitlərinin yaxşılaşdırılması daim Azərbaycan dövlətinin, xüsusilə cənab İlham Əliyevin sosial siyasətinin prioritet xəttini təşkil edib: “Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu kateqoriyadan olan insanlara daim xüsusi qayğı və diqqətlə yanaşırlar. Elə bu diqqət və qayğının, eyni zamanda, son bir ildə daha da geniş vüsət alan, hər bir sahəyə sirayət edən sosial islahatlar paketinin nəticəsidir ki, bu ilin cəmi bir neçə ayı ərzində pensiyaçıların, təqaüdçülərin pensiyaları iki dəfə artırılıb”.

V.Bayramov qeyd etdi ki, ölkə başçısının fevral ayında imzaladığı Fərmanla əmək pensiyaların minimum həddi 44 manat artırılaraq, 116 manatdan 160 manata, iyun ayında imzalanan növbəti Fərmanla isə 40 manat artırılaraq, 160 manatdan 200 manata qaldırılıb: “Bu, çox əhəmiyyətli bir hadisədir: “Ötən həftə Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklə bağlı Fərman imzaladı. Sənədə əsasən, əmək pensiyalarının minimum məbləği 2019-cu il oktyabrın 1-dən 200 manat məbləğində müəyyən olunur: “Həmçinin təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Bundan başqa, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Yeni dəyişikliklərə görə, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı hər ilin əvvəli əvvəlki ilin inflyasiya səviyyəsində indeksasiya olunacaq. Məsələn, əgər pensiya kapitalında 10 min manat vəsait varsa və illik inflyasiya səviyyəsi 6 faizdirsə, o zaman həmin məbləğə 600 manat əlavə olunacaq. Göründüyü kimi, bu Fərman dövlət başçısının pensiyaçılara olan münasibətinin daha bir bariz nümunəsi, əyani göstəricisidir”.

V.Bayramov qeyd etdi ki, əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində islahatlar prosesi bundan sonra da davam etdiriləcək.

Cavid Əkbərov, “İki sahil”