07 oktyabr 2019 20:02
84

Ekspert: Ermənistan Rusiyanı itirməkdə, Azərbaycan qazanmaqdadır

Məlum olduğu kimi, bu günlərdə Ermənistanda baş tutan Avrasiya İqtisadi Birliyinin həm sammiti işğalçı ölkənin, həm də baş nazir Nikol Paşinyanın tam nüfuzdan düşdüyünü göstərdi. Ermənistanın ev sahibliyi etdiyi tədbirdə baş nazir Nikol Paşinyan Prezident Vladimir Putinin onunla görüşəcəyinə ümid edirdi. Amma Putin Ermənistana səfərindən öncə onunla görüşməyəcəyini bildirmişdi. Düzdür, Paşinyan son anda Putinin qəbuluna düşə bildi. Qısa da olsa sammitin sonunda Ermənistan baş naziri ilə Rusiya prezidentinin görüşü keçirildi. Bu cür görüş Ermənistan və onun baş nazirinə olan münasibətin göstəricisi sayılmalıdır. Erməni mediası yazır ki, rəsmi İrəvan bu görüşün baş tutması üçün dəridən-qabıqdan çıxıb, dəfələrlə Moskvaya xahiş zəngləri belə edilib. Sözsüz ki, Rusiya Prezidentinin eyni ittifaqlarda təmsil olunduqları Ermənistanın baş nazirinə soyuq münasibətinin səbəbi Nikol Paşinyanın apardığı etibarsız siyasət, dünyada və regionda mövcud reallıqlardan xəbərsiz olması, yaxud şərtləri nəzərə almaması, bütün fəaliyyətinin populizmdən başqa bir şey olmamasıdır.

“Ermənistan Rusiyanı itirməkdə, Azərbaycan qazanmaqdadır” deyən “Vahid Ermənistan” Partiyasının rəhbəri Artur Qazinyan baş verənlərlə bağlı onu qeyd edib ki, Ermənistan Avrasiya İqtisadi Birliyinin zirvə toplantısında baş verənlər fonunda Rusiyadan uzaq düşdüyünü nümayiş etdirdi: “Yeni Ermənistan hakimiyyəti Avrasiya İqtisadi Birliyinin iclasını  “erməni inqilabı”nın nailiyyəti kimi təqdim etməyə nə qədər çalışsa da, mən onları məyus etməliyəm, çünki İrəvan görüş yeri olaraq Avrasiya İqtisadi Birliyinin rəhbərlərinin Paşinyanın əlini sıxmaq istəməsi üçün seçilməyib. Sadəcə ona görə seçilib ki, Ermənistan hazırda bu quruma sədrlik edir və qəbul edilmiş prosedura görə Ali Şuranın iclasları quruma sədrlik edən ölkədə keçirilməlidir. Buna görə də hökumət təbliğatçılarını vətəndaşlarımıza həqiqəti söyləməyə çağırıram. İran və Sinqapur liderlərinin Ermənistana səfəri əsasən Avrasiya İqtisadi Birliyinin Ali Şurasının iclasında iştirak etməklə əlaqədar olub və bunu Rusiya Federasiyasının Prezidenti təşkil edib. Yəni, Ermənistan hakimiyyətinin yürütdüyü xarici siyasətlə az əlaqəsi olub. Putinin Ermənistana səfəri isə bir əsas səbəbə görə baş verdi: Avrasiya İqtisadi Birliyi Putin üçün çox vacibdir və o, bu təşkilatın beynəlxalq nüfuzuna xələl gətirəcək heç bir addım atmazdı. Bu fonda Ermənistan-Rusiya münasibətləri hazırda ciddi böhran vəziyyətindədir. Bunun bariz sübutu Paşinyanın “Putinlə maraqlı söhbət olub” deməsidir. Qeyd etmək lazımdır ki, dövlət başçılarının “söhbəti” olmur, onlar arasında gündəm mövzularına dair müzakirələr və ya danışıqlar olur. Buradan aydın olur ki, Putinin Ermənistana səfəri ikitərəfli gündəliyə malik deyildi və yalnız Avrasiya İqtisadi Birliyinin Ali Şurasının iclasında iştirakı nəzərdə tutulub. Putin-Paşinyan söhbətinin nəticələri yaxın gələcəkdə məlum olacaq. Amma indidən demək olar ki, bu nəticələr Ermənistanın lehinə deyil”.

Bununla da Putinin mövqeyi Paşinyan iqtidarının Putin üçün ikinci planda olduğunu təsdiqləmiş oldu. Amma əvəzində Azərbaycan - Rusiya münasibətləri tamam fərqli bir formada inkişaf edir. Putinin İrəvana gedişi, ardınca Soçidə Azərbaycan lideri ilə görüşü, əslində regionda yeni proseslərin başlanğıcıdır və bu proseslərdə Bakı əsas faktorlardan biridir. Onu da qeyd edək ki, Nikol Paşinyandan fərqli olaraq bu gün Prezident İlham Əliyevin ən mötəbər tədbirlərə dəvət olunması, aparıcı dövlətlərin rəhbərləri, dünyada nüfuzlu ictimai-siyasi xadimlər və s. ilə görüşləri həm cənab İlham Əliyevin, həm də Azərbaycanın yüksək nüfuzunun göstəricisidir. Elə bu günlərdə Prezident İlham Əliyevin dünyanın məşhur “beyin mərkəzləri”ndən biri olan “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik sessiyasında iştirakı, habelə keçirilməsi nəzərdə tutulan çoxsaylı yüksək səviyyəli görüşlər də dövlət başçımıza dünyada olan böyük hörmətin göstəricisidir.

Sözügedən sammitdə bir sıra mövzular ətrafında geniş müzakirələr aparan cənab İlham Əliyevin çıxışında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ermənilər və dünyaya ciddi mesajlar vermiş oldu. Dövlət başçısı Ermənistanın təcavüzkar siyasətinin nəticələrini, BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur yerinə yetirilməməsi və digər mühüm məqamları diqqətə çatdırdı.

Ən önəmli məqam isə dövlət başçısı Ermənistan baş nazirinin “Qarabağ Ermənistanın hissəsidir və nöqtə” bəyanatının yalan olduğunu vurğulayaraq deyib: “Qarabağ tarixi Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.

Onu da qeyd edək ki, 4 aydan artıq bir müddətdən sonra Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüş və bu görüş ərəfəsində verilən mesajlar, həmin gün baş verən hadisələr artıq təhlil üçün ilkin nəticələrini ortaya qoyub. Birincisi, cənab İlham Əliyev “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı ilə göstərdi ki, o, vədinə sadiqdir, Dağlıq Qarabağ məsələsində tutduğu mövqedən geri çəkilməyib və Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alacaq istənilən həll modelini qəbul etməyəcək.

Mənsumə Babayeva, “İki sahil”