28 yanvar 2021 16:52
931

Ekspert: Qarabağımız dünyaya sülh, əmin-amanlıq, mədəniyyət işığı saçacaq

Prezident İlham Əliyev yanvarın 27-də Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videofarmatda qəbul edərkən düşmənin Şuşanı talan etdiyini, viran qoyub, dağıtdığını diqqətə çatdıraraq bildirib: “Şuşada olarkən, bu acı mənzərəni seyr edərkən adamın ürəyi ağrıyır. Amma biz bütün infrastruktur layihələrini icra edərək Şuşanı tez bir zamanda bərpa edəcəyik. Şuşaya gediş-gəlişin təşkil edilməsi üçün mənim sərəncamımla yol çəkilir. Füzuli hava limanı inşa edilir və bu ilin sonuna qədər istifadəyə verilməlidir. Ondan sonra beynəlxalq uçuşlar təşkil edilməlidir. Şuşa ilə bağlı indidən müxtəlif ölkələrdə təqdimatlar və sərgilər keçirilməlidir. Siz Azərbaycan Dövlət Turizm Agentliyi və Mədəniyyət Nazirliyi ilə birlikdə bu proqramı işləyin. Dünyanın müxtəlif ölkələrində Şuşanın tarixi, işğal dövrü, bugünkü bərpa işləri ilə bağlı təqdimatı keçirilməlidir. Həm Azərbaycan ictimaiyyəti, eyni zamanda, beynəlxalq ictimaiyyət bərpa işlərimizin gedişi ilə bağlı məlumatlandırılmalıdır”.

“Ölkə başçısının Şuşa və digər işğaldan azad olunmuş ərazilərimizlə bağlı verdiyi qərarların hər biri bu bölgələrin qısa zamanda bərpası və yenidən qurulması prosesinə öz müsbət təsirlərini göstərəcək”.

Bu sözləri “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev “İki sahil”ə açıqlamasında bildirib.

B. Quliyev onu da qeyd edib ki, hələ Şuşa şəhəri işğaldan azad edildiyi gün Ali Baş Komandan İlham Əliyev qədim mədəniyyət məbədimiz olan Şuşanın bizə - azərbaycanlılara məxsus olduğunu vurğuladı və dirçəldiləcəyini bəyan etdi və bu bəyanat artıq əməli şəkildə həyata keçirilməyə başlayıb: “Baxın, artıq ölkə rəhbəri Şuşa başda olmaqla erməni işğalından azad edilən bölgələrimizə xüsusi nümayəndələrini təyin edir və bu təyinetmələrin mühüm tərəfi budur ki, etimad göstərilən həmin şəxslər bilavasitə Prezidentlə mütəmadi rabitədə olmaları ilə yanaşı, həmçinin bütün detallar, tələblər ətrafında ciddi fəaliyyətlər aparacaqlar. Buraya tikinti-quruculuq işləri ilə yanaşı, təhlükəsizliyin təmin olunması və s. məsələlər də aiddir. Bu, eyni zamanda ölkəmizdə aparılan və artıq uğurlu nəticələrini verən struktur, idarəetmə islahatlarının göstəricisidir”.

“Şuşanın dirçəldilməsinə gəlincə, bu, bizim, bütöv Azərbaycan xalqının milli-mənəvi borcudur və hər birimiz bu işdə hansı vəzifədə, peşədə olmağımızdan aslı olmayaraq, daim öz töhfələrimizi verməliyik” deyən baş redaktor bildirir ki, belə olan halda işlər daha intensivləşəcək, kompleksli qaydada həyata keçiriləcək, ən mütərəqqi layihələr icra olunacaq, xüsusilə, Şuşamız əvvəlki vəziyyətindən qat-qat daha gözəl bir cənnətməkana çevriləcək. Bütün bunlar isə eyni zamanda Şuşa başda olmaqla, Qarabağımızın perpektiv bölgəyə sahib olmasına səbəb olacaq. Şuşa artıq işğalçılar tərəfindən viran qoyulmuş, saxta yollarla erməniləşdirilmiş şəhər deyil, dünyanın ən gözəl şəhəri ilaraq gələn qonaqları buraya heyran qoyacaq. Şuşa artıq “Xarı bülbül” festivalı, Vaqif poeziya günləri və digər ənənələrimiz Şuşamıza geri dönür. Ümumiyyətlə, biz yaxın zamanlarda bütünlüklə Qarabağımızın dünyaya sülh, əmin-amanlıq, mədəniyyət işığı saçacağını səbirsizliklə gözləyirik və bu baxımdan da söz yox ki, Prezident İlham Əliyevin qətiyyətli siyasəti, müdrikliyi, liderliyi ətrafında daha sıx birləşməkdəyik. Artıq Azərbaycanın Şuşası 44 günlük şücaət epopeyası ilə dünyaya səs salan qələbə və zəfərimiz ilə alınmaz qala olduğunu sübut edib. Bundan sonra da aparılan siyasət sözügedən regionumuzun çiçəklənməsi perspektivlərinə münbit təsirlərini göstərməkə davam edəcək”.

Mənsumə Babayeva, “İki sahil”