11 iyun 2019 10:39
139

Ekspert: Yaxın zamanlarda satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciət etmək mümkün olacaq

Azərbaycan Prezidenti “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” fərmanının icrasını təmin etmək məqsədilə bir sıra qanunverici aktlara dəyişiklik edib. Son Fərman kirayə mənzil fondunun yaradılması ilə bağlı mexanizmin hazırlanmasının yekunlaşdığından xəbər verir. Bu o deməkdir ki, yaxın zamanlarda vətəndaşlarımız satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciət edə biləcəklər.

"İki sahil" xəbər verir ki, bunu iqtisadçı alim Vüqar Bayramov Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli, “Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2018-ci il 1 may tarixli 30 nömrəli və “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” 2019-cu il 25 yanvar tarixli 488 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanını şərh edərkən deyib.

O, bildirib ki, yeni Fərmanla kirayə mənzilin təklif edilməsi artıq ipoteka ilə əlaqəli bütün qanunvericiliyə daxil olunub və bu da hüquqi bazanın formalaşıb başa çatması anlamına gəlir. Eyni zamanda, elektron ipoteka portalında da kirayə mənzillərə müraciət formalaşdırılacaq.

V. Bayramov vurğulayıb ki, Fondun təklif edəcəyi mənzillər ilə bağlı kirayə yaşayış sahələri barədə ətraflı məlumatın olması (binanın və ya yaşayış evinin ünvanı, yaşayış sahəsinin sayı, yerləşdiyi mərtəbə, mənzilin sahəsi, otaqların sayı, plan-cizgisi, aylıq ödənişi və s.) və bu məlumatlar üzrə istifadəsi sadə olan axtarış imkanının yaradılması həyata keçiriləcək: "Burada  məqsəd kirayə mənzilə sahib olmaq istəyən vətəndaşlarımız zonalar və eləcə də mənzil parametrləri üzrə məlumatları axrarış sistemi vasitəsi ilə əldə etməkdir.

Digər tərəfdən, kirayə müqaviləsi bağlamaq üçün müraciət etmiş şəxsin imkanının kirayə kalkulyatoru vasitəsilə ilkin olaraq müəyyənləşdirilməsi üçün kalkulyatorun hazırlanması həyata keçiriləcək.

Evə kirayə götürmək üçün isə aşağıdakı sənədlər tələb olunacaq:
- Kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd;
-Kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin nikah (və ya nikahın pozulması) haqqında şəhadətnaməsi;
- Kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin iş yerini və gəlirlərini təsdiq edən məlumatlar;
- Kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin ailə tərkibi barədə məlumatlar;
- Kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi;
- Kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin kredit bürolarında saxlanılan məlumatları;
- Kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin sosial sığorta ödənişləri barədə məlumatlar;
- Kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin məhkumluğunun olması (olmaması) barədə məlumatlar;

Kirayə evlər üçün müraciət elektron olacaq və müraciətlərə növbəlik əsasında baxılacaq".

İqtisadçı-alimin sözlərinə görə, digər vacib dəyişiklik kirayə mənzilə müraciətə yalnız İpoteka və Kredit Zəmanət Fondu vasitəsi ilə deyil, həmçinin “ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçiriləcəyidir. Bununla da vətəndaşlar, həmçinin “ASAN xidmət” mərkəzləri vasitəsilə ilə də kirayə evlərə müraciət edə biləcəklər.