18 may 2020 19:16
372

Eldar Əzizov: Dezinfeksiya işlərində hər gün 2 000-ə qədər insan iştirak edir

BŞİH başçısı: Əhalinin sayı ilə müqayisədə yoluxma sayı qənaətbəxşdir

"Bu gün Bakıda ərzaq qıtlığı yoxdur. Bu da aparılan qabaqcıl tədbirlərin nəticəsidir".

“Report” xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan əhalisinin sayı ilə müqayisədə yoluxma sayı qənaətbəxşdir:

"Bakıda dezinfeksiya işləri xəstəlik aşkar olunmazdan qabaq həyata keçirilir. Bakıda icra hakimiyyətinin balansında 11 700 bina var. Küçələr xüsusi maddələrlə yuyulur. Texnika və xüsusi maddələr baxımından çatışmazlıq yoxdur. Dezinfeksiya işlərində hər gün 2 000-ə qədər insan iştirak edir. Liftlərin təmizliyinə xüsusi fikir verilir.

E.Əzizov deyib ki, paytaxta sovet dövründən qalan 500-ə qədər bina var: "Korporativ binalarda qalan şəxslər də narahat olmasın. Əslində onlar özləri dezinfeksiya işlərini aparmalıdır. Biz də öz köməyimizi edirik".

E.Əzizov sakinlərə müraciət edərək bugünkü dövrdə qoruyucu tədbirlərə ciddi əməl etmələrini tövsiyə edib.