31 yanvar 2019 17:20
245

Əldə olunan nailiyyətlər İlham Əliyevin siyasi iradəsinin nəticəsidir

Sədaqət Vəliyeva: Azərbaycanımızı uğurdan uğura aparan amil məhz xalqın hakimiyyətə, cənab İlham Əliyevə dəstək verməsi ilə əlaqədardır

“2003-cü ildə keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin etimadını qazanan dövlət başçısı İlham Əliyevin ilk təsdiqlədiyi sənədlərdən birincisi, məhz regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramı oldu. Ötən 15 il ərzində Prezident İlham Əliyevin imzaladığı regionların sosial-iqtisadi inkişafı üzrə 3 dövlət proqramının reallaşdırılması nəticəsində bu gün Azərbaycan nəinki Cənubi Qafqaz regionunun, hətta MDB-nin ən sürətli inkişaf edən ölkəsinə çevrilib. Əminəm ki, təsdiqlənmiş 4-cü dövlət da proqramı növbəti 5 il ərzində ölkəmizin inkişafına çox böyük töhfələr verəcək”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, son 15 il ərzində həyata keçirilən 3 böyük dövlət proqramı nəticəsində respublikamızda aqrar və sənaye sahələrində ciddi dönüş yaranıb, əhəmiyyətli uğurlar əldə edilib: “Məsələn, son 15 il ərzində Azərbaycan iqtisadiyyatı dünya miqyasında rekord templərlə inkişaf edib, ümumi daxili məhsul 3,3 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, ixrac 4,7 dəfə, kənd təsərrüfatı məhsullarının ixracı təxminən 6 dəfə, valyuta ehtiyatları 24 dəfə artıb. 15 il ərzində Azərbaycana təxminən 250 milyard dollar sərmayə qoyulub, sahibkarlara verilən kreditlərin məbləği 2 milyard manatı ötüb, 2 milyon yeni iş yeri yaradılıb. Son 15 il ərzində maaşlar 7, pensiyalar da 9 dəfə artıb. Həmçinin, Sumqayıt Kimya Sənaye Parkı, Sumqayıt Texnologiya Parkı, Mingəçevir Yüngül Sənaye Parkı, Gəncə şəhərində sənaye müəssisələrinin, Neftçala, Hacıqabul, Masallı, Sabirabad sənaye məhəllələrinin, eləcə də, 17 aqroparkın yaradılması, növbəti illərdə isə sənaye məhəllələrinin və aqroparkların sayının artırılmasının planlaşdırılması Azərbaycan üçün uğurlu perspektiv vəd edir”.

“Bu gün respublikamız əldə olunan nailiyyətlər əsasında beynəlxalq təşkilatların hesabatlarındakı reytinqlərdə də ön sıralarda qərarlaşıb” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, Azərbaycan dövləti müasir infrastruktur yaratmaq göstəricilərinə görə MDB-də ön sıralardadır, aparılan köklü islahatlar, investisiya iqliminin yaxşılaşdırılması nəticəsində isə Dünya Bankının “Doing Business” hesabatında dünya miqyasında 25-ci yerdədir: “Bütün əldə olunan nailiyyətlər əlbəttə ki, Azərbaycanda həyata keçirilən uğurlu siyasi kursun, cənab Prezident İlham Əliyevin siyasi iradəsinin nəticəsidir. Azərbaycanımızı uğurdan uğura aparan amil isə məhz xalqın hakimiyyətə, cənab İlham Əliyevə dəstək verməsi ilə əlaqədardır. Azərbaycandakı xalq-iqtidar birliyi ölkəmizin bundan sonra da çox böyük nailiyyətlər əldə etməsinə səbəb olacaq”.