21 noyabr 2019 21:09
834

Eldəniz Səlimov: Azərbaycan gücləndikcə onu istəməyən qüvvələrin də sayı artır

Müxtəlif dövrlərdə Azərbaycana təsir cəhdlərinin şahidi olmuşuq. Hər zaman da bu kampaniyalar uğursuzluqlarla nəticələnmişdir. Bu gün özlərini mühacir adlandıran şəxslər sadəcə olaraq alətlərdir. Çunki Azərbaycan güclü dövlətdir, dövlət institutları peşəkar fəaliyyət göstərir, xalq-iqtidar birliyi yüksək səviyyədədir. 

Bu fikirləri İkisahil.TV-yə açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov bildirib.

Eldəniz  Səlimov qeyd edib ki, müasir  Azərbaycan dünya miqyasında ən inkişaf etmiş, stabil  ölkələrdən biridir  və xalqımız Prezidentimiz İlham Əliyevin  rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasəti   dəstəkləyir,  dövlətimizin rəhbərliyinə  öz yüksək inam və etimadını qətiyyətlə nümayiş etdirir. Təəssüf edirəm ki, özlərini mühacir adlandıran şəxslər birbaşa və ya dolayı olsa da bu kampaniyalara qoşulurlar. Bu isə müstəqil Azərbaycan uğrunda həlak olan insanların xatirəsinə hörmətsizlikdir. Əsl vətənpərvərlik nümunəsi vətəni gözdən salmağa yox, onu gücləndirməyə çalışmaq olardı. Daha güclü Azərbaycanın olması üçün isə hər bir azərbaycanlı öz əlindən gələni etməlidir. Bugünkü inkişaf edən Azərbaycan hər bir azərbaycanlının qorumalı olduğu sərvətdir. Şübhəsiz ki, Azərbaycanın inkişafından narahat olan qüvvələr də yox deyil. Onlar ölkəmizin əldə etdiyi uğurları həzm edə bilmirlər. Əlbəttə, antimilli mövqedə duran bu satqın qaragüruh dəstələr daxildə və xaricdə Azərbaycanın əleyhinə qarayaxma kampaniyası aparırlar. Bu proses bu gün də davam edir. Məsələnin  kökündə isə beynəlxalq aləmdə Azərbaycan haqqında mənfi fikir yaratmaq, ölkəmizi iştirakçısı olduğu mühüm beynəlxalq  layihələrdən təcrid etmək, ən əsası isə qazanılan uğurlara kölgə salmaqdır. Xaricdəki bəlli dairələr məqsədlərinə çatmaq üçün müxtəlif çirkin metodlardan, o cümlədən xaricdə yaşayan bəzi üzdəniraq mühacir azərbaycanlılardan da istifadə etməyə çalışırlar. Ancaq təcrübə göstərir ki, onların səyləri əbəsdir. Çünki onları ölkəmizin daxilində dəstəkləmirlər. Ümumiyyətlə, beynəlxalq aləmi kiminsə Azərbaycan haqqında çirkin fikirləri deyil, real vəziyyət maraqlandırır. Buna görə də ermənipərəst qüvvələrin anti-Azərbaycan kampaniyasının heç bir nəticəsi yoxdur, ola da bilməz.

E.Səlimov vurğuladı ki, radikal müxalifətin, eləcə də xaricdə yaşayan bəzi azərbaycanlıların ölkəmiz haqqında mənfi rəy formalaşdırmaq istəyi iflasa məhkumdur. Azərbaycanda hər zaman sərbəst toplaşma azadlığı var. Amma nəzərə alınmalıdır ki, demokratiya anarxiya, xaos deyil. Qanunlar işləməyən yerdə demokratiya yoxdur. Azərbaycan hüquqi dövlətdir, ölkəmizdə həm sərbəst toplaşma, həm də digər demokratik azadlıqlar təmin edilib. Bu məsələdə Azərbaycan bir çox dünya ölkələri üçün nümunədir. Avropada mitinqlərin dağıdılması üçün atlardan, itlərdən istifadə edilir. Fransanın özündə “sarı jiletli”” hərəkatını dağıtmaq üçün polisin necə güc tətbiq etdiyi gözümüzün qarşısındadır. Hesab edirəm ki, dağıdıcı müxalifətin bu yanaşmalarının heç bir əsası yoxdur. Azərbaycan xalqı bu qüvvələrin əsas niyyətini çox gözəl bilir. Ölkə Prezidentinin nüfuzu kifayət qədər yüksəkdir və Onun həyata keçirdiyi siyasət xalq tərəfindən dəstəklənir. Çünki onların dediklərinin əksi olaraq, Azərbaycan inkişaf etməkdə davam edir, nəhəng iqtisadi layihələr həyata keçirilir, iqtidar qarşısına qoyduğu hədəflərə çatır.

Eldəniz Səlimov diqqətə çatdırdı ki, Azərbaycan gücləndikcə dostlarının olduğu kimi, onu istəməyən qüvvələrin də sayı artır. Buna əsas səbəblərdən biri isə erməni diasporu və onların müttəfiqləridir. Hərbi və siyasi müstəvidə mübarizə apara bilməyən ermənilər vaxtaşarı müxtəlif kampaniyalar təşkil etməklə Azərbaycanı gözdən salmağa çalışırlar. Heç şübhəsiz ki, xaricdə və ölkə daxilində radikal mövqe tutanlar kiminsə əlində alət olduqları üçün istifadə olunub atılacaqlar.

Şəmsiyyə Əliqızı,

Könül Əliyeva,  “İki sahil”