12 avqust 2020 18:24
1452

Elə bir möhkəm təməl yaratmışıq ki, istənilən böhranla əlaqədar öz düzgün addımlarımızı atırıq

Dövlətimizin başçısı İlham Əliyev koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi  müşavirədə hədəfləri açıqlamaqla yanaşı, onlara nail olmağın yollarını da diqqətə çatdırmışdır

 


Son 17 ildə ölkəmizin sosial-iqtisadi inkişafının əsas istiqamətləri dövlətimizin başçısı İlham Əliyevin bu müddətdə  imzaladığı Fərman və sərəncamlarda, təsdiqlədiyi  Dövlət proqramlarında öz əksini tapıb. Cari ildə dünyanı bürüyən koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin ölkəmizdə də gücləndirildiyini nəzərə alsaq, iqtisadı və sosial tədbirlərin miqyasının daha geniş olduğunu və davamlı xarakter aldığını görərik. Cənab İlham Əliyev ilk gündən bildirdi ki, heç bir sosial layihə təxirə salınmayacaq, iqtisadi islahatlar daha da dərinləşdirilməlidir. Bu günlərdə cənab İlham Əliyevin koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi  müşavirə ötən dövr ərzində dövlətimizin başçısının istər insanların sağlamlığı, istərsə də sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atdığı addımların ümumi mənzərəsini yaratdı. Dövlətimizin başçısı bu  addımların  davamlılığını təmin etmək üçün iqtisadi dayanıqlılığı  vacib amil kimi önə çəkdi, aidiyyəti qurumlara, dövlət şirkətlərinə və müəssisələrə tapşırıqlarını verdi. 

    Pandemiya dövrünün reallıqları bir daha təsdiqləyir ki, konkret strategiya, təkmil inkişaf modeli olmadan  iqtisadiyyatı inkişaf etdirmək qeyri-mümkündür.  Ulu öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi bugünümüz üçün möhkəm bazanın əsası oldu.  Cənab İlham Əliyev  avqustun 10-da Bakı dərin özüllər zavodunda  «Qarabağ» yatağının  dayaq blokunun dənizə yola salınması mərasimi çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində Azərbaycanın bugünkü uğurlarında   Ümummilli Liderin müəllifi olduğu neft strategiyasının rolunu əsaslı şəkildə diqqətə çatdırmışdır. 

     Neft siyasətinin məntiqi davamı olaraq  2003-cü ildən iqtisadi artımın enerji sektorundan asılılığını minimuma endirməyi qarşıya mühüm vəzifə kimi qoyan dövlətimizin başçısı İlham Əliyev neftdən əldə olunan gəlirləri qeyri-neft sektorunun inkişafına, bir sözlə, iqtisadiyyatın şaxələndirilməsinə yönəltməklə bugünkü reallıqların əsasını qoydu. Regionların potensial imkanlarından maksimum istifadə etmək məqsədilə təsdiqlənən regional inkişaf proqramlarının uğurlu icrası öz müsbət nəticəsini verir. Əsas hədəflərdən olan regionların sosial-iqtisadi inkişafı, iqtisadi və sosial sahədə islahatların təkmilləşdirilməsi, məşğulluğun təmin edilməsi kimi məsələlər həllini tapır. Sahibkarlığın inkişafı bütün dövrlər üçün öz aktuallığını qoruyur. Pandemiya dövründə həyata keçirilən  Tədbirlər Planında  yer alan müddəalara diqqət yetirdikdə bu sahənin prioritetliyi özünü qabarıq şəkildə büruzə verir. Təbii ki, inhisarçılığı aradan qaldırmadan sahibkarlığı inkisaf etdirmək, idarəetmə sistemini təkmilləşdirmədən iqtisadi islahatları sürətləndirmək, qeyri-neft sektorunun və regionların inkişafını təmin etmədən işsizlik və məşğulluq problemlərini həll etmək mümkün deyil. Dövlətimizin başçısının qeyd olunan istiqamətlərdə atdığı addımlar nəinki ölkə daxilində, hətta beynəlxalq səviyyədə təqdir edilir.  Cənab İlham Əliyevin Fərmanı əsasında Azərbaycan İnvestisiya  Holdinqinin yaradılması da idarəçilik sistemində təkmilləşməyə, yeniləşməyə, şəffaflığın təmin olunmasına xidmət edir. Azərbaycanın dövrün, zamanın çağırışlarını belə  mühüm əhəmiyyət kəsb edən addımları ilə cavablandırması beynəlxalq maliyyə qurumlarının, xüsusilə Dünya Bankının hesabatlarında  ən islahatçı ölkələr sırasında qərarlaşmasını şərtləndirir.

  Təkcə cari ilin ötən dövründə dövlətimizin başçısı İlham Əliyevin bölgələrə səfərlərinin  statistikasına diqqət yetirsək, bu  reallığı böyük inamla qeyd edə bilərik ki, hər zaman vətəndaşının yanında olan Prezidentimiz regional inkişaf proqramlarından irəli gələn vəzifələrin icrası ilə yaxından tanış olmaq istəyini ortaya qoymaqla  vətəndaş məmnunluğunun artırılmasına səy göstərir.  2020-ci ilin ötən dövründə  Kürdəmir, Goranboy, Şəmkir, Qazax, Ağstafa, Tovuz, Şamaxı, Tərtər, Ağcabədi, Gəncə, Samux, Mingəçevir,  Qobustan, İsmayıllı, Balakən,  Şəki, Qəbələ rayonlarına səfərlər edən ölkə Prezidentinin hər bir səfəri yeni sosial obyektlərin açılışı, təməlqoyma mərasimlərinin keçirilməsi, eyni zamanda, səfərdən sonra həmin rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə  əlavə Tədbirlər Planını təsdiqləməsi və Prezidentin Ehtiyat Fondundan müəyyən məbləğdə vəsaitlərin ayrılması ilə yadda qalır. Qeyd edək ki, təkcə son Qobustan, İsmayıllı, Balakən, Şəki və Qəbələ rayonlarına səfəri zamanı 11  obyektin açılışı oldu,  səfərdən sonra  14 Sərəncam imzalandı, bu sənədlər əsasında həmin bölgələrdə  infrasruktur layihələrinin icrasına 71, 2 milyon  vəsait ayrıldı. Göründüyü kimi, koronavirus infeksiyasının bütün dünyada  yaratdığı böhrana baxmayaraq, ölkəmizdə iqtisadi inkişafın  təmin edilməsi, onun əsas tərkib hissələrindən biri kimi bölgələrin tərəqqisi diqqətdən kənarda qalmır.   

Əvvəldə də qeyd etdiyimiz kimi, əsas məsələlərdən biri vətəndaşların özünüməşğulluğunun təmin edilməsi və bu istiqamətdə atılan addımların davamlılığına diqqətin artırılmasıdır. Bu məqsədlər  «ASAN xidmət», ABAD mərkəzlərinin coğrafiyasının genişləndirilməsini zərurətə çevirir.  Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı əsasında 2013-cü ildə fəaliyyətə başlayan “ASAN xidmət»  mərkəzlərinin sayı 20-yə çatıb. Balakən rayonuna səfəri zamanı Balakən regional «ASAN xidmət» mərkəzinin açılışında iştirak edən dövlətimizin başçısı bildirmişdir ki, əsas məsələ odur ki, insanlar daha da yaxşı yaşasınlar, öz maddi vəziyyətlərini yaxşılaşdırsınlar: «O insanlar ki, hələ öz maddi vəziyyətlərini tam təmin edə bilmirlər, onların köməyinə dövlət gəlir. Bu gün Azərbaycanda 84 min ailə ünvanlı sosial yardım alır. Bu il 90 min insan üçün ictimai ödənişli iş yerləri açılır. ABAD mərkəzlərinin yaradılması, əslində, özünüməşğulluq proqramının tərkib hissəsidir. İlk ABAD-çılar məhz Balakən rayonunun sakinləridir. Onların istehsal etdikləri məhsullar indi ölkəmizin müxtəlif yerlərində satılır, ixrac edilir.»

    «O ki qaldı, “ASAN xidmət” mərkəzlərinin coğrafiyasının genişlənməsinə, bu da planlı şəkildə həyata keçirilir» söyləyən cənab İlham Əliyev vurğulamışdır ki,  Balakən regional «ASAN xidmət» mərkəzi sayca 20-cidir. Hazırda yeddi mərkəzin tikintisi davam edir. Gələn ilin sonuna ölkəmizdə  27 “ASAN xidmət” mərkəzinin olacağı qeyd edilir. İctimai xidmətlər sahəsində “ASAN xidmət”in xətti ilə aparılan islahatlar nəinki bu sahəni nümunəvi sahəyə çevirib, eyni zamanda, cəmiyyətdəki münasibətlərə də çox müsbət təsir göstərir. Bu gün xidmətin əhali tərəfindən bəyənilmə əmsalı 99,4 faizdir. 

Nəzərə alsaq ki, özünüməşğulluq proqramının icrası prioritetdir, «ASAN xidmət», ABAD və DOST layihələrinin əhəmiyyəti özünü qabarıq şəkildə büruzə verir. Ailə təsərrüfatlarına asan dəstəyin göstərilməsi məqsədilə həyata keçirilən ABAD-ın  əhəmiyyəti pandemiya dövründə bir daha diqqəti çəkdi. Belə ki, əvvəldə də qeyd etdiyimiz kimi, dövlətimizin başçısının heç bir sosial layihənin təxirə salınmayacağı tələbinə uyğun olaraq məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət həyata keçirilir. Ölkə Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir öz əksini tapıb. Dövlətimizin başçısı tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsit ayrılıb. Aprel-may aylarında işsizlərə və xüsusi karantin rejiminə görə işini itirən 600 min, iyun ayında isə 290 min şəxsə  ölkə üzrə yaşayış minimumu səviyyəsində, yəni 190 manat birdəfəlik ödəmə verildi.

Cari ildə özünüməşğulluq proqramının genişləndirilməsi və icrasının sürətləndirilməsi məqsədilə 12 min ailənin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulub.  Dünya Bankı ilə layihənin icrasına başlanılıb və hər il 5 min ailənin özünüməşğulluğu təmin ediləcək. Pandemiya dövründə  Prezident İlham Əliyevlə Dünya Bankının yeni vitse-prezidenti və digər nümayəndələri arasında keçirilən videokonfransda da bu məsələyə xüsusi diqqət yönəldilmişdir. Dövlətimizin başçısı özünüməşğulluq proqramı ilə bağlı Azərbaycana dəstək göstərilməsinə dair müraciətə dərhal cavab verdiyinə görə quruma xüsusi minnətdarlığını bildirərək qeyd etmişdir ki, həmin müraciət 2019-cu ilin yanvarında təqdim olunub və bir ildən də az müddətdə bütün hazırlıq işləri tamamlanıb: “Mənə məlumat verilib ki, Dünya Bankının özünüməşğulluq layihəsində iştirakı təxminən 100 milyon ABŞ dolları həcmində olacaq. Buna görə təşəkkür edirik. Bu il biz bu proqramla 15 minə yaxın adamı əhatə etməyi planlaşdırırıq və əlbəttə ki, Dünya Bankı tərəfindən əlavə maliyyələşdirmə yüksək qiymətləndirilir və alqışlanır.” Cənab İlham Əliyev Dünya Bankının “Doing Business” reytinqində Azərbaycanın mövqeyinə diqqəti yönəldərək bildirmişdir ki, bu, bizim üçün çox uğurlu sahələrə diqqəti yönəltmək üçün bir növ motivasiya idi. Bu məqsədlə hökumətin, Administrasiyanın və müvafiq nazirliklərin üzvlərindən ibarət xüsusi komissiya yaradılıb. Qısa müddətdə əsaslı irəliləyişə nail olunub. Bu isə öz növbəsində ölkədə bisnes mühitini yaxşılaşdırır, daha cox investisiyalardan faydalanmağa əsas verir. “Təbii ki, biz qeyri-enerji sektoruna investisiya yatırılmasında maraqlıyıq” söyləyən dövlətimizin başçısı pandemiya dövründə iki əsas prioritetin olduğunu bildirmişdir. 

   Bu günlərdə  BMT-nin “Dayanıqlı inkişaf indeksi” ilə bağlı yeni hesabatı işıq üzü gördü.  Həmin  hesabatda Azərbaycan keçən ilə nisbətən irəliləyərək 54-cü yerdə qərarlaşıb. Bu göstəriciyə görə Azərbaycan regionda liderdir. «Baxmayaraq ki, ümumi daxili məhsul bir qədər aşağı düşüb, bu da təbii səbəblər üzündən baş verib. Bütövlükdə ilin altı ayını müsbət qiymətləndirmək olar» söyləyən dövlətimizin başçısı İlham Əliyev bu tələbi bütün aidiyyəti qurumların qarşısına qoyur ki, ilin sonuna qədər qarşıda duran bütün vəzifələr icra edilməlidir: « Hesab edirəm ki, investisiya proqramı tam icra ediləcəkdir. Məndə olan məlumata görə, altı ayda investisiya proqramı 40 faiz səviyyəsində icra edilib.  Bunun əsas səbəbi odur ki, bu sahədə də şəffaflıq təmin edilir, satınalmalarla bağlı islahatlar aparılır, tender prosedurları gözlənilir. Buna mən göstəriş vermişəm. Amma, eyni zamanda, hamımız yaxşı başa düşürük ki, investisiya proqramı həm ölkə üçün lazımi infrastrukturun yaradılmasına xidmət göstərir, eyni zamanda, məşğulluq üçün də önəmli amildir. Ona görə çalışın, investisiya proqramı ilin sonunadək tam icra edilsin.»

     Özünüməşğulluq perspektivli proqramdır. Proqramın uğurlu icrası bölgələrdə məşğulluq probleminin həllinə öz müsbət təsirini göstərəcək.    Kənd təsərrüfatının əsas sahəsinin aqrar sektor olduğunu nəzərə alsaq,  pandemiya dövründə bu istiqamətdə atılan addımların davamı kimi sərt karantin rejimində fermerlərin fəaliyyətinə qadağaların qoyulmadığını  xüsusi qeyd etməliyik. Fermerlər yerli icra hakimiyyəti orqanlarına müraciət edərək  adlarını icazə portalına daxil etməklə  sərbəst şəkildə kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olmaq üçün sahələrə çıxmaq imkanı əldə edirlər.  Mövsimi işlər və digər təsərrüfat işləri ilə bağlı rayonlararası hərəkətin təşkilini  Dövlət Aqrar mərkəzləri təmin edir.  Sərt karantin rejimi tətbiq olunan rayonlarda fermerlər icazə almaq üçün həmin mərkəzlərə müraciət etməklə  adlarının elektron kənd təsərrüfatı informasiya sistemində olmasını  əsas götürməklə  icazə portalına daxil olurlar.

    Göründüyü kimi,  COVID-19 məşgulluğun təminatı istiqamətində atılan addımların davamlılığına maneçilik törətmir. Çünki  dövlət ən çətin anlarda belə vətəndaşının yanında olmaqla yanaşı, sosial müdafiəsinin gücləndirilməsi üçün ciddi addımlar atır. Bu gün dövlətimizin başçısı İlham Əliyevin karantin rejiminin yumşaldılmasına baxmayaraq, yəni  COVID-19-la mübarizənin nəticələrindən razı olsa da dövlət şirkətlərinin və müəssisələrinin fəaliyyəti ilə bağlı iradlarını bildirməsi də deyilənlərin təsdiqidir. Əsas olan budur ki, ölkənin iqtisadi inkişafının dayanıqlığı təmin edilsin,  artan iqtisadi və maliyyə imkanları əsasında  qarşıya qoyulan, hədəflənmiş  sosial layihələr uğurla həyata keçirilsin, vətəndaş məmnunluğu yüksəlsin. Cənab İlham Əliyevin vurğuladığı kimi, pandemiyaya qarşı mübarizə tədbirlərinə başlayanda iki seçim qarşısında qalan Azərbaycan  iqtisadiyyatın inkişafına deyil, insanların sağlamlığının qorunmasına önəm verdi. Bu seçim iqtisadi inkişafa öz mənfi təsirini göstərsə də, postpandemiya dövrü üçün nəzərdə tutulan iqtisadi və sosial inkişaf modeli   bu fəsadları aradan qaldırmağa imkanlar yaradacaq. 

   Bir sözlə, əldə edilən uğurlar bir daha Azərbaycanın dünyaya təqdim etdiyi inkişaf modelinin istər pandemiyadan əvvəl, istər pandemiya, istərsə də postpandemiya dövründə nümunəviliyini  təsdiqləyir. Sözsüz ki, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişafı xüsusi  əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu gün bölgələr arasında sağlam rəqabət gedir. Ölkə ictimaiyyəti irəli sürülən bütün təşəbbüsləri dəstəkləyir və bu, ümumilikdə hərtərəfli inkişafı daha da sürətləndirir. Cənab İlham Əliyev bölgələrə səfəri çərçivəsində  ictimaiyyət nümayəndələri ilə görüşündə Azərbaycanın iqtisadi imkanlarından  geniş bəhs edərək bu əminliyi də səsləndirir ki, ölkəmiz bundan sonra da uğurla inkişaf edəcək: “ Bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkədir, sabitlik adasıdır, təhlükəsizlik adasıdır, inkişaf, quruculuq yeridir. Bunun təməlində Azərbaycan xalqının zəhməti, xalq-iqtidar birliyi dayanır.” O da qeyd edilir ki, həm ilin əvvəlində nəzərdə tutulmuş layihələr, sahibkarlara güzəştli şərtlərlə kreditlərin, subsidiyaların verilməsi, kənd təsərrüfatının stimullaşdırılması, eyni zamanda, pandemiya ilə əlaqədar görülmüş işlər ümumilikdə dövlətimizin siyasətini tam şəkildə əks etdirir.

     Bu günlərdə Milli  Məclisdə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə edildi və birinci oxunuşda qəbul olundu.  Bu addımı şərtləndirən amillər təbii ki,  gəlirlərin azalması, xərclərin artması idi.  Hökumətin təklifləri sırasında  neftin qiymətinin 55 dollar yox, 35 dollar səviyyəsində götürülməsi və ilin sonuna qədər  xərclərin bu rəqəm əsasında planlaşdırılması yer almışdır. Dövlətimizin başçısı İlham Əliyev «Bu da Azərbaycan dövlətinin istənilən böhrana hazır olduğunu göstərir» söyləyərək bildirir ki, çünki biz elə bir möhkəm təməl yaratmışıq ki, istənilən böhranla əlaqədar öz düzgün addımlarımızı atırıq və neftin qiyməti hətta 35 dollar səviyyəsində olsa belə, Azərbaycan bütün sosial öhdəlikləri yerinə yetirəcək, ölkəmiz üçün lazım olan infrastruktur layihələrini icra edəcək, ölkəmizin hərbi potensialının möhkəmləndirilməsi üçün əlavə vəsaitin təşkil edilməsinə də çatacaq. Dürüstləşmə ilə əlaqədar, əlbəttə ki, ilk növbədə, sosial və digər layihələr nəzərdə tutulur.

Pandemiya dövrünün reallıqları bir daha beynəlxalq səviyyədə etiraf olunan bu fikrin təsdiqidir ki,   inkişafın Azərbaycan modelinin öyrənilməsi və tətbiqi mütləqdir.

Yeganə Əliyeva, «İki sahil»