21 yanvar 2021 16:02
1386

Elektrik enerjisinin alınması üçün qeyri-adi mənbələr

Alternativ enerji mənbələri zaman keçdikcə ön plana keçir. Bəzi ölkələr gələcək planlarını bütün infrastrukturu alternativ enerji mənbələrinə uyğunlaşdırmaqla qururlar. Günəş panelləri, külək enerjsi, su elektrik stansiyalarından başqa alternativ enerji almaq üçün bir çox maraqlı və qeyri-adi mənbələr də var:

Şotland viskisi ilə işləyən elektrostansiyalar

Viskinin hazırlanması zamanı həqiqətən də çox miqdarda karbohidrat və protein kütləsi artıq qalır ki, onu enerjiyə çevirərək faydalanmaq mümkündür. “Helius Energy” şirkəti dünyada ilk dəfə şotland viskisinin distilləsi zamanı qalan qalıqlarla işləyən elektrostansiya quraşdırıb.

“Soccket” futbol topu

“Soccket” şirkəti eyni zamanda, kiçik elektrostansiya rolunu oynayan futbol topu hazırlayıb. Futbolçular topa təpik vurduqca, top enerji hasil edir. Bu yolla bir neçə saatlıq oyun zamanı bir gecə boyunca işıqlanma üçün diod lampanı işə salmaqla enerji toplamaq mümkündür.

Çin sahillərində “OTEC” elektrostansiyası

Artıq bir neçə on ildir ki,okeanın üzündə və dərinliyindəki suyun temperaturunun fərqindən enerji almağa imkan verən texnologiya mövcuddur. Bir neçə il sonra Çinin cənub sahillərində bu texnologiya ilə işləyən elektrostansiyalar işə salınacaq. Bu işlə məşhur “Lockheed Martin” şirkəti məşğuldur.

Qan damarlarında turbin

İsveçrənin Bern şəhərindən olan alimlər gələcəkdə insanın qan damar sisteminə yerləşdiriləcək miniatür turbinlər hazırlayıblar. Turbinlər elektrik kardiostimulyatorun işləməsi üçün enerji verəcək.

“VolcanElectrik Mask” vulkandan enerji alan göydələn

“eVole 2013” konkursu çərçivəsində çinli arxitektorlar “VolcanElectric Mask” adlı göydələn layihəsini təqdim etmişdilər. Göydələn vulkanın üzərində yerləşəcək və onun Yerin üzünə qalxan maqmasından enerji əldə edəcəkdir.

“Geneco”nun “VW Bio-Bug” avtomobili

Britaniyanın “Geneco” şirkəti insan nəcisindən metan əldə edə bilən texnologiyanı işləyib hazırlayıb və həmin enerjini “VW Beetle” avtomobilinə yönəldərək  maşının adını “VW Bio-Bug”a (VW Bio-böcək) dəyişib.

İctimai nəqliyyatda turniketlərdən enerji

 Yaponiyanın ən çox sərnişinə malik “Şərqi Yaponiya” dəmiryolu şirkəti hər turniketi elektrik enerjisi generatoruna çevirməyə qərar verib. Oradan keçən insanlar özləri də bilmədən elektrik enerjisi hasil edilməsinə səbəb olacaqlar.

“BioWawe” sualtı cərəyanlardan enerji

 Avstraliyanın “Bio Power Systems” şirkəti Avstraliya ətrafındakı sularda mövcud olan cərəyanlardan faydalı məqsədlər üçün istifadə etməyi qərara alıb. Nəticədə elektrik enerjisinin hasili üçün “BioWawe” elektrik stansiyası yaradılıb.

Elektrik lampalarına enerji ötürən yelləncəklər

“Giraffe” layihəsi ilə yelləncəkdə yellənən hər kəs dünyanı daha da işıqlı və parlaq edə bilər. Belə ki, bu yelləncəklər eyni zamanda, küçə lampaları üçün elektrik generatoru rolunu oynayır.

Nubar Süleymanova, "İki sahil"