19 mart 2019 10:43
1138

Elektron ödəmə terminalları ləngimələrin qarşısını alacaq

Gömrük ödənişləri ilə bağlı Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsində, Hava Nəqliyyatında Baş Gömrük İdarəsində, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsində, Sumqayıt Baş Gömrük İdarəsində, həmçinin iki sərhəd gömrük postunda - Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunun və Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal nəzarət xəttində elektron ödəmə terminalları quraşdırılıb və istifadə edilir. Bu barədə jurnalistlərə Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəis müavini Azər Abasov  məlumat verib.

A.Abasovun sözlərinə görə, “Azərpoçt”un ödəmə məntəqələri ilə paralel olaraq istifadə ediləcək bu terminalların quraşdırılmasına artıq bir ay öncədən başlanılıb. Qısa müddət ərzində digər gömrük postlarının həm idxal, həm də ixrac nəzarət xəttində elektron ödəmə terminalları qoyulacaq.

Düzdür, bəlkə də  ilk baxışda hər gün  tez-tez rastlaşdığımız elektron ödəmə terminallarının gömrük idarə və postlarında da quraşdırılması elə də əhəmiyyətli görünməyə bilər. Ancaq...

Ötən həftə Dövlət Gömrük Komitəsi tərəfindən jurnalistlər üçün təşkil edilən “Gömrük islahatları: şəffaf gömrük, asan və sürətli ticarət” mövzusunda təlim çərçivəsində kütləvi informasiya vasitələrinin əməkdaşlarının Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postuna  səfəri zamanı burada  türkiyəli sürücülərin  narazlıqlarının şahidi olublar. Lakin yerindəcə araşdırma nəticəsində məlum olub ki,  narazılığa səbəb gömrük xidmətinin fəaliyyəti deyil, “Azərpoçt”a məxsus ödəniş məntəqəsinin işindəki ləngimələrdir. Bu isə öz növbəsində gömrük postundan keçən nəqliyyat vasitələrinin sürücülərinin narazılığına səbəb olmaqla yanaşı, burada sıxlıqların da  yaranmasına gətirib çıxarır.

Lakin bu məsələnin DGK-ya aid olub-olmamasının gömrük postundan keçən şəxs üçün elə də əhəmiyyəti yoxdur. Reallıq ondan ibarətdir ki, səbəbindən asılı olmayaraq ləngimələr həm vaxt itkisi, həm də uzun növbələrin, sıxlıqların yaranması ilə nəticələnir. Ancaq istənilən halda gömrük postlarında sürətli keçidi qarşısına məqsəd qoymuş DGK  səbəbindən asılı olmayaraq istənilən ləngimənin qarşısını almaqda maraqlı olmalıdır və son bir ilə yaxın müddətdə gömrük sahəsində aparılan islahatların bir hədəfi də budur.

DGK-nın Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Mirqasım Vahabov  jurnalistlərə bildirib ki, sözügedən ləngimənin birbaşa gömrüklə əlaqəsi olmasa da, rüsumların ödənilməsində də yeniliklər edilməsi və bu sistemin də sürətləndirilməsi barədə layihə üzərində işlər gedir, yaxın gələcəkdə ödəmə terminalları və ya başqa bir üsulla gecikmələrin qarşısı alınacaq. 

Artıq bir neçə ildir ki, əhalinin ödənişlər üçün müraciət etdiyi elektron ödəmə terminalları sürətli olması və çoxsaylı xidmətləri ilə vaxta qənaətə, insan amilindən asılılığın azalmasına imkan  verməklə insanların rahatlığına xidmət edir.  

Belə görünür ki, gömrük idarələrində və postlarında da quraşdırılmasına başlanılan  elektron ödəmə terminalları gömrük sahəsində aparılan islahatların bir elementi olmaqla sürətli keçidin təmin edilməsinə, vətəndaş-məmur təmasının minimuma endirilməsinə şərait yaratmış olacaq.

Ceyhun Piriyev, “İki sahil”