18 iyul 2019 14:14
562

Əli Əhmədov Nazirlər Seqmentində çıxış edib

Azərbaycanın Baş Nazirinin müavini BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunun Nazirlər Seqmentində çıxış edib

ABŞ-ın Nyu-York şəhərində səfərdə olan Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Əhmədov BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunun dövlət və hökumət rəsmilərinin iştirak etdikləri Nazirlər Seqmentində çıxış edib.

AZƏRTAC xəbər verir ki, Əli Əhmədov Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar, o cümlədən inklüziv və bərabər keyfiyyətli təhsilin təmin edilməsi, dayanıqlı iqtisadi artımın, tam və səmərəli məşğulluğun, layiqli işlə təmin olunmanın dəstəklənməsi, “heç kimin geridə qalmaması” prinsipinə əsaslanaraq əhalinin həssas təbəqəsinin sosial vəziyyətinin yaxşılaşdırılması barədə ətraflı məlumat verib. O, son 15 ildə 2 milyondan çox iş yerinin yaradıldığını, əməkhaqları və pensiyaların dəfələrlə artırıldığını, sosial infrastrukturun əhəmiyyətli dərəcədə yaxşılaşdırıldığını diqqətə çatdırıb.

Baş Nazirin müavini Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası istiqamətində fəaliyyətlərin səmərəli əlaqələndirilməsi məqsədilə yüksək səviyyəli Milli Əlaqələndirmə Şurasının yaradıldığını, DİM-lərə inteqrasiya prosesinin davam etdirildiyini və bütün maraqlı tərəflərin bu prosesə cəlb edilməsi üçün respublika səviyyəsində müxtəlif ictimai dinləmələrin həyata keçirildiyini bildirib.

Eyni zamanda, Baş Nazirin müavini, ölkəmizdə DİM-lərə nail olunması istiqamətində əsas çətinliklərdən bəhs edərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında beynəlxalq ictimaiyyətin nümayəndələrini bir daha məlumatlandırıb, münaqişə nəticəsində erməni işğalçıları tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu və 1 milyondan çox soydaşımızın yurd-yuvalarından qaçqın və məcburi köçkün düşdüyünü, bütün bunların ölkədə dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında çətinliklər yaratdığını diqqətə çatdırıb. O, BMT-nin Təhlükəsizlik Şurasının münaqişəyə dair qəbul etdiyi qətnamələrin hələ də yerinə yetirilmədiyini vurğulayıb.