11 sentyabr 2019 14:14
141

Əli Əhmədov: O insanların Azərbaycan siyasətinə təsir etmək cəhdləri həm təhlükəli, həm də yolverilməzdir

Təəssüf ki, xaricdə fəaliyyət göstərərək Azərbaycandakı siyasi proseslərdə yaxından iştirak etmək cəhdlərində olan şəxslər peyda olub.

Trend-in məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov Bakıda siyasi partiya nümayəndələrinin iştirakı keçirilən "Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi" mövzusunda "dəyirmi masa"da deyib.

Ə.Əhmədov bildirib ki, həmin şəxslər xaricdən sığınacaq almaqla Azərbaycan vətəndaşlığından imtina etməyə bərabər addım atıblar: “İkincisi, xaricdə sığınacaq aldığına görə çox məhdud dövlət yardımı ilə yaşayan insanların geniş siyasi fəaliyyət göstərmək, təbliğat maşını yaratmaq, onu idarə etmək kimi imkanları yoxdur. Deməli, bunlar istəsələr də, istəməsələr də bu fəaliyyəti göstərmək üçün, hər hansı bir kənar maliyyə dəstəyinə ehtiyac duyurlar və bu dəstəyi almaq üçün ayrı-ayrı maraqlı qüvvələrin təsiri altına düşməyə məhkumdurlar. Digər tərəfdən onlar bu məsələdə maraqlı olan xüsusi xidmət orqanları üçün tamamilə açıq olurlar, ardıcıl olaraq xarici xüsusi xidmət orqanları tərəfindın asanlıqla ələ alına bilən, yönəldilə bilən bir qrupa çevrilirlər. Bu mənada o insanların Azərbaycan siyasətinə təsir etmək cəhdləri həm təhlükəli, həm də yolverilməzdir”.

İcra katibi vurğulayıb ki, ayrı-ayrı dövrlərdə xarici emissarların Azərbaycanda keçirilən mitinqlər, küçə yürüşlərini nə dərəcədə yaxından izlədikləri və yaxud hansısa formada yönəltdiyi ilə bağlı kifayət qədər misallar gətirmək mümkündür: "Hakimiyyət iddiasında olan bütün siyasi partiyalar ilk növbədə milli maraqlardan çıxış edərək siyasi proseslərin iştirakçısı olmalıdır və hər hansı kənar qüvvənin siyasi proseslərə müdaxilə etməsinə imkan verməməlidirlər. Biz bu gün xaricdə mühacir qismində sığınacaq tapmış bəzi insanların indiki texnologiyanın imkanlarından istifadə edərək Azərbaycana qarşı apardığı çirkli təbliğat kampaniyasına qarşı qəti sözümüzü deməyi bacarmalıyıq. Bu mənada bugünkü tədbiri xüsusi qiymətləndirmək istəyirəm".