21 may 2019 10:30
884

Əli Kərimli artıq özünü manyak kimi aparır

Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkə demək olar ki, yeni transformasiya zolağına daxil olub. Dövlət başçısı keçən il prezident seçkilərindən sonra islahatların yeni mərhələsinin başladığını və onun icrası üçün məqsədyönlü addımlar atıldığını bildirib.

Cəmiyyətin bütün sahələrində olduğu kimi, uğurla reallaşdırılan iqtisadi islahatlar büdcə gəlirlərinin artmasına, əhalinin rifah halının yaxşılaşdırılmasına böyük töhfələr verir.

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bildirib ki, bu ilin yanvar-fevral aylarında büdcə daxilolmaları 150 milyon manat səviyyəsində artıb:

“Bu bizə imkan verir ki, həmin vəsaiti sosial layihələrə yönəldək. Qeyd etdiyim kimi, ciddi islahatlar üzərində işlər keçən il prezident seçkilərindən sonra başlayıb. Bu gün isə çox ciddi sosial paket təsdiqləndi və bu sosial təşəbbüslər nəticəsində 3 milyondan çox insan öz maddi vəziyyətini, maliyyə vəziyyətini yaxşılaşdırmış olur. Bildiyiniz kimi, minimum əməkhaqqı və minimum pensiya təxminən 40 faiz artıb. Sosial müavinətlər təqribən orta hesabla iki dəfə artıb. Köçkünlərə verilən müavinət 50 faiz artıb. Tələbələrin təqaüdləri, şəhid ailələrinə verilən müavinətlər, digər sosial ödənişlər artıb. Çoxmənzilli binaların sənədləşdirilməsi ilə bağlı müvafiq Fərman imzalanıb. Problemli kreditlərin həlli ilə bağlı çox ciddi Fərman imzalanıb. Onu deyə bilərəm ki, bu Fərmanın dünyada bənzəri yoxdur və bu Fərman 800 min insanı əhatə edir. Yəni Azərbaycan dövləti bir daha göstərir ki, öz vətəndaşının yanındadır”.

Ölkəmizdə sosial siyasətin fasiləsiz və davamlı şəkildə həyata keçirilməsi dövlətimizin başçısı ilə cəmiyyətimiz arasında inam və etimad mühitini formalaşdıran ən təsirli faktordur. Təbii ki, bütün bunlar dostlarımızı sevindirir, Azərbaycanın əleyhdarlarını isə qıcıqlandırır, onların yuxusuna haram qatır.  Bu şər qüvvələr  “sapı özümüzdən olan baltalardan” istifadə edərək ölkəmizin əleyhinə apardıqları qarayaxma kampaniyasını gücləndirsələr də, heç nəyə nail ola bilmirlər. Əksinə, gündən-günə zəifləyərək həqiqətlərin qarşısında aciz qalırlar. Artıq onların sıraları da seyrəlir. Bu günlərdə Avropada “siyasi mühacir” adı ilə yaşayan bəzi dağıdıcı müxalifət nümayəndələrinin etirafları, xüsusilə ölkə başçısına qarşı fəaliyyətlərindən peşmançılıq ifadə edərək ondan üzr istəmələri və bununla bağlı bəyanatlar səsləndirmələri, hətta ölkəmizə qayıdıb ümumi işimizə fayda vermək istəmələrini dilə gətirmələri bunun əyani sübutudur. Həmin şəxslər artıq başa düşürlər ki, dövlətimizin başçısı Azərbaycan xalqının firavanlığı, ölkəmizin inkişafı və tərəqqisi yolunda çox böyük fədakarlıqlar göstərir, elə onların sığındıqları Avropanın nenerji təhlükəsizliyinə böyük töhfələr verir.

Onların bu açıqlamaları ictimaiyyətimiz tərəfindən müsbət qiymətləndirilib. Təbii ki, mühacirlərlə açılım məsələsi ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafında mühüm amillərdəndir. Ancaq nədənsə bu məsələ gündəmə gələn kimi dağıdıcı müxalifət düşərgəsinin təmsilçiləri,  xüsusilə də AXCP sədri Əli Kərimli qondarma nümunələrlə sübut etməyə çalışır ki, bu, belə deyil. Əslində Ə.Kərimli qorxur ki, mühacirlər qayıdıb gəlsələr, tənqidçilərin sayı azalar və o daha da təklənər.

Sosial bazadan və ictimai dəstəkdən məhrum olan  AXCP sədri Əli Kərimlinin bununla bağlı yazdığı “status” göstərir ki, bu şəxs artıq siyasi etikanın bütün sədlərini aşıb və özünü manyak kimi aparır. Bu adamda nifrət hissi, kin-küdurət o qədər çoxalıb ki, hətta Çkatilo kimi manyak  dirilib hakimiyyəti tənqid etsə, onu da siyasi məhbus elan edər.

“Rejim özünü ifşa etməkdə davam edir. Bir tərəfdən saxta təbliğatla guya mühacirləri Vətənə qayıtmağa dəvət edirlər, o biri tərəfdən də onlara qarşı cinayət işləri başladırlar, qohumlarını incidirlər, özlərinə qarşı qara piar aparırlar. Sevinc Osmanqızına qarşı başlatdıqları mənəvi terror bumeranq effektilə özlərini vurduqdan sonra da ağıllanmayıblar. Almaniyada yaşayan bloqçu, “Azad söz” Feysbuk səhifəsinin və Yutub kanalının sahibi Tural Sadıqlıya qarşı cinayət işi başladıblar. Tural bəyin sərt tənqidi, sosial aksiyaları xüsusi bacarıq və həvəslə işıqlandırması rejimi təntidib. Çarəni rəsmi cinayət işi başlatmaqda görüblər. Yenə də təsdiq olundu ki, rejim həqiqətlərin yayılmasından qorxur. Siyasi mühacirlərə isə münasibət dəyişməyib. Rejim yalnız “islah olunmuş” mühacirləri Azərbaycanda görmək istəyir. Tural bəy isə möhkəmdir və artıq bəyan edib ki, ona qarşı cinayət işi açılması mövqeyini dəyişə bilməz”,- yazan Ə.Kərimli şübhəsiz ki, yenə öz ampluasında qalaraq riyakarlıq edir. T.Sadıqlının isə hansı yuvanın quşu olduğunu və antiazərbaycan dairələrin sifarişlərini yerinə yetirdiyini cəmiyyətimiz yaxşı bilir.

“Rejim yalnız “islah olunmuş” mühacirləri Azərbaycanda görmək istəyir” ifadəsi ilə “Meydan TV”nin sabiq rəhbəri, bu yaxınlarda öz vəzifəsindən istefa verən Emin Millini nəzərdə tutur.  Belə olmasaydı AXCP sədrinin bu “statusundan” sonra onun trolları sosial şəbəkələrdəki trolları Emin Millini hədəfə almaz, onu ən səviyyəsiz söyüşlərlə təhqir etməzdilər. Ə.Kərimlini narahat edən məsələ “Meydan TV”nin keçmiş rəhbəri Emin Millinin hakimiyyətlə müxalifət arasında dialoqun vacibliyini, milli mənafe və maraqların hər şeydən uca tutulmasını səsləndirməsidir.

Əslində daim demokratiyadan dəm vuran, demək olar ki, sosial şəbəkələrdə ekspert səviyyəsində olan , hakimiyyəti siyasi dözümsüzlükdə ittiham edən Ə.Kərimlinin ətrafında bir nəfər fərqli düşünən adam tapmaq mümkün deyil. AXCP sədri belələrinin hamısını təşkilatdan didərgin salıb. Məhz buna görə də AXC-nin köhnə funksionerlərinin hamısı Ə.Kərimlinin yanından uzaqlaşıb. Gedənləri yalançı vədlərlə aldadılmış üç-beş nəfər gənc, reneqatlar, zombilər və siyasi əxlaq və mədəniyyətdən uzaq şəxslər əvəzləyiblər. Anti-Azərbaycan dairələrdən aldığı göstərişlər və sifarişlər əsasında fəaliyyət göstərərək milli maraqlara qənim kəsilən Əli Kərimlidən bundan artıq nəsə gözləmək də mümkün deyil. Ancaq bu danılmazdır ki, Ə.Kərimli artıq təlaşdadır.

Zahid Rza, “İki sahil”