29 yanvar 2019 17:48
351

Əli Kərimli ilə İlqar Məmmədovun «layk» savaşı

Uzun illərdir dəyişməyən simaların,  əsassız ittihamlar və  yalan vədlər üzərində qurulan çıxışları özlərindən və onlara havadarlıq edənlərdən başqa heç kimə gərək olmur. Azərbaycanın müstəqil, balanslı siyasəti regionu tam nəzarətə almaq istəyən heç bir xarici güc mərkəzini qane etmir. Onlar Azərbaycanı bölgə ölkələrinin daxili işlərinə müdaxilə etməyə imkan verməyən maneə kimi görərək təzyiq göstərməklə öz yolundan çəkindirməyə çalışırlar. Lakin buna nail olacaqları inandırıcı deyil. Azərbaycanın gücü, üstün potensialı, ölkə başçısının müstəqil siyasəti, müxalifətin xalqın etimadını qazana bilməməsi daxildəki və xaricdəki məkrli qüvvələrə istədikləri planları həyata keçirməyə imkan vermir.

Marıqda yatan bu işbazlar ancaq ölkədə hər hansı bir əlamətdar tarixi hadisə və yaxud beynəlxalq tədbirlər zamanı quyruq bulayırlar. Başqa vaxtlarda isə «Sem dayı»nın atdığı sümük ilə günlərini başa vururlar. Necə ki, AXCP və «Milli Şura»nın yanvarın 19-da keçirdikləri mitinqdə bütün bunlar aydın şəkidə müşahidə olundu. Dağıdıcı müxalifət funksionerləri özləri etiraf etməyə məcbur oldular ki, onların «liderləri» cəmiyyətə heç bir faydalı təklif verə bilmirlər. İldə, ayda bir dəfə keçirilən mitinqlərə iştirakçı cəlb etmək də müşkül işə çevrilib. Artıq funksionerlər illərdir ki, təmsil etdiyi partiyadan ancaq  alver məqsədi ilə yararlanan, xarici antiazərbaycan dairələrdən ianələr alan Ə.Kərimli və onun yedəyinə çevrilmiş «Milli Şura”» adlanan qondarma qurumun işə yaramadığının fərqindədir.

 Ən böyük dəstəyin xalq olduğunu unudan bu riyakar liderlər  rəhbərlik etdikləri partiyalardan yalnız biznes kimi yararlanırlar.  Ona görə də mütəmadi olaraq üzdəniraq dəstəsi ilə "siyasi məhbus" adı altında maxinasiyalara baş vurmaqdan çəkinmirlər. Hər dəfə də əlləri ətəklərindən boş qayıdırlar. Çünki onların «siyasi məhbus» adlandırdıqları kəslər də bunlardan mərhəmət ummurlar. Açıq mətnlə bildirirlər ki, mənim məsələmdən siyasi alver predmeti kimi istifadə etməyin.

Sosial şəbəkələrdə 19 yanvar mitinqindən sonra radikal düşərgədə ənənəvi sual yenidən gündəmdədir: müxalifətin lideri kimdir? Əli Kərimli, yoxsa İlqar Məmmədov? Uzun illər İsa Qəmbərlə liderlik oyunu oynayan Əli Kərimli indi də İlqar Məmmədovla bəhsə girib.

Hər iki «liderin» tərəfdarları bir-birini kəskin şəkildə təhqir edirlər. Əyani sübutu da Əli Kərimlinin səhifəsindəki rəylərdədir. Şərhlərdə diqqətçəkən məqam isə ondan ibarətdir ki, vətəndaşlar açıq şəkildə bildirirlər: «özünə lider seçə bilməyən müxalifətin hakimiyyət iddiasında olması həddən artıq gülünc görünür...»

Sosial şəbəkədə bir gənc yazarın yazdığı status da reallığı ilə diqqətimi çəkdi. Gənc yazar qeyd etmişdi: «İlqar Məmmədovun azadlığa çıxmasına mən də sevindim. Bu, heç! Amma ümid etməyin ki, bundan sonra Azərbaycanın siyasi həyatında hansısa bir dəyişiklik, nəsə yenilik olacaq. İlqar bəy həbsdən çıxdı, uzaq başı özünə bir feys səhifəsi yaradacaq, səhifəni pullu reklama qoyacaq, sonra da Əli Kərimli ilə yarışa girəcək ki, görək kimə çox layk gəlir. Vəssalam. Bunu da yazın bir qırağa».

Göründüyü kimi, dağıdıcı müxalifətin iç üzü artıq hər kəsə bəllidir. Bir laykdan yuxarı qalxmayacaq səviyyə…

Şəmsiyyə Əliqızı, «İki sahil»