30 iyul 2020 10:00
353

Əli Kərimli onun hakimiyyətə doğru gedən və düz olmayan yolunda kömək etməyimi istəmişdi

İkisahil.TV-nin müsahibi “Yeni Müsavat” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Rauf Arifoğludur

- Rauf müəllim, bu günlərdə ad gününüz olub. Bu münasibətlə sizi səmimi qəlbdən təbrik edir, uzun ömür, cansağlığı, eyni zamanda gələcək fəaliyyətinizdə daha da çox uğurlar arzu edirik. Bilmək istərdik, gələcək planlarınız, hədəfələriniz nələrdir?

- Öncə dəvət üçün və təbrik üçün təşəkkür edirəm. Eyni zamanda, mən də Azərbaycan jurnalistlərinin peşə bayramı münasibətilə bütün oxucuları təbrik edirəm. Bu böyük bir hadisədir, 145 ildir ki, Azərbaycan vətəndaşları qəzet oxuyublar və bu gün artıq New mediaya qədər gəlib çıxıblar. Mənim üçün çox xoşdur ki, “İki sahil” kimi həm tarixi, həm də Vətənimizin həsrətini adında daşıyan qəzetin studiyasındayam. Planlarımız əvvəlki kimidir: mövcüd olmaq, müasir çağırışlara cavab vermək. Bu gün qəzetimiz üzərindən saytlar qurmuşuq, seqmentlərimizi yaratmışıq və sizdə də olduğu kimi, belə bir internet televiziyamız var. Bütün bunların hamısı bizim layihələrimizdir, bizi gələcəyə daşıyır. Efir məkanı böyük bir piroqa bənzəyir. Oradan kim daha çox pay götürsə o qalib gələcək.

- Qeyd etdiyiniz kimi, 1989-cu ildə “Yeni Müsavat” qəzetinin əsasını qoymusunuz, artıq 31 illik bir zaman keçib. Ümumiyyətlə, necə oldu ki, siyasətə gəldiniz...

- Siyasətə milli azadlıq hərəkatından gəlmişəm. O zaman 23 yaşında bir gənc idim. 1988-ci ildən milli azadlıq hərəkatına, bir il sonra isə mediaya gəldim. Paralel olaraq Müsavat Partiyasını yaratmışdıq. Partiyanın beş katibindən biri mən idim. Gəncədə olduğum və hərbi əməliyyatlar bölgəsinə yaxın olduğum üçün könüllü silahlı dəstənin siyasi komissarı idim və eyni zamanda bu yayım orqanı vasitəsilə Müsavat Partiyasının mesajlarını cəmiyyətə çatdırmağa çalışırdım. O vaxt ölkəmizdə bu işləri görmək cinayət sayılırdı. Hansısa bir media qurumunu nəinki yaratmaq, hətta onu oxumaq qanundan kənar sayılırdı. Bax belə bir qadağalar mühitində biz “Yeni Müsavat” qəzetini meydana gətirdik. Bu, o zaman üçün atılan mühüm addım idi, amma heç fərqində deyildik. Çünki sabahını düşünən qəhrəman olmaz deyərlər. Biz də o zamanlar böyük iş gördüyümüzü düşünmürdük. Düşünmürdüm ki, yaratdığım bu qəzet mənimlə 31 illik böyük bir məsafə qət edəcək. Göründüyü kimi, gənclik bəzən düşünmədən doğru hərəkət edir. Demək olar ki, mətbuata və siyasətə fəaliyyətimi paralel yönəltmişəm. Sonralar oxuduqca, təcrübə qazandıqca anlayırsan ki, media özü partiya kimi bir şeydir. Jurnalist tərəfsiz olmalıdır. Jurnalist ən azından partiyalı olmamalıdır. Bu, bütün dünyada bir standartdır.

- Bugünkü mediamızın səviyyəsindən necə, razısınızmı?

-Bugünkü mediamızın səviyyəsi dünənkidən daha yaxşı, səviyyəli və moderndir. Amma təbii ki, təkmilləşmənin sərhədi yoxdur. Könül istəyər ki, daha yaxşı olsun. Cənubi Qafqazda digər media quruluşları arasında bütün standartlarına görə ən yaxşı vəziyyət Azərbaycandadır. “İki sahil” qəzetinin əməkdaşlarısınız, print medianın işini görmüsünüz və nə qədər ağır bir iş olduğunu yaxşı bilirsiniz. Bir informasiyanı istehsal etmək üçün bir sənaye prosesindən keçirsən. Səhər tezdən başlayaraq gecə yarıya qədər davam edən proses çap maşınında bitir. Daha sonra onun fiziki nəqli həyata keçirilir. Köşkə daşınan qəzetləri vətəndaş gəlir qəpik verir alır, açanda sənin işin bitmiş olur. Artıq vəzifə oxucudadır. İndiki standartlarda isə telefon vasitəsilə xəbəri, üstündə videonu bir dəqiqəyə paylaşmaq mümkün olur. Lakin print mediada bir informasiyanı çatdırmaq üçün bir sutka vaxt tələb olunur. Mənim yaxşı yadımdadır ki, özəl xəbərlərimiz olanda onu manşetdə verib tiraj qazanmaq üçün bir sutka saxlayardıq. Bu gün isə New mediada imkanlar o qədər genişdir ki, gənc işçilərimiz soruşurlar ki, niyə axı qəzeti hələ də çıxarırıq.

- Rauf müəllim, müsahibəmizin əvvəlində siyasətə gəlişinizdən danışdınız. Bax bu kontekstdən yanaşsaq, ümumiyyətlə, həyatınızdan razısınızmı?

-Əlbəttə ki, razıyam. Yəni biz canımızı Azərbaycan adlı dövlətə nəzir deyib bu prosesə başlamışdıq. Bu gün ordumuz var, bayrağımız var, dövlətimiz var, bütün ölkəmiz var. Buna görə xoşbəxtəm. Bundan əlavə, döyüşlərdə, milli azadlıq hərəkatında iştirak etmişəm, bayrağın meydanlara necə gətirilməsini görmüşəm, ilk partiya qurucusu olmuşam, demokratiya uğrunda mübarizədə, Azərbaycanın partiyalaşma prosesində iştirak etmişəm. Çox çətin olub. Sağdan, soldan söyülmüşük, əzilmişik, döyülmüşük, amma bu proseslərdən kənar qalmamışıq. Daha sonra print medianın New mediaya çevirilməsində iştirak etmişəm. Bəzən dostlarım mənə söyləyirlər ki, sən niyə yorulmursan? Cavab verirəm ki, ümumiyyətlə, yorula bilmirəm. Yorulmaq nədir, mən bilmirəm. Bizim nəsil, bizim generasiya belə doğulubdur. Bir qismi şəhid oldu, bir qismi xəstələndi, yolda qaldı, davam edə bilmədi. Amma buralara qədər gələn enerji dolu insanlar gəncliyə yol göstərə biləcək bir vəziyyətdədir. Təbii ki, mən tək deyiləm, zaman keçdikçə yeniləri gələcək. Amma görünən budur ki, biz tarixilik baxımından hər nəslə qismət olmayan xoşbəxt bir yol keçmişik.

- Kəşməşkəşli yol keçmisiniz...

-Bəli, elə buna görə çox xoşbəxt hiss edirəm özümü. Bu həyatda insan oğlu yaranır, yaşayır və ölür. Bu bir qanunauyğunluqdur. Maraqlı yaşamaq, tarix olmaq, tarixi yazmaq nə qədər böyük üstünlükdür. Biz bunların hamısını etmişik, tarix yazmışıq. Kitabxnaya gedib “Yeni Müsavat” qəzetini istəsəniz Azərbaycan tarixini öz səhifələrimizdə günbəgün daşıdığımızın şahidi olacaqsınız. Bu hər adama qismət olmur.

- Siyasətdə olan zaman Əli Kərimlinin trolları tərəfindən dəfələrlə “qara piar”a məruz qalmısınız. Bu barədə nə deyərdiniz...

- Bu bir qanunauyğunluqdur. Lokomotivlər hər zaman zərbələrə məruz qalır. Dediyiniz o şəxslər düşərgədaşlarım olublar. Onlarla bərabər böyük bir məsafə gəlmişik. Mənim kimi düşünürsənsə mənimləsən, mənim kimi düşünmürsənsə düşmənsən! Azərbaycanın içərisindən bir siyasi düşərgədən digərinə keçmək, yaxud hakimiyyət istiqamətinə irəliləmək, yaxud ümumiyyətlə, siyasətdən ayrılmaq niyə düşmənçilik, xəyanət olmalıdır ki?.. Əli Kərimlinin partiyasının, yaxud bir başqa partiyanın missiyası nədir? Partiya vasitəsilə tərəfdar toplayıb seçkidə iştirak edib hakimiyyətə gəlmək. Mən sənin hakimiyyətə gəlmə prosesində iştirak etmək istəmirəm. Sənin prezident olmağın üçün mümkünsüz bir yolda insanlar iştirak etmək istəmirsə onları niyə hədəfə almalısan ki? Məntiq çox bəsitdir. Adam prezident olmaq istəyir, ola bilmir, 30 il müddətində insanlar onun ətrafından dağılır. Bu insanları axı 30 il gözlətmək olmaz. Bu 30 il bir insan üçün gənclik, orta yaş və qocalıq deməkdir. Əli Kərimli onun hakimiyyətə doğru gedən və düz olmayan yolunda kömək etməyimi istəmişdi. Açıq şəkildə xahiş etmişdi ki, Müsavat Partiyasından çıxım, onun yanına gedim, birinci müavin olum, qəzetləri, media quruluşlarını idarə edim. Mən isə onun təklifinə yox cavabı verdim. Çünki mənim öz yolum olub. Qeyd etdiyim kimi, 31 ildir bir mətbu orqanın baş redaktoruyam, başqa bir vəzifəm də yoxdur. 31 ildə neçə prezident, baş nazir hakimiyyətə gəlib. Azərbaycan bir ictimai, siyasi formasiyadan başqa birinə keçid edib. Sonra daha birinə keçid edib. Sonra islahatlar nəticəsində ümumiyyətlə, sosial dövlət modelinə gəlib çıxıb. Nə qədər dəyişikliklər olub. Mən isə yenə də yerimdəyəm, yenə də “Yeni Müsavat” qəzetinin baş redaktoruyam. Mənim bu an üçün başqa bir iddiam yoxdur, çox da xoşbəxtəm. Kimsə məni öz şəxsi davasında, yanında və ya xidmətində görmək istəyirsə, mən də ona yox demişəmsə, xahiş edirəm məni qaralamasınlar. Mənim öz marağım var. Özüm və media quruluşum qərar verir ki, kimin yanında olmaq lazımdır. Qəzet müstəqilliyi budur. Sən və kollektivin qərar verəcək sən kimin yanında olursun. Hətta Amerikada da belədir. Qəzetlər özləri seçirlər hansı namizədə dəstək verəcəklərini. Tezislərini bəyəndiyi namizədi dəstəkləyirlər. Qəzetçilər hər seçkidə fərqli namizədlərə dəstək olurlar. Bu fikirləri “Vaşinqton Post” qəzetinin redaksiyasında praktika keçən zaman özləri qeyd ediblər. Mənə qarşı qərəz kampaniyası aparan və o qəzeti özlərinə məbəd hesab edənlərə izah üçün deyirəm ki, onlar bu gün Respublikaçıların, sabah Demokratların yanında ola biləcək qədər müstəqildirlər. Mən də bu gün İsa Qəmbərin, sabah bir başqasının, ya da heç kimin yanında olmayacaq qədər müstəqil adamam. Nə bilirsən, bir gün başqa bir seçim edə bilərəm. Azərbaycan azad, müstəqil, demokratik ölkədir.

- Siyasi düşərgədə dialoq barədə nə deyə bilərsiniz?

- Bu, Azərbaycanın ağrılı bir yeridir. İndi siyasi partiyalar dialoq mərhələsindədirlər. Hökumət bunu istəyir. Uzun müddətdir hökumətin bu sahədə çalışan kadrları, dövlət vəzifəsinin yetkililəri müxalifəti görməzdən gəldilər. İndi iqtidar düşərgəsində Prezidentin son kadr islahatları nəticəsində köhnə kadrların yerinə yeniləri gəldi. Məsələn, Ədalət Vəliyev kimi heç bir siyasi konfliktdə adı keçməyən kadr partiyalar arasında dialoq mühiti yarada bilib. Bu hələ ki çox yaxşıdır. Sonra nə olacaq, onu deyə bilmərəm. Bu yeniliyin Vətənə, millətə, dövlətə faydasını sizə deyim. Tovuza erməni hücumlarından sonra Azərbaycanın son 27 illik tarixində görünməyən bir hadisə baş verdi. Azərbaycanda praktik fəaliyyət göstərən 49 partiyadan 43-ü vahid bəyanat imzaladı. 4-ü isə ayrıca ona oxşar məzmunda bəyanat imzaladı. Bu partiyaların hamısı dövləti, Ali Baş Komandanı və onun kursunu dəstəklədi. Bunların içərisində radikal müxalifət də var idi. Artıq dialoq mühiti formalaşıb. O, mühitin faydası nəticəsində Azərbaycanda olan diplomatik korpuslar heyrət içərisində idi. Azərbaycan tarixində belə bir hadisə olmamışdı. Küçələrdə müxalifət, iqtidar bir yerdə yumruq kimi birləşmişdi. Bu da erməniyə mesaj idi. Görürsünüz, kiçik bir detalın, islahat startının dövlətə, millətə, faydaları nə qədər oldu. Bu davam etməlidir. Çünki bizim düşmənimiz bir-birimiz deyilik. Bizim düşmənimiz erməni və onun arxasında duran böyük güclərdir. O güclər bizim əlimizdən alıb torpaqlarımızı. Bizim o torpaqları azad etmək borcumuz var. O borcu həyata keçirmək üçün Azərbaycanın daxilində yumruq kimi olmalıyıq. Həmçinin Azərbaycanın xaricində də indiki kimi, həmrəy və mübariz olmalıyıq. Təbii ki, sivil qaydada. Artıq dünya bizi görməlidir.

- Rauf müəllim, Tovuzda Ermənistan silahlı qüvvələrinin növbəti təxribatından danışdınız. Orduda əhval-ruhiyyə necə idi?

-Ümumi əhval-ruhiyyə çox yüksək səviyyədə idi. Vətəndaşların bir narazılığı var idi ki, icazə verin, gedim erməni ilə döyüşüm. İlk gündən minlərlə gənc Tovuzun Ağdam kəndinin yaxınlığına toplaşdı. Ancaq gənclərə bildirdilər ki, ordunun təminatı da, təchizatı da yüksək səviyyədədir. Azərbaycan Ordusu dünyanın yüksək təminatlı orduları sırasındadır. Bu elə belə bir statistika deyil. Güllə atılanda əhali döyüş bölgəsindən uzaqlaşmadı. Güllənin istiqamətinə yürüdülər. Əsgərlərin arxasında durdular. Mən sosial media hesabımda da paylaşmışdım, döyüşlər gedən zaman Ağdam kəndinə girmək üçün ətraf bölgələrdən gələnlərin izdihamını yarıb keçmək olmurdu. Bu idi bizim xalqın əhval-ruhiyyəsi. Bu, nəinki ermənilərə, elə onların arxasında duran güclərə də ciddi bir mesajdır. 32 il keçdi. Yeni nəsil gəldi. Bunlar əvvəlki nəsillərdən  daha güclü və daha vətənpərvərdirlər. Yeri gəlmişkən deyim ki, bəzən yaşlılıq moduna girib yeni nəsillərdən şikayətçi olurdum. Bildirirdim ki, bu yeni nəsil heç vətənpərvər deyil. Bu gün bu gənc nəsildə olan vətənpərvərliyi görəndən sonra o qədər xoşbəxtəm ki, onlar vətənpərvərlikdə bizi də keçib. Yəni heç nə itməyib. Siz 14 iyulda Bakıda meydanı gördünüz. Mən də sərhədləri gördüm. Bizim generalımız döyüşür. Ermənilər isə postlar qurmuşdu ki, əsgər və zabitləri qaçmasınlar.

Şəmsiyyə Əliqızı,
Könül Adilova, 
“İki sahil”