KÖŞƏ

Sevinc Azadi

“Əli Kərimli prodakşn”ın reytinqsiz mitinq-şouları

17 yanvar 2019 10:30
2664

Xəbər verildiyi kimi, Bakı Şəhər İcra Hakimiyyəti müxalifətin dağıdıcı qanadını birləşdirən “Milli Şura”nın yanvarın 19-da mitinq keçirməklə bağlı müraciətini müsbət cavablandırıb.

Qeyd edək ki, hələ bir müddət öncə antimilli şəbəkənin Mehman Hüseynovla bağlı kampaniyaya başlamaq cəhdləri fiaskoya uğramışdı. Belə ki, Mehman Hüseynov məsələsindən istifadə edərək dövlətimizə qarşı növbəti qarayaxma kampaniyasının ABŞ-da bir qəzetin redaksiya məqaləsindən və ermənipərəst bir konqresmenin növbəti bəyanatından başqa heç bir nəticəsi olmadı. Bunun dərin və ciddi səbəbləri var. İlk növbədə onu demək lazımdır ki, üzərində antidövlət kampaniyasının qurulduğu Mehman Hüseynov barədə bir sıra informasiyaların yanlış olduğu üzə çıxdı. Məlum oldu ki, Mehman media və peşəkar jurnalistikaya bağlı şəxs deyil, həbsxanada da aclıq keçirmir. Bu səbəbdən də əsası olmayan informasiyaların üstündə qurulmuş kampaniyaların uğursuzluğa məhkum olacağı əvvəlcədən məlum idi.

Mehman Hüseynovu əldə bayraq edərək Azərbaycan əleyhinə yenidən fəallaşmaq eşqinə düşən dağıdıcı müxalifətin 20 Yanvar faciəsindən bir gün qabaq kütləvi aksiyaya cağırış etmələri, “indi məqamdır” deyib fürsətdən yararlanmaq istəyindən başqa bir şey deyil. “Milli Şura”nın əsas idarəedici qüvvəsi olan Əli Kərimli heç öz yaxın silahdaşı Gözəl Bayramlı və ya Fuad Qəhrəmanlı, Seymur Həzi və digərlərinə görə aksiya təşkil etmirdi, necə oldu ki, Mehman Hüseynova görə belə əl-ayağa düşdü? Doğrudanmı, Mehmanın Əli Kərimliyə xidmətləri Gözəl Bayramlıdan, Fuad Qəhrəmanlıdan daha çox olmuşdu?! Halbuki hər iki şəxs elə Əli Kərimliyə görə cinayət törədib, onun güdazına gedərək həbsə düşdülər.

Bir az da yaxın keçmişə nəzər salaq. AXC-Müsavat hakimiyyəti Azərbaycan xalqının başına hansı bəlaları gətirməmişdi? Torpaqlarımızın işğalı, aclıq, səfalət, Vətənin parçalanması təhlükəsi, dərəbəylik və sair və ilaxır. Hakimiyyətdə də bir-biriləri ilə mübarizə aparırdılar, hakimiyyət əldən getdikdən sonra da bir çoxu aradan çıxdı. İndi çağırışlarına bir stadionluq insanın belə gəlmədiyi, amma şoularına “ümumxalq mitinqi” adı verən “şuraçılar” istəklərinə əlbəttə ki, nail ola bilməyəcəklər. Ortaq mövqeyə gələ bilməyən, bir-birini didən dağıdıcı müxalifət hansı üzlə xalqın qarşısına çıxır, hansı üzrə çağırışlar edir çox maraqlıdır. İyirmi ildən artıqdır ki, şüarlarını və siyasi taktikalarını dəyişməyi bacarmayan şəxslərin həlledici siyasi liderə çevrilmək şansları, ümumiyyətlə, yoxdur. Hamıya yaxşı məlumdur ki, dağıdıcı müxalifətdə təmsil olunan partiya və digər birliklər bu illər ərzində Bakıda aksiya, piket, mitinq və digər toplantılar keçiriblər. Dağıdıcıların bəlası ondadır ki, hər belə nümayişlər zamanı onlar özlərini daha çox biabır edirlər. Əgər özlərini “ana müxalifət” adlandıran bir neçə “lider”in arxasınca 300-500 nəfər gəlirsə o halda bunun nəyi ana müxalifətdir?! Heç buna “bala müxalifət” də demək olmaz.

Təbii ki, bunlar Əli Kərimli və digərləri üçün artıq önəmli deyil. Çünki onlar mitinqləri daha sözlərini demək üçün yox, ciblərini doldurmaq üçün keçirirlər. Bu barədə mətbuatda dəfələrlə dəqiq faktlara istinad olunaraq silsilə yazılar dərc olunub və hər kəsə bəlli olub ki, Vətən, millət, dövlət, xalq anlayışı belə şəxslərə yaddır. Onlar üçün yeganə məqsəd ən çirkin vasitələrə əl atmaqla, küçə tərbiyəsi səviyyəsində “mübarizə” aparmaq, bunun müqabilində Con dayılarından, Haykanuş xalalarından 5-10 min avro “qopartmaqdır”.