11 oktyabr 2019 19:39
106

Əli Kərimli riyakarlığı ilə özünü “dəfn” edir

Bu gün keçmişini unudub xəyallar aləminə səyahət edən, yalanın  həqiqətə üstün gələcəyini düşünən  AXCP sədri Əli Kərimlinin ictimai fikirdə çaşqınlıq yaratmaq üçün   ikrah doğuran  fikirlərlə sosial şəbəkələrdə çıxış etməsi, əsassız çağırışlarla müxtəlif vasitələrlə ətrafına topladığı insanları piket adı altında  küçələrə çıxarıb, özünün isə kənardan seyrçi mövqedə dayanması ona qarşı ictimai qınağı birə on qat artırır. 

Ölkədə qarşıdurma yaratmaq, çəkiliş aparıb xarici dəstəkçilərinə göndərib, ölkəmiz haqqında yanlış fikirlər formalaşdırmaq bu ünsürlərin bütün fəaliyyətləri boyu əsas məqsədləri olub.  “Milli Şura”nın oktyabrın 8-də  piket adı ilə qarşıdurma cəhdi də deyilənlərin bariz nümunəsidir.   Xaricin layihəsi kimi gündəmə gələn “Milli Şura”nın təmsilçiləri  mütəmadi olaraq himayədarlarının göstərişlərinə uyğun olaraq küçələrə atılıb ssenarilər əsasında hərəkət edir, bununla da nəyəsə nail olacaqlarını düşünürlər. Bu ünsürlərin son cəhdləri ona görə daha çox diqqəti çəkdi ki, bu o ərəfə idi ki, dövlətimizin başçısı İlham Əliyev özünün də etiraf etdiyi kimi. elə bir kürsüdən “Qarabağ Azərbaycandır” bəyan etdi ki, dünya eşitdi. Beynəlxalq görüşlərin mərkəzi kimi dəyərləndirilən Azərbaycan müxtəlif səviyyəli tədbirlərdən, dünyanın nüfuzlu təşkilatlarının tribunasından Dağlıq Qarabağ həqiqətlərini,  münaqişə ilə bağlı dəyişməz mövqeyimizi bəyan edir, bir qarış da  torpağımızın düşmənə verilməyəcəyini bildirir. Ümummilli məsələlər  siyasi mənsubiyyətindən, əqidəsindən asılı olmayaraq bütün vətəndaşları vahid amal uğrunda mübarizə aparmağı tələb edir. Amma çox təəssüflər olsun ki, dağıdıcı müxalifət imicini qazanan və bununla böyük fəxr hissi keçirən daxili bədxahlarımız  dövlətimizin başçısı İlham Əliyevin məlum bəyanatının istər ölkədə, istərsə də xaricdə geniş müzakirə olunduğu, ən əsası Azərbaycanın diplomatik uğuru kimi şərh olunduğu bir  vaxtda küçələrə çıxıb maraqlarına uyğun  şüarlar səsləndirməklə bir daha kimliklərinə, hansı məqsəd uğrunda mübarizə apardıqlarına  işıq saldılar. Əbəs yerə deyilməyib ki, qozbeli qəbir düzəldər.

İllərdir şəxsi ambisiyalarının quluna çevrilən əli kərimlilərdən Azərbaycanın xeyirinə, ən əsası Dağlıq Qarabağ problemi ilə bağlı müsbət fikir gözləmək sadəlövhlük olar. İki cüt bir tək adamı müxtəlif vasitələrlə  piketə cədb edib, onlara çaşqınlıq yaratmaq, ölkədə sabitliyi pozmaq göstərişi verib kənara çəkilən əli kərimlilərdən, cəmil həsənlilərdən əkrəm naibovlara “Daş yuxular”ına, rüstəm ibrahimbəyovlara “Qafqaz üçlüyü”nə görə verilən böyük dəstək bugünkü hərəkətlərinin aydın mənzərəsini yaradır. Ermənilərlə, erməni lobbisi iş birliyində olan bu ünsürlərin ölkə Prezidenti İlham Əliyevin məlum bəyanatını süstlüklə qarşılamaları səbəbsiz deyil. Azərbaycanın xeyirinə atılan hər addım bu ünsürləri narahat, ölkədə qarşıdurma yaratmağa sövq edir.  8 oktyabr piket də deyilənlərin  bariz nümunəsidir.

Tarix heç nəyi silmir. Bir illik hakimiyyətləri dövründə Azərbaycana, xalqımıza biri-birindən ağır faciələr yaşadan əli kərimlilərin  bu gün özlərini “xalqa yaxın” obrazda təqdim etmələri sabun köpüyündən başqa bir şey deyil. Azərbaycanın 1993-cü ildən bu yana keçdiyi inkişaf yolu, yeni-yeni hədəflərə istiqamətlənməsi bu ünsürlərin birillik hakimiyyətlərinin fəsadlarını daha qabarıq şəkildə nümayiş etdirir. Bunları ört-basdır etmək onların siyasi savadsızlığından, cılızlıqlarından qaynaqlanır. Bu gün  gündəmdə qalmaq, varlığı barədə təsəvvür yaratmaq üçün dəridən-qabıqdan çıxan Əli Kərimliyə gözlərini daha yaxşı açıb uğurlarımıza baxmağı  tövsiyə edərdik.  Özünü birillik hakimiyyətləri dövründə xalqa yaşatdıqlarını  unutmuş kimi aparsa da, xalq unutmayıb, ən əsası tarix silinməyib.  Yalanlarını özü deyib özü  də inanan Əli Kərimli bu gün  formal olaraq AXCP sədri olsa da, onu  daha çox blogger kimi tanıyırlar. “Osmanqızı” və “Azərbaycan saatı” kanallarından başqa çox nadir hallarda başqa “Youtube” tv-lərə müsahibə verən Əli Kərimli yalnız ictimai rəyi çaşdırmağa, siyasi dividend əldə etməyə və əlbəttə ki, qrant təşkilatlarının diqqətini çəkməyə çalışır.  Həqiqətlərə həqiqət gözü ilə baxıb dərs almaq zamanıdır.  Ə.Kərimli kimilər özlərində cəsarət tapıb xalqı, dövləti hansı faciələrlə üz-üzə qoyduqlarını etiraf etsəydilər, bəlkə də bu gün ictimai fikirdə özləri barədə formalaşdırdıqları mənfi rəylərdə az da olsa müsbət istiqamətdə dəyişikliklərə sahib olardılar, nəinki küçələrə çıxıb uğurlarımızı inkar edərdilər. Dövlət maraqlarının satılması hesabına qrantlar almağı və bunların fonunda yüksək yaşayışını təmin etməyi vicdanına sığışdıran belələrindən  hər cür riyakarlığı, mənəviyyatsızlığı gözləmək olar.  Dövlətimizin başçısı İlham Əliyevin ötən il andiçmə mərasimində söylədiyi  bu fikirlər Ə.Kərimli kimilərə tutarlı cavabdır: “O ki qaldı, antimilli qruplaşmaya, onlar tam marginallaşıb. Bu seçkilər bir daha göstərdi ki, onların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Onların yerini Azərbaycan xalqı çoxdan müəyyən edib, bu da tarixin zibilxanasıdır. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Seçkilərdən əvvəl və seçkilərdən sonra onların təşkil etdikləri yığıncaqlar bir daha onu göstərir ki, Azərbaycan xalqı heç vaxt imkan verməz ki, xaricdən idarə olunan qruplaşma Azərbaycanda hansısa mövqeyə sahib olsun.”

Yeganə Əliyeva, “İki sahil”