KÖŞƏ

Zahid Rza

Əli Kərimli və marionetkalarının feykxəbərlərinin bumeranq effekti

30 aprel 2019 10:32
2664

Antiazərbaycan dairələr və onların yerli vassalları Azərbaycanla Avropa İttifaqı arasında “Strateji tərəfdaşlıq sazişi”nin  imzalanması ərəfəsində ölkəmizin əleyhinə apardıqları qara piar kampaniyasını daha da genişləndiriblər. Antimilli düşərgənin “liderlər”indən AXCP sədri Əli Kərimli, “Milli Şura”nın sədri Cəmil Həsənli, Müsavat Partiyasının başqanı Arif Hacılı və onların marionetkaları olan Gültəkin Hacıbəyli, Tofiq Yaqublu, Qənimət Zahid, Sevinc Osmanqızı kimi simasızlar, milli maraq və mənafelərimizi xarici qrantlara satan xəyanətkarlar indi də öz mənfur, çirkin təbliğatlarını Bakıda uğurla yekunlaşan Formula-1 yarışları və saxta, uydurma iaşə-məişət məsələləri  üzərində fokuslaşdırıblar.

Buqələmun kimi şəraitə uyğun rəng dəyişdirən, partiyaları qarış-qarış gəzərək özünə “isti yuva” axtaran, hazırda dağıdıcı müxalifətin şər yuvasına çevrilən  “Milli Şura”da məskunlaşan Gültəkin Hacıbəylinin sosial şəbəkələrdə Formula-1 yarışlarında baş verən xırda bir nasazlığı (Böyük Britaniyanın “Williams” komandasının pilotu Corc Rasselin idarə etdiyi bolidin trasdakı kanalizasiya lyukunun qapağına ilişərək zərər görməsini) belə fil kimi böyüdüb, bu yarışların əleyhinə təbliğat vasitəsinə çevirməsi təbii ki, cılızlığın, irrasional düşüncənin və qərəzliliyin əsl nümunəsindən başqa bir şey deyil. G.Hacıbəyli özü də yaxşı bilir ki, idman yarışlarında belə hadisələr tez-tez baş verir.  Bizdən əvvəl Monakoda, Çində, Malayziyada da belə hallar olub. Lyukla bağlı belə hadisələr Formula-1 yarışları zamanı son 20 ildə təxminən 6-7-ci dəfədir ki, baş verir.

Əsassız, şər-böhtan dolu məlumatlarla insanları aldatmağa, ictimai rəyi çaşdırmağa çalışanlar öz məqsədlərinə nail ola bilmədiklərindən indi də  iaşə-məişət məsələləri ilə bağlı yaydıqları saxta məlumatlarla gündəmdə qalmağa çalışırlar. Bu günlərdə “İçərişəhər”də Qala divarlarının bir hissəsinin sökülməsini əks etdirən fotoların yayılması,  “İçərişəhəri dağıdırlar”, “Qədim qala divarlarını viran edirlər” haray-həşiri bunun əyani təsdiqidir.

 “Məşhuri-cahan hüquqşünas” Aslan İsmayılovun “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində 2011-ci ildə görülən bərpa işlərinə dair fotoları yayaraq bunu cəmiyyətə hazırda aparılan söküntü işləri kimi təqdim etməsi, AXCP sədri Əli Kərimlinin bu saxta şəkilləri  öz “Facebook” profilindən paylaşması əslində təxribatdan başqa bir şey deyil.  Əslində həmin fotoşəkillər 8 il əvvəl, yəni 2011-ci ildə Qala divarlarının restavrasiya işlərinin aparıldığı ərəfədə çəkilib.

 “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbərliyi tərəfindən yayılan  videogörüntüdən aydın olur ki, qeyd olunan iaşə obyektlərinin tikintisi zamanı divardan aralı beton platformalar hazırlanıb. Qoruğun rəhbərinin dediklərindən aydın olur ki, Kiçik Qala küçəsində Qala divarları boyunca yerləşən kafe və restoranların təmiri həyata keçirilir. Bu təmir işləri əsla tikinti mahiyyəti kəsb etmir. Sadəcə, qonaqlara yüksək səviyyəli xidmətin göstərilməsi məqsədi ilə  rekonstruksiya işləri aparılır, yüngül konstruksiyadan ibarət materiallarla terras genişləndirilir. Divara maneə törətməsin və ya divara müdaxilə olunmasın deyə beton platforma qala divarlarından aralı düzəldilib. Daşdan heç bir tikinti aparılmır və gələcəkdə də aparılması nəzərdə tutulmur. İçərişəhərə təşkil olunan media-tur zamanı kütləvi informasiya vasitələrinin əməkdaşlarının çəkdikləri  fotolar, videolar da bunu bir daha təsdiq etdi.

Erməni lobbisinin, anti-Azərbaycan dairələrin maşası olan antimilli ünsürlərin, dağıdıcı müxalifət partiyalarının “liderlər”inin və onların sosial şəbəkələrdəki muzdlu nökərlərinin ölkəmizin əleyhinə fəaliyyətləri insanda ikrah hissi yaradır. Əslində bu qarayaxma, böhtan üzərində qurulmuş kampaniyaların hansı məqsədə qulluq etdiyi hər kəsə məlumdur. Bu qüvvələr Azərbaycan dünyanın diqqət mərkəzində olduğu xüsusi məqamlarda fəallaşaraq, ölkəmizin əleyhinə böhtan, yalan tirajlasalar da, heç nəyə nail ola bilməyəcəklər. Əksinə, onların uydurma və şər-böhtanları, əbləh yalanları, ölkəmizin əleyhinə apardıqları qara piar kampaniyası, feykxəbərləri bumeranq effekti yaradaraq özlərinə ağır zərbələr vuracaq və tarix səhnəsindən silinmələrini daha sürətləndirəcək.