21 avqust 2019 20:49
1581

Əli Kərimli və onun kimi nankorların hərəkətləri şəhidlərimizə hörmətsizlikdən başqa bir şey deyil

“Hər zaman şəxsi maraqlarını milli maraqlardan üstün tutan dağıdıcı müxalifət nümayəndələri hər fürsətdə ölkəmizin uğurlarına kölgə salmağa çalışırlar. Onlar üçün Vətən, xalq anlayışları yox, pul, qrant anlayışları daha böyük önəm kəsb edir. Bu cür ünsürlərin başında duran Əli Kərimli status paylaşaraq hərbçilərin dəfn mərasimində müxalifətin iştirakının əngəlləndiyini bildirib və buna görə hakimiyyəti günahlandırıb. Sual oluna bilər, Əli Kərimlinin kütləvi tədbirlərdə iştirakı niyə arzu edilmir? Çünki Kərimli belə tədbirlərdə siyasi şou təşkil edir, baş verənləri siyasiləşdirməyə, bundan ictimai narazılıq formalaşdırmağa çalışır”. Bu sözləri YAP Qaradağ rayon təşkilatının fəal üzvü Əlizamin Məmmədov qeyd edib.

Onun sözlərinə görə, 2016-cı ilin aprel hadisələri zamanı xalqımız tarixi qələbəni qeyd etdiyi halda, Ə.Kərimli məsələnin mahiyyətini təhrif etməyə, Milli Ordumuza qarşı qara piar kampaniyası təşkil etməyə cəhd edirdi: “Bu hadisələr zamanı Ə.Kərimli müsahibələr verir, ordumuzun uğuruna kölgə salmağa çalışırdı. Dəfn, yas mərasimində iştirak edən şəxs belə cılız hərəkətlərə yol verirsə, onun orada olması arzuolunandırmı? Təbii ki, yox. Kərimlinin digər kütləvi tədbirlərə də münasibəti eynidir. Bu adam istənilən məsələnin mahiyyətini öz maraqlarına uyğun istiqamətləndirməyə çalışır, şəxsi ambisiyalarının qurbanına çevrildiyini bir daha göstərir”.

Əlizamin Məmmədov bildirib ki, Əli Kərimli və onun kimi nankorların hərəkətləri şəhidlərimizə, onların yaxınlarına hörmətsizlikdən başqa bir şey deyil: “Hansı şəxs əzizinin yas mərasimini siyasi şouya çevirmək istəyənləri bu mərasimdə görmək istəyər. Buna görə də mərasim sahibləri Kərimlini görmək istəmirlər. Ə.Kərimlinin dövlətə qarşı nifrəti elə yüksək səviyyəyə çatıb ki, artıq o, hisslərini idarə edə bilmir, öz hərəkətlərinin fərqində belə deyil. Zaman gələcək Kərimli və onun kimilər tarix, xalq qarşısında cavab verəcəklər. Ancaq bu ünsürləri nə xalq, nə də çörəyini yeyib, suyunu içdikləri torpaq bağışlayacaq…”