15 avqust 2020 17:12
1114

Əli Kərimlinin anti-Türkiyə ritorikası kimlərin sifarişidir?

YAP-ın Sosial media qrupunun rəhbəri Ramil Vəlibəyov AXCP sədri Əli Kərimlinin anti-Türkiyə ritorikasını ifşa edən status paylaşıb. Həmin statusu diqətinizə təqdim edirik:

- Radikal müxalifət düşərgəsində anti-Türkiyə ritorikası davam etməkdədir. İyul ayının 12-də baş verən hadisələrdən sonra Azərbaycana dəstəyini ifadə edən və təlimlər üçün ölkəmizə gələn Türkiyə ordusu Ermənistanda, onun havadarlarında olduğu kimi, AXCP-Milli Şura cütlüyündə də qıcıq, narahatlıq yaratmaqdadır. Bu səbəbdən də “Osmanqızı tv”, “Azərbaycan saatı”, “Azad söz” kimi youtube kanalları anti-Türkiyə əhvalı yaratmaq üçün nifaq təbliğatı aparırlar. Elə ötən gün AXCP sədri Əli Kərimlinin Qənimət Zahidə söylədiyi fikirlər də eyni ritorikanın davamı idi.

Əli Kərimli müsahibəsində deyir: “Azərbaycan cəmiyyəti belə bir yalnışa köklənməməlidir. Nədən ibarətdir bu yalnışlıq? Səthi fikirlər çox yayılır ki, Türk ordusu Qarabağı azad edəcək. Şok başlıqlar, şok müzakirələr. Bunlar qeyri-ciddi söhbətlərdir... Türkiyənin azdırmı problemləri? Biz gedib Türkiyənin problemlərinin həllində onun əvəzində iştirak edirikmi? Niyə bizdə arxayınlıq yaranmalıdır başqasının hesabına? Nə olsun ki, qardaşdır? O, ayrı dövlətdir. Bizdə atalar sözü də var bu barədə, mən onu xatırlatmaq istəmirəm. O qədər problemi var ki, Türkiyənin”.

Bu cümlələr bir daha onu göstərir ki, Əli Kərimli başda olmaqla radikal müxalifət ictimai fikirdə anti-Türkiyə əhvalı yaratmaq, Türkiyə ictimaiyyətində isə yalnış düşüncə formalaşdırmaq sifarişi alıb. Eyni zamanda Əli Kərimli Türkiyənin Qarabağ məsələsində Azərbaycana verdiyi dəstəyi xain düşüncəsilə ləkələməyə çalışır. Hətta, Türkiyənin problemlərinin həllində guya Azərbaycanın iştirak etmədiyini əsas gətirib öz aləmində qardaş ölkələr arasında nifaq salmağa cəhd edir. Xüsusilə də, onun “qardaş qarından irəlidir” atalar sözünü fikrində tutmaqla mətnaltı şəkildə Türkiyəni çox ağır şəkildə ittiham etməyə çalışır.

Bütün bunlar onu sübut edir ki, Əli Kərimli və radikal müxalifət Türkiyə ordusunun Azərbaycana gəlməsindən, ölkəmizə, xalqımıza dəstək verməsindən ermənilərdən artıq narahatlıq keçirirlər. Görünür, Əli Kərimli sosial şəbəkələrdə anti-Türkiyə təbliğatının aparılmasının da sifarişini alıb. Hər bir halda videoya baxan, qulaq asan hər bir kəs Əli Kərimlinin məqsədinin nədən ibarət olduğunu bir daha anlamış olacaq...