09 avqust 2019 20:22
114

Əli Kərimlinin fəaliyyətinin və iddialarının iki mənbəyi var: xarici  sifariş və şəxsi mənafe

Son vaxtlar sosial şəbəkələrdə antimilli çıxışları ilə meydan sulayan, 1991-1993-cü illərdə ölkəni təhlükəli böhrana sürükləyən və hakimiyyəti itirdikdən sonra radikal müxalifətçilik yolu tutmuş Əli Kərimli və yaxın ətrafı buraxdıqları səhvlərdən heç bir nəticə çıxarmır, əksinə antimilli və qeyri-konstruktiv fəaliyyətlərini davam etdirirlər. AXCP sədri  Əli Kərimli, əslində qorxaq, cəsarətsiz, pula həris, öz mənafeyini milli maraqlardan üstün tutan, mənsub olduğu komandanı belə öz siyasi iddiaları naminə istismar edən birisidir.

Ə.Kərimli ilə  eyni vaxtda tələbə təşkilatlarında, daha sonra isə AXCP-də təmsil olunmuş şəxslərin də qeyd etdikləri kimi, o, heç zaman Azərbaycan torpaqlarının müdafiəsində iştirak etməyib, ailə üzvləri də Azərbaycan Ordusu sıralarında xidmət etməyiblər. “Yurd”çu Ə.Kərimli komsomol katibi kimi vaxtilə özünümüdafiə dəstələrinə köməyə gedən tələbələrə baş çəkmək üçün rektor tərəfindən Laçına göndərilib. Lakin o, bu gün ictimai rəyi aldatmağa çalışır və bunu  Qarabağın müdafiəsində iştirakı kimi qələmə verir. Ə.Kərimlinin bu iddiaları onu tanıyanlar tərəfindən ikrahla qarşılanır.

Ə.Kərimlinin təmsil olunduğu hakimiyyətin ardıcıl səhvlərinin, naşılığının nəticəsi idi ki, 1990-cı illərin əvvəllərində Azərbaycan ciddi problemlərlə üz-üzə qalmışdı. Ölkə daxilində anarxiya və xaos, vətəndaş qarşıdurması, özbaşına silahlı dəstələrin hökmranlığı, iqtisadiyyatın talan olunması, Ermənistanın təcavüzünə və torpaqlarımızın işğalına baxmayaraq, ölkəmizə qarşı sanksiyaların tətbiq edilməsi məhz siyasətdən uzaq və mağara təfəkkürlü şəxslərin idarəçiliyinin acı nəticələri idi.

Əli Kərimli dövlət katibi postunu tutduqdan sonra Dağlıq Qarbağ münaqişəsi ilə bağlı vahid konsepsiyanın hazırlanması da daxil olmaqla xarici siyasət sahəsi ona həvalə olunmuşdu. Amma başı daha mühüm işlərə - məsələn, “Moskva” və “Naxçıvan” mehmanxanalarının satışının tənzimlənməsinə qarışan dövlət katibi öz fəaliyyəti ilə sübut etdi ki, onun şəxsi maraqları ən ümdə ümummilli problemimizdən də üstündür.

1999-cu ildə Qarabağla bağlı birləşmiş müxalifətin keçirəcəyi mitinq də Əli Kərimlinin ABŞ səfirliyindən böyük miqdarda pul almasından sonra ləğv edilmişdi. Əli Kərimli Brüsselə son səfəri zamanı iddia edib ki, Azərbaycanın indiki iqtidarının hakimiyyətdə qalması sülhə təhlükədir. Yalnız Ermənistanda və Azərbaycanda demokratik qüvvələrin hakimiyyətə gəlməsi problemin sülh yolu ilə həllini təmin edə bilər. Onun məntiqindən belə görünür ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanda yaşayan ermənilərin hüquqlarının pozulması nəticəsində başlayıb. Əli Kərimli hətta ən qatı erməni millətçilərinin demədiklərini də deyir, onlara öz iddialarını möhkəmləndirmək üçün əsas verir.

Əli Kərimlinin absurd iddialarının əksinə olaraq, təcrübə göstərir ki, Qərb Ermənistanı təkcə Paşinyan hakimiyyətə gələndən sonra yox, həmişə dəstəkləyib. Qeyd edilən 907-ci düzəliş də Ə.Kərimlinin mənsub olduğu hakimiyyətin dövründə Azərbaycana tətbiq olunub.

Ermənistanda “məxməri inqilab” başlayan zaman Əli Kərimli israrla Azərbaycan hakimiyyətini Qarabağda müharibəyə başlamamağa çağırırdı. Amma “KeşikçiDağ” məsələsində bizim hərbçiləri cəsarətsizlikdə ittiham etdi. Bu məntiqsizlik göstərir ki, Əli Kərimlinin fəaliyyətinin və iddialarının iki mənbəyi var: xarici  sifariş və şəxsi mənafe.

Ə.Kərimlinin Fransa, Polşa, Almaniya, Belçika, Britaniya və ABŞ-dakı 23 fonddan ən müxtəlif adlarla, layihələrlə aldığı, son 10 ildə ümumi həcmi 37 milyon dolları keçən pul alması dəfələrlə deyilib. AXCP sədri bütün bunları sıravi cəbhəçilərdən çox böyük məharətlə gizlədib. Ə.Kərimlinin oğlu Türkel Kərimli 2009-cu ildə “S.T.Edwards School”da oxumağa başlayandan sonra onun adına Britaniyanın “Barklays Bank PLC” bankında açılmış hesaba ilk ödəniş qismində “oturdulan” 30109 funt-sterlinqin mənbəyi də qaranlıqdır. AXCP sədrinin  baldızı Aytən Seyidovanın adına Bakıda açılmış bank hesabına yatırılmış 500 min avronun mənşəyi barədə Əli Kərimli inadla susur

Əli Kərimlinin bütün siyasi bioqrafiyası Azərbaycan dövləti və xalqı ilə düşmənçilik üzərində qurulub. O, şəxsi maraqlarını reallaşdırmaq üçün təmsil olunduğu hakimiyyətin laxladılmasından, ictimaiyyət arasında Elçibəyin gözdən salınmasından, onun ətrafının partiyadan uzaqlaşdırılmasından, gənclərin zombiləşdirilməsindən və digər bu kimi addımlardan çəkinməyib.

Yalvarışla beynəlxalq birlikdən Azərbaycana qarşı sərt mövqe istəyən, Ermənistanı “demokratik” adlandıran və beləliklə də onun cinayətlərinə bəraət qazandıran, sosial şəbəkələri hakimiyyətə qarşı mübarizə meydanına çevirməyə çalışan, ölkədə baş verən istənilən hadisəni təhrif edərək ictimai rəyi çaşdıran Əli Kərimli heç vaxt Azərbaycan dövlətinin və xalqının yanında olmayıb.

Zahid Rza, “İki sahil"