07 avqust 2020 17:32
812

Əli Kərimlinin növbəti fırıldağı da keçmədi

Tovuz hadisələri ilə bağlı Bakıda keçirilən 14 iyul həmrəylik nümayişi, xalqın monolit birliyinin təcəssümü olan möhtəşəm toplantı göstərdi ki, Azərbaycan xalqı işğalçı Ermənistana qarşı mübarizədə öz Prezidentinin arxasında müsəlləh əsgər kimi döyüşə hazırdır. Ancaq həmin nəhəng tədbirdə satqınların iqtidar-xalq birliyini pozmağa yönəlmiş hərəkətlərini də gördük. Bir ovuc təkəbbürlü insanın xalq yığıncağını ləkələmək, onu başqa səmtə yönəltmək niyyətlərinin şahidi olduq. Bu sarsılmaz birliyi gözü götürməyən AXCP sədri Əli Kərimlinin həmin günlərdə çıxardığı oyunlar, Milli Məclis üzərinə təşkil etdiyi hücum, binaya qəsdən vurulmuş ziyan və qızışdırıcı əməllər göz önündə idi. Onda hamını bir sual düşündürürdü: Bunlar niyə Qarabağdakı erməni işğalçılarının üzərinə deyil, ölkənin qanunverici orqanının binasına hücum edirlər? Dağlıq Qarabağ şüarı ilə on minlərlə soydaşımızı öz yolundan döndərib “istefa” qışqırmağa təhrik etmək  kimə lazım idi?

Əli Kərimli görəndə ki, onun riyakar əməli baş tutmur, onun çağırışlarına məhəl qoyan yoxdur, onda başladı ki, guya AXCP-çilər də döyüşən ordunun yanında olmağa hazırdırlar. Ancaq bu, timsahın göz yaşlarına bənzədi və rəzil siması bir daha göründü.

14 iyul hadisələrində ara qarışdıran bir neçə təhrikçi AXCP üzvü haqlı olaraq həbs olundu. Onlar konkret olaraq dövlət əleyhinə çağırışlar ediblər və Milli Məclisin binasına dəymiş ziyan üçün cinayət məsuliyyəti daşıyırlar. Dövlət əleyhinə çağırışlar və parlament binasına hücumdan məqsəd hakimiyyəti səhv addım atmağa təhrik etmək və sonra beynəlxalq arenada Azərbaycan hakimiyyətini demokratiyanı boğmaqda günahlandırmaq, dolayısı ilə Ermənistana haqq qazandırmaq və digər çirkin niyyətləri həyata keçirmək idi. Ancaq hakimiyyət son dərəcə təmkin göstərərək şantajçıların arzusunu ürəklərində qoydu. Həmin çağırışlarda və şəhər təsərrüfatına  ziyan vurulmasında xüsusi canfəşanlıq göstərən AXCP üzvü Fuad Qəhrəmanlı da həbs olunub. Həmin gündən Əli Kərimlinin “zurnaçılar dəstəsi” bir şivənlik salıb ki, gəl görəsən. İddia edirlər ki, guya qəhrəmanlıqdan uzaq olan Qəhrəmanlıya dəhşətli işgəncələr verilir, ondan “lazımi ifadələr” zorla alınır, daha nələr-nələr... Təbii ki, bütün bunlar ağ yalandır. Respublika Baş Prokurorluğunun  bəyanatında da vurğulanır ki, həbsdə olan AXCP üzvlərinin hüquq və azadlıqları qüvvədə olan qanunla qorunur. İş o yerə çatıb ki, Fuad Qəhrəmanlının vəkili ortaya çıxmalı olub və yayılan şayiələrə son qoyulub.

AXCP funksioneri Fuad Qəhrəmanlının vəkili Araz Həsənov müvəkkilinin səhhəti və son durumu barədə mətbuata geniş açıqlama verib.  Vəkil qeyd edib ki, Fuad Qəhrəmanlı ilə  görüşüb, söhbət edib, vəziyyətlə, istintaqın gedişi ilə tanış olub, səhhəti də normaldır. Ona işgəncə verilməsi iddiaları isə tamamilə yalandır. Bununla bərabər, vəkilin ətraflı açıqlaması videogörüntülərlə də yayılıb. Beləliklə, şivən qoparanlar sakitləşiblər, sanki qurbağanın gölünə daş atılıb.

Əli Kərimlinin “karlı pul qapazlamaq” arzusu ilə Avropadakı ağalarına ünvanladığı “Fuad Qəhrəmanlı nağılı” da da beləcə puça çıxıb.

Vəli İlyasov, “İki sahil”