06 fevral 2019 10:45
193

Əli Kərimlinin “onminlər”lə bağlı suya düşən xəyalları

AXCP sədri Əli Kərimlinin və onun inhisarında  olan “Milli Şura”nın “Məhsul” stadionunda keçirdikləri mitinqi qərəzli baxış bucağından “təhlil edərək qələbə” sayanların özləri belə dediklərinə inanmasalar da hay-küyləri bitmir. Hələ də mitinqlərdə “minlərlə adamın iştirakından” söz açaraq qürrələnməkdə davam edirlər. Əvvəllər olduğu kimi, yenə də başqa ölkələrdə yaranan gərginliklərin Azərbaycanda baş verməsi ümidi ilə yaşayaraq “ərəb baharı”,  “narıncı inqilab” qəflətindən  oyanmırlar.

Əli Kərimlinin “mühacir bazarı”nın zay məhsulu kimi xarici ölkələrə satılan Tural Sadıqlı, Vidadi İsgəndərli, Orduxan Bəbirov, Məhəmməd Mirzəli, Sevinc Osmanqızı kimiləri isə xalqın onlara etimadsızlığını ört-basdır etmək üçün bəhanələr gətirir, özlərinin “demokratlığını” təsdiqləmək üçün reallıqdan kənar açıqlamalar verirlər. Əgər belə etməsələr xarici ağalarının qrantlarından məhrum olacaqlar.

Azərbaycanın demokratik yolla dünya birliyinə inteqrasiya etdiyini ölkədə keçirilən siyasi kampaniyaları müşahidə edən beynəlxalq təşkilatların nümayəndələri dəfələrlə, rəsmi hesabatları ilə təsdiqləmişlər. Ölkəmizdə söz, mətbuat azadlığı üçün tolerant şərait yaradıldığı kimi vətəndaşların, mövqeyindən asılı olmayaraq bütün siyasi partiyaların istəklərini sərbəst ifadə etmələrinə heç bir məhdudiyyət qoyulmur. Əksinə, bu sahədə hüquqi baza təkmilləşib. Dəfələrlə təklif edilməsinə baxmayaraq Əli Kərimlinin əhatəsində olan radikal qüvvələrin qarşılıqlı dialoqdan boyun qaçırmaları da sübut edir ki, onların ölkənin dinamik inkişafı ilə müqayisədə gətirəcəkləri arqumentləri yoxdur. Çünki özləri də yaxşı bilirlər ki, siyasi, iqtisadi, hərbi cəhətdən inkişaf edən Azərbaycanda AXC-Müsavat iqtidarından miras qalan müşkül məsələlər, insanları narahat edən problemlər həll olunub. Əhalinin rifah halının yaxşılaşdırılması üçün aparılan sosial islahatların davam etdirildiyi, sabitlik məkanı adlandırılan respublikamızda insanlar iqtidarın ətrafında sıx birləşiblər. Buna görə də mitinqlərdə arzusunda olduqları qələbəlik yaratmaqda çətinlik çəkən radikallar  ənənələrinə müvafiq olaraq yaxınlarına mitinqlərdə iştirak etmək üçün xarici ölkələrdən ayrılan qrantlardan pay verməklə “Məhsul”a toplayırlar. Sonra da rəqəmləri artıraraq “onminlər”lə bağlı xəyallar qururlar. Lakin Əli Kərimlinin “onminlər” fiaskosunun boş vəd olduğunu təsdiqləmək üçün o qədər gözləmək lazım gəlmədi. Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət etmək üçün yenə də “minlərin” toplaşacağı barədəki siyahısındakı “cəmi” gerçəkləşdirə bilməyən Əli Kərimli çox az iştirakçının gəlişindən də pəjmürdə oldu.  

İllərdən bəri ana müxalifət adını qazanmaq üçün yan-yörəsini məkrli gedişləri ilə “təmizləyən”, bu məqsədlə düşərgə daxilindəki qovluq partiyalarını birləşdirməyə cəhd edən Əli Kərimli bu istəyinə də nail ola bilmir.

Çünki Müsavatla illərdən bəri davam edən qarşıdurmalar, başkan seçimlərində müsavatçılar arasında gərginliyi qızışdırmaq üçün hər cür xəyanətdən yararlanan Əli Kərimlinin mövqeyi “Real”ın başbiləni İlqar Məmmədovla da tərs mütənasibdir. Digər partiyaların sədrləri isə dəfələrlə etiraf ediblər ki, düşərgədə gərginlik yaradan, xüsusilə siyasi kampaniyalar zamanı təşkil edilən və qısa ömürlü olan birlik və blokların dağılmasının əsas səbəbkarı Əli Kərimli olub. SİDSUH, “Demokratik Konqres”, “Milli Müqavimət Hərəkatı”, “Demokratik Alyans”, DUBB, “Azadlıq” bloku”, “Məşvərət Məclisi”... məhz Əli Kərimlinin “bacarığı” ilə ömrünü “islahatçı sədr”ə bağışlayıb. “Kiçikləri” hesaba almasa da bəd ayaqda onlardan istifadə edən Əli Kərimlinin məkrli gedişlərini zamanla anlayan, üzvlərinin sayına görə o qədər gözdə olmayan partiyalar “islahatçı sədr”in mitinq şoularının personajları olmaq istəmirlər.  

“İslahatçı sədr”ə layiq olduğu qiyməti “Əli Kərimli şərəfsizdir” sözləri ilə bildirən Lalə Şövkət Hacıyeva kimi digər düşərgə mənsubları da “yurd şefi”nin mənfur xüsusiyyətlərindən dəfələrlə söhbət açmışlar. Əli Kərimlinin xəyanətlərindən vaxtında xəbərdar olan keçmiş tərəfdaşları Asim Mollazadə, Qulamhüseyn Əlibəyli, Əli Məsimli, Əliməmməd Nuriyev AXCP sıralarından istefa verməklə  “yurdçu sədr”ə etirazlarını bildirdilər.

Sabiq prezident Əbülfəz Elçibəyin qardaşı oğlu, “Vahid Millət, Dövlətçiliyə Dəstək” İctimai Birliyinin sədri Hürrü Əliyevin mətbuata verdiyi açıqlamasındakı “zəhərləmə olayından” belə xəcalət çəkməyən Əli Kərimli “ustadı” adlandırdığı Elçibəy əleyhinə təxribatlar törətməkdən çəkinməyərək onun otağına səsötürücü yerləşdirməklə gələcək planlarını hansı istiqamətdə həyata keçirəcəyini müəyyənləşdirmişdir. Yəni həyasızlığın pik nöqtəsində qərarlaşan Əli Kərimli üçün insanlıq, mənəvi dəyərlər çoxdan özü kimi arxivdə paslanıb.  Trolları vasitəsilə rəqiblərinə küfr yağdıran Əli Kərimli  “söz döyüşü cəbhəsində” də  “atəşkəsi” pozur, ona müxalif olanlar haqqında qeyri-etik ifadələr işlətməkdən belə çəkinmir.

Bu gün haqdan , ədalətdən, insanlıqdan danışan Əli Kərimli iqtidarda olduqları zaman həyata keçirdiyi “bivec” kadr islahatları ilə Azərbaycanı parçalanmaq, xəritədən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Heç bir dövlətçilik təcrübəsi olmayan, amma “bəçeşm” deməkdə mahirləri icra başçıları təyin edib, hərb elmindən bixəbərlərə rütbələr verən Əli Kərimlinin cəza metodundan biri də “ayağını cinayətkara yudurdub suyunu müqəssirə içirmək” olub.

Ölkəni vətəndaş müharibəsi həddinə çatdıran, Əlikram Hümbətov kimilərə dəstək verməklə separatçılığı genişləndirən Əli Kərimlinin “Məhsul”da söylədikləri yalanların məqsədi ölkədə separatizm meyillərini gücləndirmək, siyasi sabitliyi pozmaqdır. Çünki ağaları belə istəyir.

25 ildən artıq sadiq qaldığı qərəzçilik mövqeyini tərgitməyən,  “Maydan” hərəkatından aldığı “narıncı köynəkləri” yaxınlarına da geyindirən Əli Kərimlinin məqsədi hələ də sabitliyin yaranmadığı Ukrayna  “təcrübəsini” Azərbaycanda tətbiq etməkdir. Amma keçmiş ola, bəy! Azərbaycanda söz sahibi respublikamızın inkişafı naminə birlik və  həmrəyliklərini iqtidarın ətrafında birləşməklə bildirən milyonlardır, xalqdır. O xalq ki, istəsəniz də onların yanında ola bilmirsiniz. Xəyanətlərinizə görə sizi çoxdan sıralarından kənarlaşdıran, sözlərinizin populist vədlər olduğunu dərk edən xalq keçmişi unutmadığı kimi, gələcəyə də ölkəmizin bu gün dünyanı heyrətləndirən qüdrətinin, əzəmətinin gözü ilə baxır və irəliləyir. Geridə qalanlar isə sizlərsiniz.

Xuraman İsmayılqızı, “İki sahil”