30 yanvar 2019 10:28
437

Əli Kərimlinin qanunsuz əməlləri ifşa edildi

AXCP sədri Əli Kərimlinin müxtəlif xarici ölkələrdən pul toplaması barədə məlumatlar vaxtaşırı yayılırdı. Hər dəfə də o və tərəfdarları bu məlumatları “yalan” adlandırır və riyakarcasına inkar edirdilər. Lakin artıq onların riyakarlıqlarını gizlətmələri mümkün olmayacaq. Çünki yayılan məlumatlar sadəcə informasiya deyil, məhkəmə istintaqı ilə üzə çıxarılan konkret və inkarolunmaz faktlardır.

Belə ki, yanvarın 29-da bir qrup şəxsin Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən növbəti baxış iclasında şahidlərin səsləndirdiyi faktlar Ə.Kərimlinin pul əldə etmək üçün baş vurduğu rəzil vasitələri ifşa edib. Rüstəmov Saleh Məhərrəm oğlu, Rüstəmli Vidadi Valeh oğlu, Məhərrəmov Aqil Əli oğlu, Həsənov Babək Qəzənfər oğlu və Nəsirov Ruslan Şamil oğlunun Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirildiyi prosesdə Elçin Əsgərbəyli, Cavid Məsimli, Tural Mehdixanov və Cavanşir Abışov şahid qismində ifadə veriblər.

Cəmil Həsənli və Əli Kərimli ilə yanaşı, bir sıra KİV nümayəndələrinin, ABŞ və Rusiyanın ölkəmizdəki səfirliklərinin nümayəndələrinin iştirak etdikləri məhkəmə iclasında şahid Elçin Əsgərbəyli ifadəsində göstərib ki, 1992-ci ilin may ayından Rusiya vətəndaşlığını almışdır. Bu ölkənin Sankt-Peterburq şəhərində icarəyə götürdüyü mağazada işləyərək ailəsini dolandırmaqla məşğuldur. Onun sözlərinə görə, 2016-2017-ci illərdə tez-tez Sabirabad və ya Kürdəmir rayonundan olan Zaur adlı şəxs  mağazaya gəlirdi. Təxminən 2018-ci ilin əvvəllərində Zaur yanında sonradan tanıdığı AXCP-nin  üzvü Aqil Məhərrəmovla onu tanış edir. Aqil söhbət əsnasında AXCP-nin fəaliyyətindən, keçiriləcək mitinqlərdən danışır, partiya üzvü olan və olmayan bütün şəxslərdən maddi yardım topladıqlarından danışırdı: “Aqil söhbət zamanı deyirdi ki, ona verəcəyim pul maddi yardım kimi partiya üzvlərinin ailələrinə kömək məqsədilə istifadə ediləcək. Həmçinin qeyd olunan pul toplanmasını partiya sədri Əli Kərimlinin məlumatı əsasında icra etdiyini deyirdi”.

Daha sonra Aqil ona Rusiyada yaşayan bir neçə şəxsin onlara mütəmadi olaraq maddi yardım etdiyini və həmin pulları da qanunsuz yollarla Azərbaycana göndərdiyini deyir: “Deyirdi ki, Azərbaycana göndərilən pul vəsaitləri nəzarətdə olduğu üçün pulu onlar başqa yollarla Azərbaycana göndərirlər. Aqil bildirirdi ki, pul əsasən AXCP-nin mitinqlərində texniki vasitələrin alınmasına xərclənəcək və həmin pullar əsasən Əli Kərimliyə veriləcəkdir”.

E.Əsgərbəyli məhkəmədəki ifadəsində deyib ki, telefonunda olan proqram vasitəsilə özünün Rusiyanın “Sberbank” bankında olan hesabına daxil olaraq Aqilin verdiyi bank hesabına 15.000 rubl məbləğində pul köçürüb.

Bundan bir müddət sonra Rusiyada yaşayan azərbaycanlılardan əvvəllər Gədəbəy rayonunun icra başçısı işləmiş Saleh Rüstəmov adlı şəxsin Rusiyada yaşayan azərbaycanlılardan pul toplayıb AXCP və Əli Kərimliyə göndərməsi barədə xəbər tutub.  Elçin Əsgərbəyli bildirib ki, Aqil Məhərrəmova yalnız bir dəfə 15.000 rubl məbləğində pul verib və həmin pulu Adilə Məhərrəmovanın adına olan “Sberbank” hesabına göndərib. Bu pulu verməkdə isə məqsədi ehtiyacı olan ailələrə kömək etmək olmuşdur.

Digər şahid Cavid Məsimli  ifadəsində göstərib ki, atası  2005-ci ildən etibarən Moskva şəhərində işləyir, 2013-cü ildə atasının təklifi ilə işləmək üçün onun yanına getmiş və restoranda aşbaz işləmişdir.

“Facebook” sosial şəbəkəsindən istifadə etdiyindən “Aqil Əli Məhərrəm” adlı istifadəçi ilə dostlaşıb. Bir müddət sonra Aqil ondan 3000 rubl verməsini xahiş etmiş və o həmin pulun necə və hara xərclənəcəyini soruşmüşdur. Aqil isə ona bank hesabı kodunu göndərərək bildirib ki,  pul AXCP üçün lazımdır və pullar Əli Kərimliyə çatacaqdır: “2018-ci ilin may ayında 3000 rubl pulu Moskva şəhərində yerləşən “Sberbank” vasitəsi ilə Aqilin göndərdiyi bank koduna göndərdim”.

Bundan sonra bir müddət “Facebook” sosial şəbəkəsində xəbərləri izləyərkən Gədəbəy rayonunun əvvəllər icra başçısı işləmiş Saleh Rüstəmov adlı şəxsin Rusiyada yaşayan azərbaycanlılardan pul toplayıb AXCP və Əli Kərimliyə göndərməsi barədə xəbər tutub.

Şahid qismində ifadə verən Cavanşir Abışov ifadəsində bildirib ki, 2018-ci ilin iyununda Moskvada yerləşən “Skarabey”  bazarında işləyən  azərbaycanlılardan ona məlum olub ki,  Orxan Zeynalova köməklik adı ilə  verilmiş hesaba toplanan pullar əslində Azərbaycan Xalq Cəbhəsi Partiyasının Azərbaycan ərazisində mitinq və toplantılarının maliyyələşdirilməsi, partiya sədrinə maddi dəstək göstərilməsi məqsədilə toplanmışdır. O eşitmişdi ki, Rusiyada azərbaycanlılardan nağd və bank vasitəsilə bu məqsədlə pullar toplanmış və qanunsuz  yolla Azərbaycana göndərilmişdir.

Məhkəmədə üzə çıxan digər faktlar da göstərir ki, Əli Kərimli bir qrup insanı müxtəlif yollarla ələ alaraq onlardan sui-istifadə edib və onların vasitəsilə maddi vəsait əldə edib.

Məhkəmə prosesi bu gün davam etdiriləcəkdir.

Taleh Turqut, “İki sahil”