31 yanvar 2019 10:45
108

Əli Kərimlinin “sponsorlarının” Rusiyadan pulları necə göndərmələri üzə çıxır

Şəxsi ambisiyaları naminə hər şeyə hazır olduğunu dəfələrlə sübut edən Əli Kərimlinin bu dəfə də iç üzü faktlarla ifşa edilir. Özünü “əsas müxalifət lideri” hesab edən AXCP sədri bir qrup sadəlövh insanı da çirkin oyunlarına alət etməyə nail olub. Lakin onun bu oyunları zamanla üzə çıxır və planları alt-üst olur. Belə çirkin planlardan birinin üstü də hazırda davam edən məhkəmə prosesində açılıb.

Yanvarın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən növbəti baxış iclasında Rüstəmov Saleh Məhərrəm oğlu, Rüstəmli Vidadi Valeh oğlu, Məhərrəmov Aqil Əli oğlu, Həsənov Babək Qəzənfər oğlu və Nəsirov Ruslan Şamil oğlunun Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxılıb. Prosesdə Ceyhun Hüseynov, Rauf İsgəndərov, Heydər Əhmədov və Təzəxan Mirələmli şahid qismində dindiriliblər.

Məhkəmə iclasında Əli Kərimli və Rusiyanın ölkəmizdəki səfirliyinin nümayəndəsi, eləcə də KİV nümayəndələri iştirak ediblər.

İlk ifadə verən şahid Heydər Əhmədov məhkəmədə bildirib ki, 2016-cı ilin dekabr ayından yaşayış qaydalarını pozduğuna görə Rusiyadan Azərbaycana deport olunmuş, bundan sonra ailəsinin dolanışığı məqsədilə ABŞ dollarının banklardan kənar köçürülməsi işi ilə məşğul olmuşdur. ABŞ dollarının köçürülməsi üçün bacısının həyat yoldaşı Aslan Qəhrəmanovun ona Rusiyadan göndərdiyi təxminən 15.000-20.000 ABŞ dollarını gün ərzində Aslan tərəfindən ona adları “Votsap” vasitəsilə göndərilən şəxslərlə 5 №-li xəstəxananın qarşısında görüşərək onlara çatdırıb və etdiyi xidmətə görə aylıq 500 manat qazanc əldə edib.

H.Əhmədov ifadəsində, həmçinin qeyd edib ki, sonradan tanıdığı Vidadi Rüstəmlinin anket məlumatlarını da Aslan 2017-ci ilin may ayında “Votsap” vasitəsi ilə onun istifadə etdiyi mobil telefona göndərib. Həmin vaxt Aslan ona mesaj yazaraq Vidadiyə 37 min ABŞ dollarına yaxın pul verməyini bildirib. Aslanla telefon yazışmalarından sonra həmin günün səhəri Vidadi Rüstəmli ilə 5 №-li xəstəxənanın qarşısında görüşərək 37 min ABŞ dollarına yaxın pulu ona verib. Bundan sonra Vidadi Rüstəmli onunla “Votsap” vasitəsilə əlaqə saxlamış, ötən ilin aprel ayına qədər olan müddət ərzində ayda bir dəfə olmaqla onun adına Rusiyadan göndərilmiş 5.000 ABŞ dollar pulu həmişə olduğu kimi, 5 №-li xəstəxananın qarşısından gəlib götürmüşdür.

Ceyhun Hüseynov məhkəmədəki şahid ifadəsində göstərib ki, təxminən 3 ilə yaxın müddətdir ki, Rusiya vətəndaşı olan və Moskvada yaşayan Salman adlı şəxsin müxtəlif insanlar vasitəsilə Rusiyadan Bakıya göndərdiyi pul vəsaitini qəbul edir, daha sonra Salmanın tapşırığına əsasən dediyi şəxslərə çatdırır. Buna görə də Salman hər ay ona 500 ABŞ dolları pul verir: “Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Vidadi Rüstəmli də Salmanın göndərdiyi pullardan bir ildən artıq müddət ərzində hər ay mütəmadi olaraq gəlib hər dəfə 4.000-5.000 ABŞ dolları pul götürüb”. C.Hüseynov vurğulayıb ki, hətta bir dəfə Vidadi ondan 50.000 ABŞ dolları məbləğində pul götürüb.

Rauf İskəndərovun ifadəsindən məlum olub ki, o, bank əməliyyatı olmadan ABŞ dollarının köçürülməsi işi ilə məşğul olur. R.İsgəndərov həmin işi hazırda Moskva şəhərində yaşayan atası Sahibin vasitəsilə qurduğunu qeyd edərək qanunsuz qaydada köçürmə yolu ilə pul verdiyi şəxslərdən birinin də Vidadi Rüstəmli olduğunu qeyd edib. R.İskəndərov istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirib ki, təxminən 2016-cı ilin əvvəllərindən 2017-ci ilin sonlarınadək AXCP üzvü Vidadi Rüstəmliyə hər dəfə müxtəlif məbləğlərdə pullar vermişdir: “Vidadiyə demək olar ki, 2016-cı ilin mart ayından etibarən Gədəbəy rayonunda ayda bir dəfə, bəzən isə ayda iki dəfə olmaqla müxtəlif məbləğlərdə pullar vermişəm. Verdiyim ən az məbləğ 300-400 ABŞ dolları, ən çox isə 3.000 ABŞ dolları olub”.

AXCP-nin nəzarət-təftiş komissiyasının üzvü olan Təzəxan Mirələmli ifadəsində göstərib ki, Polşada yaşayan Elturan Rüstəmli onun “Facebook” səhifəsinə yazaraq Əli Kərimlinin çıxışlarının nəyə görə keyfiyyətsiz olduğunu soruşmuş, ona demişdir ki, ola bilsin ki, kameralar köhnədir. Bundan sonra Elturan ondan xahiş edib ki, bir nəfər tanışı vasitəsilə vebkamera və mikrofon göndərəcəkdir, həmin şəxslə görüşüb, əşyaları ondan götürüb Əli Kərimliyə vermək lazımdır. Təzəxan Mirələmli 2018-ci ilin mart ayında Elturanla əvvəldən vaxtını təyin etdikləri kimi, Vidadi ilə “Gənclik” metrostansiyasının yanında görüşüb və vebkamera ilə mikrofonu ondan götürərək Əli Kərimliyə çatdırıb.

Məhkəmə iclasında təqsirləndirilən şəxs Vidadi Rüstəmli Heydər Əhmədovdan 37 min ABŞ dolları, Ceyhun Hüseynovdan isə 50 min ABŞ dolları məbləğində pulları aldığını etiraf edib.

Proses fevralın 1-də davam etdiriləcək.

Taleh Turqut, “İki sahil”