KÖŞƏ

Zahid Rza

Əli Kərimlinin məqsədi mitinq yox, ölkədəki sabitliyi pozmaqdır

18 oktyabr 2019 19:23
2004

AXCP sədri Əli Kərimlinin, “Milli Şura”nın sədri Cəmil Həsənlinin və onların yanında yer alanların son vaxtlar sosial şəbəkələrdəki çıxışları, qanunsuz aksiyalara çağırışları, keçirilən  aksiyalar zamanı baş verənlər, səsləndirdikləri aqressiv, radikal  şüarlar bir daha təsdiq etdi ki, dağıdıcı müxalifət düşərgəsinin təmsilçilərinin əsas məqsədi mitinqlər, dinc toplantılar deyil, ölkədə qarşıdurma, iğtişaş, xaos və anarxiya yaratmaqdır. Bu məqsədlə Ə.Kərimli vaxtilə müxtəlif cinayətlər törətmiş və bu gün Qərbin bəzi ölkələrinə sığınaraq müxtəlif xüsusi xidmət orqanlarının, erməni lobbisinin təsiri altında olan mərkəzlərin alətinə çevrilmiş  mühacir söyüş  müxalifətinin internet TV-lərindən və özünün trollarından istifadə edərək demək olar ki, hər gün icazəsiz aksiylara çağırışlar edir. Oktyabrın 8-də Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında, eləcə də paytaxtın müxtəlif küçələrində məlum ailə hadisələrinə görə AXCP sədrinin müavini postundan istefa vermiş Fuad Qəhrəmanlının rəhbərliyi ilə bir qrupun törətdiyi qanunsuz əməllər məhz Ə.Kərimlinin xaricdəki ağalarının sifarişlərinin nəticəsi idi.

“Milli Şura” bir neçə gün bundan əvvəl mitinq keçirmək üçün BŞİH-yə müraciəti müsbət cavablandırılmış və  mitinq üçün Lökbatan qəsəbəsində yer ayrılmışdı. Ancaq “Milli Şura”çılar mitinq üçün ayrılan yerin uzaqlığını bəhanə gətirərək bundan imtina etmişdilər. Məsələ burasındadır ki, antiazərbaycan qüvvələrin sifarişlərini alınan qrantların qarşılığında yerinə yetirən, həmin dairələr tərəfindən idarə olunan dağıdıcı müxalifətin “başbilənləri” mitinq keçirmək üçün şəhərin mərkəzi yerlərini tələb etməklə, əslində öz çirkin niyyətlərini həyata keçirməyə çalışırlar. Başda Ə.Kərimli olmaqla bu qaraguruhçuların əsas məqsədi sərbəst toplaşmaq azadlığından sui-istifadə edərək paytaxtda qarışıqlıq yaratmaq və insanların, vətəndaşların istirahət, yaşam hüquqlarını pozmaq və bununla da öz çirkin məqsədlərini reallaşdırmaqdır.

Bu baxımdan AXCP və “Milli Şura”nın oktyabrın 19-da “28 May” metro stansiyasının önündəki meydanda icazəsiz aksiya keçirmək cəhdi ilə bağlı DİN və Baş Prokurorluğun yaydıqları birgə bəyanat xüsusi maraq kəsb edir. Orada göstərilir ki, qanunsuz kütləvi aksiyaya çağırış edən AXCP rəhbərliyi, həmin aksiyanın təşkilatçıları və iştirakçıları tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin təklif etdiyi yerdən kənar ictimai qaydanı pozmaqla və hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamaqla ifadə olunan, əhalinin rahatlığını, müəssisə, idarə və təşkilatların normal fəaliyyətini və nəqliyyatın işini pozan qanunsuz hərəkətlərə yol veriləcəyi təqdirdə bütün məsuliyyət onların üzərinə düşəcək. Bu səbəbdən də həmin şəxslərə bir daha xəbərdarlıq edilir ki, hüquq mühafizə orqanları tərəfindən qanunsuz əməllərin qarşısı qətiyyətlə alınacaq və qanunun tələblərini pozan şəxslər barəsində cinayət məsuliyyəti də daxil olmaqla qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi tədbirlər görüləcək.

Şübhəsiz, AXCP sədri Ə.Kərimlinin və onun marginallaşmış dəstəsinin bu qanunazidd əməlləri, icazəsiz aksiyalara çağırışları, respublikamızdakı əmin-amanlığı, ictimai-siyasi sabitliyi pozmaq cəhdləri cəmiyyətimiz tərəfindən hiddətlə qarşılanır. İctimaiyyət nümayəndələri birmənalı olaraq bildirirlər ki, bu gün respublikamızda tam sabitlik hökm sürür, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi, məşğulluğunun artırılması, aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndiriməsi istiqamətində qətiyyətli addımlar atılır, irimiqyaslı sosial layihələr uğurla icra olunur. Azərbaycanın beynəlxalq müstəvidə nüfuzu gündən-günə artır. Bütün bunlar erməni lobbisini və antiazərbaycan qüvvələri narahat edir. Bu qüvvələr öz çirkin məqsədlərinə nail olmaq üçün, ölkəmizə qarşı xəbis niyyətlərini həyata keçirmək üçün öz şəxsi maraqları naminə bütün milli maraq və mənafelərimizi ayaqlar altına atan “sapı özümüzdən olan baltalar”dan alət kimi istifadə edirlər. Ancaq istər antiazərbaycan dairələr, istərsə də onların ölkəmizdəki əlaltıları nə qədər çalışsalar da öz çirkin məqsədlərinə nail ola bilməyəcəklər. Bu mənfur qüvvələr möhkəm təməllərə dayanan xalıq-iqtidar birliyinin sayəsində gec-tez məğlub olaraq tarix səhnəsindən silinəcəklər.