08 aprel 2020 13:54
1673

Əliqismət Lalayev: Tezliklə aktyorlar səhnəyə qovuşacaqlar

Dünyanı cənginə alan koronavirus pandemiyasının respublikamızın ərazisində yayılmasının qarşısının alınması istiqamətində hər kəs dövlətlə həmrəy olmalı, həyata keçirilən karantin qaydalarına ciddi əməl etməlidir. Əhalinin sağlamlığının qorunması üçün ölkəmizdə dövlət tərəfindən atılan addımlar təqdirəlayiqdir. Ümid edirəm ki, tezliklə aktyorlar səhnəyə, tamaşaçılar isə öz sevimli teatrlarına qovuşacaqlar.

Bu sözləri AZƏRTAC-a Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev deyib.

Teatrın direktoru bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımıza dəfələrlə müraciət etməsi, onların sağlamlığının qeydinə qalması, dövlətimiz tərəfindən bu məsələlərə çox ciddi yanaşıldığını göstərir.

“Bu bəladan xilas olmağın tək yolu səfərbər şəkildə dövlətin qəbul etdiyi qərarlara əməl etməkdir. Məlum xəstəlik səbəbindən dünyada baş verən dəhşətli və qorxunc mənzərənin, rəqəmlərin şahidi oluruq. Bizdə də bu qərarlar vaxtında verilməsəydi, hadisələrin inkişafı hamımızı sarsıda bilərdi.

Akademik Musiqili Teatrının aktyor heyəti də “Evdə qal, sağlam qal” təşəbbüsünə qoşulub. Bizi birləşdirən dəyər – “Mədəniyyət” kanalı istər mədəniyyət, istərsə də təhsil sahəsində telelayihələr həyata keçirib və hər zaman olduğu kimi, bu dəfə də Akademik Musiqili Teatrın yaradıcı heyətinə əlverişli şərait yaradır. Aprelin 6-dan başlayaraq kanal və teatrın birgə layihəsi - dahi bəstəkar Üzeyir Hacıbəylinin əziz xatirəsinə həsr olunmuş telehəftə artıq başlanıb və ayın 12-dək davam edəcək. Akademik Musiqili Teatr "Evdə qal!" kompaniyası çərçivəsində dünyanın müxtəlif ölkələrinin sənət adamları ilə yeni layihəyə imza atıb. Teatrın simfonik orkestrinin solisti, beynəlxalq müsabiqələr laureatı, istedadlı pianoçu Firuzə Nəcəflinin təşəbbüsü ilə ayrı-ayrı ölkələrdə yaşayan türk və ispan musiqiçiləri virtual şəkildə bir araya gələrək maraqlı bir musiqi nömrəsi təqdim ediblər. Onlar dünyanın bu təhlükəli pandemiya ilə üz-üzə qaldığı bir vaxtda həmrəy olduqlarını, hər kəsə "evdə qalsaq da, ideya və arzularımızdan qalmırıq!" ismarışını verməyə çalışıblar”, deyə Əliqismət Lalayev vurğulayıb.

O, eyni zamanda, vətəndaşlara Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi diqqət etməyi məsləhət görüb. Teatrın direktoru koronavirus təhlükəsinin yayılmasının qarşısını almaq üçün evdə oturan insanlara kitab oxumağı, musiqi dinləməyi, tamaşalara baxmağı tövsiyə edib: Bütün bu qayda-qanunların hamısı əhalinin sağlamlığının təhlükəsizliyinin qorunması naminə həyata keçirilir və qaydalara riayət etmək hər birimizin vətəndaşlıq borcumuzdur. Bilirəm, işləyən şəxslər üçün evdə oturmaq çətindir. Özümüzü və doğmalarımızı bu bəladan qorumaq üçün nicat yolu budur”.

Sənət ocağının rəhbəri əlavə edib ki, teatrın yaradıcı heyəti Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalı tərəfindən birgə həyata keçirilən “Bizi birləşdirən mədəniyyət” layihəsinə dəstək nümayiş etdirərək boş vaxtlarını səmərəli keçirməyə, teatrın 110-cu mövsümündə hazırlanan tamaşaların ev şəraitində məşqlərinin davam etdirilməsinə çalışırlar. Bu gərgin günlərdə onlar ruhdan düşmür, əksinə, yeni layihələr həyata keçirirlər. Həmçinin virtual olaraq müxtəlif tamaşalar ictimaiyyətə təqdim olunur: “Hamını, xüsusilə də teatrımızın yaradıcı kollektivini karantin günlərində vaxtlarını səmərəli keçirməyə çağırıram. Teatr hər zaman yeni-yeni layihələri ilə diqqət mərkəzində olub. Bu qısa müddətdə "Evdə qalsaq da, işlərimizdən qalmırıq" ismarıcı ilə bir çox layihələr hazırlayıb və onları təqdim etmişik. Ev şəraitində işləri idarə etmək çətin olsa da bunu edirik. İnanıram ki, çox tezliklə bu bəladan ölkəmiz hifz olacaq. Biz birlikdə güclüyük”.