09 avqust 2019 11:05
238

Elm cəngavərlərinin sığınacağı

“Elmsiz cəmiyyət təsəvvür etmək mümkün deyil. Bilindiyi kimi, elm təbiət, cəmiyyət və insan təfəkkürü haqqında obyektiv, sistemli və əsaslandırılmış biliklərin əldə edilməsinə, dəqiqləşdirilməsinə və yayılmasına yönəlmiş insan fəaliyyət növüdür. Bu fəaliyyətin əsasını elmi faktların toplanması, onların daima yenilənməsi və sistemləşdirilməsi, tənqidi analizi və bu əsasda elmi biliklərin toplanması təşkil edir”.

Naxçıvan Muxtar Respublikasında da bu ali yolda irəliləyən, elmin ziyası altında toplaşan insanlar vardır. Mən özümün də əməkdaşı olduğum, hər gün orada görülən işlərin bir parçasına çevrilib Azərbaycan elminin inkişafında xidmət göstərdiyim və bundan qürur duyduğum Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi barəsində danışmaq istəyirəm. Adından da göründüyü kimi, Azərbaycanın ayrılmaz cənnət guşələrindən biri olan Naxçıvanın qoynunda yerləşən bu elm ocağı öz nəzdində bir çox institut və təşkilatları birləşdirir. Qızğın elmi fəaliyyətin həyata keçirildiyi bu institutlarda yaşlı nəsillə çiyin-çiyinə gənc alimlər, mütəxəssislər də fəaliyyət göstərirlər. İlk baxışdan səssiz görünən, sanki uzun bir uyqudaymış təsiri bağışlayan bu elm ocağı qoynunda bir çox elmləri mühafizə edir. Ədəbiyyatşünaslar, tarixçilər, dilçilər, kimyaçılar, bioloqlar, astro-fiziklər, rəssamlar, memarlar, musiqişünaslar bütün günlərini, ömürlərini aid olduqları elmi istiqamətin inkişafına dair nəzəriyyələrə, yeniliklərə həsr edirlər. Xatırlayıram ki, mən orada işə başladığım zaman çox gənc idim. Ancaq öz sahəmlə bağlı bir çox tədqiqatlar aparmaq istəyirdim. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində bu hədəfimə gedən yolda mənə stimul olacaq çox şeyin mövcud olduğunu gördüm. Rahat, sakit iş şəraiti, son model texnologiya ilə təchiz olunmuş otaqlar, zəngin kitabxana, daima bizə yol göstərən idarəçi...

Doğrudan da illər keçməsinə baxmayaraq, fəaliyyətimə nəzər saldıqda dərk edirəm ki, bunda çox çalışmağımla birgə, həm də işlədiyim qurumda elmə, biliyə, gənclərə göstərilən böyük qayğının rolu var. Gənclərə böyük qayğı ilə yanaşan ağsaqqal alimlərimizin təcrübəsi, uzaqgörənliyi ilə bu günlərə addımlayan bir çox gənc kimi mən muxtar respublikanın bir çox cəhətdən inkişafına stimul verəcək, Azərbaycan elmini dünyaya inteqrasiya edəcək bir çox tədqiqatçının yetişdiyini görürəm.

 Ölkəmizdə ictimai-siyasi həyatın, iqtisadiyyatın, maddi və mənəvi mədəniyyətin, texnologiyanın bütün istiqamətlərində nəhəng quruculuq işləri gedir. Milli özünüdərk və özünütəsdiq istiqamətində gedən bu böyük proses elm və təhsil sahələrindən də yan keçməmişdir. Xüsusilə bu inkişafın trayektoriyasında və daim qabaqcıl müvəffəqiyyətlərin məkanı olan Naxçıvan elm sahəsində də bir çox yeniliklərə imza atmışdır.

Qeyd edim ki, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ümummilli liderimiz Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli “Azərbaycan MEA Naxçıvan Bölməsinin təsis edilməsi haqqında” Sərəncamına müvafiq olaraq yaradılmışdır.

Ali amal uğrunda birləşən bir çox alimin və mütəxəssisin fəaliyyət göstərdiyi Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi bu gün öz fəaliyyətinin parlaq zirvəsini yaşayır.

“2018-ci illərdə muxtar respublika tədqiqatçılarının 292 monoqrafiyası, 859 kitabı, 394 dərslik, dərs və tədris vəsaiti, 25 minə yaxın məqalə və tezisi nəşr edilmiş, 70-dən çox patent alınmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin təsis etdiyi “Naxçıvan”, AMEA Naxçıvan Bölməsinin “Xəbərlər” və “Axtarışlar” jurnalları, Naxçıvan Dövlət Universitetinin və “Naxçıvan” Universitetinin “Elmi əsərlər”i, Naxçıvan Müəllimlər İnstitutunun “Xəbərlər” jurnalı həm beynəlxalq kod almış, həm də Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qəbul etdiyi dövri nəşrlər siyahısına daxil edilmişdir”.

2019-cu ildə alimlərimizin uğurlu tədqiqatları, fundamental elmi nəşrlərlə davam edir.

“Ölkədə elmin regional inkişafının bu mühüm istiqamətinin ilk növbədə blokada şəraitində olan Naxçıvanda həyata keçirilməsinin həm də dövlətçiliyimizin, ərazi bütövlüyümüzün möhkəmləndirilməsi baxımından da müstəsna əhəmiyyəti vardır”- deyən görkəmli elm adamı, akademik İsmayıl Hacıyev Naxçıvanda elmin inkişafı ilə bağlı əhəmiyyətli tədbirlər, layihələr və təkliflərin həyata keçirilməsi ilə bağlı olaraq, xüsusilə də, gənc alimlərin yetişməsi, inkişafı ilə əlaqədar əhəmiyyətli işlər görməkdədir.

Muxtar respublikada son illərdə təhsilin davamlı inkişafını təmin edən sərəncamların imzalanması, güclü təhsil infrastrukturunun, maddi-texniki bazanın yaradılması yüksəkixtisaslı kadr hazırlığı işinin yeni müstəvidə aparılması, elmin istehsalata tətbiqi, yeni staruplara start verilməsi kimi əhəmiyyətli innovativ tədbirlər silsiləsi  Naxçıvanımızda elmin inkişafına münbit və güclü şərait yaradır.

Bölmədə AMEA-nın həqiqi üzvləri, müxbir üzvləri, elmlər doktorları, fəlsəfə doktorları, doktorantlar, dissertantlar və elmi işçilər elmi fəaliyyətlə məşğuldur.. Bölmə nəzdində müvafiq ixtisaslar üzrə müdafiə şurası fəaliyyət göstərir. Şuranın fəaliyyəti dövründə həm Muxtar Respublikada yaşayan, həm də Azərbaycanın müxtəlif regionlarından çox sayda dissertant tarix, arxeologiya və iqtisadiyyat elmləri üzrə dissertasiyalar müdafiə etmişdir.

Bölmədə fəaliyyət göstərən Gənc Alim və Mütəxəssislər Şurası bir çox uğurlara imza atmışdır,  elmin inkişafında bir çox əhəmiyyətli istiqamətlərdə layihələr həyata keçirilmişdir.

Xüsusilə bu gün Azərbaycanda elmin inkişafı ilə bağlı qarşımızda duran ən mühüm vəzifələr optimal təşkilati formaların tapılması, prioritet elmi-texniki istiqamətlərin müəyyənləşdirilməsi və məqsədyönlü islahat işlərinin aparılmasıdır. Bununla yanaşı yerli elmi tədqiqatların dünya elminə inteqrasiyası, elmin rentabelliyi, effektivliyi, habelə elmin maliyyələşdirilməsinin daha səmərəli formalarından istifadə olunmasıdır.  Elmin effektivliyi və elmi nəşrlərin əhəmiyyətinin artırılması, beynəlxalq arenaya inteqrasiya kimi məsələlər xüsusilə gənc tədqiqatçıları düşündürməlidir.

Naxçıvan Muxtar Respublikasında elmə göstərilən qayğı elmi inkişaf etdirməklə bərabər, beynəlxalq əhəmiyyətə və xüsusi geostrateji imicə malik olan Naxçıvan Muxtar Respublikasının hərtərəfli öyrənilməsinə də geniş imkanlar açmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov elmin inkişafının əhəmiyyətindən danışaraq demişdir: “Elmi tədqiqatlar o vaxt ideyadan əməli işə keçir ki, onun reallaşmasına şərait yaradılsın. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında elm infrastrukturu tamamilə yenidən qurulub. Azərbaycan elmi qabaqcıl dünya təcrübəsi əsas götürülərək inkişaf etdirilir. Naxçıvan Muxtar Respublikasında da elmin iqtisadiyyata tətbiqi dayanıqlı inkişafın əsas şərtidir. Artıq muxtar respublikada həyata keçirilən iqtisadi islahatlar ciddi elmi-nəzəri əsaslara söykənir”.

Bu gün, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində bütün bu tələblərə cavab verəcək elmi fəaliyyətlər həyata keçirilir, güclü elmi potensiala malik kadrlar yetişdirilir.

Nərgiz İsmayılova,

AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru