09 oktyabr 2019 11:38
97

Elman Abdullayev PAP-ın iclasında iştirak edib - FOTO

Pan-Afrika Parlamentinin (PAP) Prezidenti Rocer Nkodo Danqın dəvəti əsasında ölkəmizin Afrika İttifaqı yanındakı Daimi nümayəndəsi, səfir Elman Abdullayev Pan-Afrika Parlamentinin üçüncü sessiyasında iştirak etmək məqsədilə Cənubi Afrika Respublikasının Midrand şəhərinə səfər edib.

“İki sahil” xəbər verir ki, ölkəmizin Efiopiyadakı Səfirliyinib yaydığı məlumata görə, səfər çərçivəsində səfir Elman Abdullayev PAP-ın prezidenti, eləcə də bir sıra afrikalı millət vəkilləri ilə görüşlər keçirib.

Eyni zamanda, səfir E.Abdullayev PAP-ın üçüncü sessiyası çərçivəsində afrikalı parlamentarilər qarşısında çıxış edib.

Çıxış zamanı səfir E.Abdullayev səfərə görə PAP-ın prezidentinə təşəkkürünü bildirib, Azərbaycan-Afrika münasibətləri barədə PAP üzvlərinə və tədbirdə iştirak edən afrikalı parlamentarilərə ətraflı məlumat verib. Bununla yanaşı, Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına (QH) sədrlik edəcəyini qeyd edən səfir E.Abdullayev ölkəmizin qarşıdan gələn sədrliyinin prioritetləri və 2019-cu ilin 25-26 oktyabr tarixlərində Bakı şəhərində keçiriləcək QH-nin XVIII Zirvə Görüşü ilə bağlı məlumat verib. Habelə, səfir E.Abdullayev Afrikanın QH-nin yaradılmasında, eləcə də QH-nin Afrika ölkələrinin müstəqilliyinin möhkəmləndirilməsində xüsusi rol oynadığını bildirərək, sədrliyimiz çərçivəsində Afrika ilə münasibətlərimizin daima sıx şəkildə aparılacağını bildirib.